02:26 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Rita Rzaquliyeva

Gəmi kapitanının qadın köməkçisi: “Bəzən ciddi vahimə keçirirəm...”

© Sputnik / Tarana Khudabakshiyeva
CƏMİYYƏT
Qısa URL
167510

Rita Rzaquliyeva: “Əsas odur ki, işə gələndə sevinə-sevinə gələsən”

Təranə Xudabaxşıyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Demək olar ki, bir çox sahədə çalışan qadınlarla həmsöhbət olmuşam. Onların arasında ən çətin idman növü ilə məşğul olanlar da olub. Ancaq ilk dəfə idi ki, gəmiçi qadınla qarşılaşırdım. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xanım jurnalistlər üçün təşkil etdiyi turda tanış oldum onunla. Fürsəti əldən verməyib, bir neçə sualıma da cavab aldım.

Gəmi kapitanının baş köməkçisi Rita Rzaquliyeva ilə müsahibəni Sputnik Azərbaycan-ın oxucularına təqdim edirik:

- Gəmi və xanım... Bir qədər qəribə gəlir insana. Niyə məhz gəmidə işləmək qərarına gəldiniz?

- Övladımı böyütmək üçün mütləq işləməliydim. Bu sənəti də çox sevirdim. Elə məhz bu sevgim məni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə gətirdi. Əvvəlcə ən xırda işdən başladım, xadimə oldum. Bir müddət keçəndən sonra isə pillə-pillə irəliləməyə başladım. Ofis daxili kuryer işlədim, daha sonra yazı-pozu işləri görməyə başladım. İşim dənizçilərin sənədlərini hazırlamaq idi. Hər dəfə dənizçilərimizin formalarını görəndə çox sevinirdim. Daha sonra qərar verdim ki, mən də gəmiçi olmalıyam. Balıqçılıq Texnikumunu bitirmişəm. Sənədlərimi hazırlayıb işə qəbul üçün müraciət etdim. İşə qəbul edildim. 6 ildir kapitan köməkçisi işləyirəm. Həmçinin Həştərxanda ali təhsil alıram. Sənətimlə bağlı təhsilimi davam etdirirəm. Gələn il bitirəcəyəm.

Rita Rzaquliyeva
© Sputnik / Tarana Khudabakshiyeva
Rita Rzaquliyeva

- Hansı gəmiləri idarə edirsiniz?

- Demək olar, bütün gəmiləri. Amma əsas işim yedək gəmisindədir. Biz gəmilərə kömək edirik. Gəmilərimiz özlərindən böyük gəmiləri çəkir. Bəzən çəkdiyimiz gəminin üzərimizə gəldiyini görüb vahimə keçiririk.

- Bu iş qadın üçün çətin deyil?

- İşdən qorxmursansa, işləyə bilərsən. Ən əsası işi sevməkdir. İlk günlər səhhətim öyrəşmədiyi üçün mənə çətin olurdu. Daha sonra isə orqanizmim öyrəşdi, indi heç bir problem olmur. Əsas gəmiyə öyrəşənə kimidir, gəmi də sənə öyrəşməlidir. Əsas odur ki, işə gələndə sevinə-sevinə gələsən.

- Bu işə başlayanda daha çox nədən qorxurdunuz?

- Küləkdən. Hava bərk küləkli olanda gəmini çox oynadır deyə sükan arxasında həyəcan keçirirsən. Amma vaxt keçdikcə bu, adi hala çevrilir, gəmiçi də küləyə öyrəşir.

Rita Rzaquliyeva
© Sputnik / Tarana Khudabakshiyeva
Rita Rzaquliyeva

- İş rejiminiz necədir?

- Bir ay işdə oluram, bir ay evdə. Oğlum həmişə deyir ki, “mənim həm anamsan, həm atam, istəmirəm məndən uzaq olasan, amma işin budursa, dözməliyəm”. İş yoldaşlarımın əksəriyyəti kişidir. Etiraf edim ki, gəmiçilərin kollektivi əla olur. Belə ki, bir-birimizə dayaq oluruq. Bir ailə kimi olmuşuq  burada.

- Dənizçi olmaq üçün qadında hansı xüsusiyyət olmalıdır?

- Qadın özünə güvənməlidir. Əks halda çətin olacaq. İnam olmasa, anında düzgün qərar vermək mümkün olmaz.

- Gəmi sürəndə nə qədər diqqətli olmaq lazımdır?

-  Yollarda xüsusi buylar var. Həmin buylar sürəti, dənizin dayazlığını, sağ və ya solla getməyi göstərir. Bu qaydalardan yan keçmək mümkün deyil. Buna görə də çox diqqətli olmaq lazımdır.

- Qızlara bu sahəyə gəlməyi məsləhət görürsünüz?

- Əlbəttə. Onlara ürək-dirək verirəm ki, bu peşəyə gəlsinlər. Mən gəmidə hamı kimi forma geyinirəm, dəbilqədə, çəkmədə gəzirəm. Ancaq səliqə-sahmandan qalmıram, özümə diqqət ayırıram. İşdən sonra isə sərbəst geyimdə oluram. Gəmiçiliyi seçən hər bir xanım da baxımlı və səliqəli ola bilər. Bu iş qadınlara heç bir maneə yaratmır.

Əsas mövzular