23:20 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Qubanın Təngəaltı kəndi

Qubanın məşhur kəndində uşaqlar məktəbdən qaçır, qonaqlar da kənddən

© Sputnik / Leyla Abdullayeva
CƏMİYYƏT
Qısa URL
12621 0 0

Yay mövsümündə bura istirahətə gələn xarici və yerli turistlərin sayı-hesabı olmur. Ancaq kənddə maye qazın olmaması turistlər üçün çox çətinliklər yaradır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Azərbaycanın turizm baxımından ən öndə gedən rayonlarından biri olan Qubanın bir-birindən gəzməli-görməli kəndləri var. Bunlardan ən məşhuru isə Təngəaltı kəndidir. Yay mövsümündə bura istirahətə gələn xarici və yerli turistlərin sayı-hesabı olmur. Ancaq kənddə maye qazın olmaması turistlər üçün çox çətinliklər yaradır.

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Qubanın Təngəaltı və Afruca kəndlərinin sakinləri məlumat veriblər.

Kənd sakini - ehtiyatda olan hərbçi, mayor İxtiyar Məmmədov bunları deyib: "Kənd Quba Rayon İcra Hakimiyyətinin Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə tabedir. Turist axını baxımından ən öndə gedən kəndlərdən biridir. Yalnız kəndə yaşanan bəzi problemlər turistlərin kəndimizə səfər etməsinə mane olur. Kənddə qazın olmaması həm yerli camaatın, həm də turistlərin işini çətinləşdirir".

Qubanın Təngəaltı və Afruca kəndlərinin sakinləri
© Sputnik / Leyla Abdullayeva
Kənd sakini Səməd Qədirov

"Gələn turistlər kirayə verilən günlük şəxsi evlərdə qalmaq istəsələr də, maye qazın olmamasına görə imtina edərək rayonun özündə qalmağa üstünlük verirlər. Kəndimizin əhalisinin gəlir mənbəyi, əsasən, turizm sahəsindən çıxır. Turistlərin də kənddə qalmaması əhalinin maddi baxımdan geriləməsinə səbəb olur. Gələn turistlərin soruşduqları ilk sual "qazınız varmı" olur. Biz də bu sual qarşısında aciz qalırıq" – deyə o bildirib.

Digər kənd sakini isə Səməd Qədirov isə qış aylarının sərt keçməsindən və yanacağa pul çatdıra bilməmələrindən şikayətlənib: "Qazın olmaması artıq bizi yorub. Qış burda çox sərt keçir. Evlərimizi isitmək çox çətindir. Qışda bizə 2 və ya 3 yük maşını odun lazım gəlir. Bizim o qədər gəlir yerimiz yoxdur ki, bu qədər odun ala bilək. Uşaqlarımız da məktəbdə yanacaq sarıdan çox əziyyət çəkirlər".

Qubanın Təngəaltı və Afruca kəndlərinin sakinləri
© Sputnik / Leyla Abdullayeva
İxtiyar Məmmədov

"Qış aylarında məktəbdə, demək olar ki, uşaq olmur. Ya xəstəlikdən, ya da soyuqdan uşaqlar məktəbə getmək istəmirlər. Ən pisi də odur ki, biz təbiətə, meşələrə ziyan vurmuş oluruq. Bununla da həm maddi, həmdə mənəvi əziyyət çəkirik" – deyə o vurğulayıb.

Kənd sakinlərinin iddiasına görə, dəfələrlə icra nümayəndəliyinə bu problemlə əlaqədar müraciət etmələrinə baxmayaraq, problem həllini tapmayıb.

Qubanın Təngəaltı və Afruca kəndlərinin sakinləri
© Sputnik / Leyla Abdullayeva
Kənd sakininin evi

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxlayıb. O, gələn il üçün Qubanın 11 kəndinin qazlaşdırılması üzrə siyahı hazırlandığını bildirib.

"Həmin siyahıda Təngəaltı və Afruca kəndləri siyahının başında durur. Ona görə də kənd əhalisi narahat qalmasın. Tezliklə onların qaz problemi öz həllini tapacaq" - deyə "Azəriqaz" sözçüsü əlavə edib.

Əsas mövzular