09:24 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Siqaret çəkmək qadağandır, arxiv şəkli

Bəşəriyyəti ağuşuna alan yeni bəla – Onunla hər yerdə mübarizə aparırlar, bizdən başqa

© REUTERS / Eric Gaillard
CƏMİYYƏT
Qısa URL
7720 0 0

Moskva şəhər dumasında yetkinlik yaşına çatmayanlara elektron siqaret satılmasını qadağan edən qanun qəbul edilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. "New England Journal of Medicine" adlı tibb jurnalının araşdırmasına görə, elektron siqaret hər yerdə çəkilə bildiyinə və ətraf mühitə zərər vermədiyinə görə daha çox istifadə edilir. Xüsusilə məktəb şagirdləri əvvəlcə bu siqaretdən istifadə edirlər, sonra isə adi – tütünlü siqaretə keçirlər.

Bu səbəbdən elektron siqaretlə mübarizə getdikcə daha geniş vüsət almağa başlayıb. Məsələn, ABŞ-ın bəzi ştatlarında elektron siqaret qadağan edilib. Bir müddət öncə isə Moskva şəhər dumasının deputatları yetkinlik yaşına çatmayanlara elektron siqaret satılmasını qadağan edən qanun qəbul ediblər. Qanuna görə, yetkinlik yaşına çatmayanları siqaret çəkməyə cəlb edən şəxsləri 5000 rubl (təxminən, 130 manat) məbləğində cərimə də gözləyir.

Həkim-terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında elektron siqaretin zərərlərindən danışıb.

O qeyd edib ki, elektron siqaret istifadə edən insanlarda aludəçilik yaranır və bunun sağlamlıq üçün bir çox zərərləri var: "Elektron siqaret də tütün məhsuludur və tərkibində çox sayda kanserogen maddələr var. Həmçinin qliserol, propilen glikol və nikotin kimi maddələrlə yanaşı, aseton, akrolein, butadein, etilen glikol, etanol, formaldehid və s. başqa zərərli maddələr də mövcuddur”.

“Çox zaman deyirlər ki, elektron siqaretlərin tərkibində tütün yoxdur, nikotin var. Ancaq araşdırmalar sübut edir ki, bu siqaretlərin tərkibində nornikotin, miyozmin, anabazin və s. kimi tütün məhsulları var. Elektron siqaretin tüstüsündə isə qliserol, propilen glikol, formaldehid, piridil, kadmium, nikel, qalay, qurğuşun kimi zərərli maddələr də mövcuddur” – deyə həkim qeyd edib.

M.Abbasovanın sözlərinə görə, elektron siqaretin 30 dəfə qəbul edilməsi bir siqaret çəkməyə bərabərdir. Və elektron siqaretlər də ağciyər xərçənginə səbəb olur: “Siqaret çəkən insanın siqaret çəkməyən insanla müqayisədə ağciyər xərçənginə yoluxma riski 10-30 dəfə daha çoxdur. Xərçəng riski siqaret sayı, siqaret çəkmə müddəti ilə yaxından əlaqəlidir. Bununla yanaşı, siqaretə başlama yaşı, tüstünü ciyərlərə çəkmə gücü, siqaretin qatran və nikotin tərkibi, filtrli olub-olmaması xərçəng riski ilə əlaqəlidir".

“Siqareti tərgitməklə xərçəng riski 20-90 faiz azalır. Siqareti tərgitdikdən 5 il sonra xərçəng riski azalır, 15-ci ildə isə bu, tamamilə, yox olur. Elektron siqareti çox zaman siqareti tərgitmək üçün bir vasitə kimi görürlər. Amma bu, belə deyil. Elektron siqaretlər siqareti tərgitmək üçün çarə deyil, əksinə xərçəng riskini artırır" – deyə terapevt vurğulayıb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 212.3-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi ilə bağlı 100 manat məbləğində cərimə nəzərdə tutulub.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunda qeyd olunur ki, tütün məmulatı tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsuldur (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.).

Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Əsas mövzular