16:13 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Rəssam Faiq Abdullayev

Fəxri adı başına bəla olan sənətkar - Onun rəsmini “Dəmir ledi” də alıb

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
12524 0 0

"Bilmədim "Dəmir Ledi" mənim yaratdığım əsəri bəyənib, yoxsa qardaşımın yoldaşının ütüləyib düzətdiyini?"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Rəssamlıq sənəti insandan qeyri-adi istedad tələb edir. Lakin peşəkar rəssam olmaq üçün istedadla yanaşı, yaradıcılığa sevgi, müntəzəm mütaliə, öz üzərində işləmək ən böyük şərtlərdəndir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri işində bu cür peşəkarlıq qazanan rəssamlardan biri olan Faiq Abdullayevlə həmsöhbət olub, onun kətan üzərinə köçürdüyü yaradıcılığından bəzi anları qələmə alıb.

F.Abdullayev hələ kiçik yaşlarında müşahidə edib ki, canlı-cansız əşyaları ağ kağız üzərində təsvir etmək istedad var. Əvvəl Gəncə Uşaq Rəssamlıq məktəbini, ardından Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, daha sonra isə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirib. Akademiyanı bitirdikdən sonra ömrünün önəmli bir hissəsini Sankt-Peterburq şəhərində yaşayıb. Rusiyanın mədəniyyət mərkəzi hesab edilən şəhərində təhsil alması, oranın yaradıcı mühiti rəssamın sonrakı həyatına da təsirsiz ötüşməyib.

Sənətə böyük həvəsi sayəsində həm yaradıcılığı cilalanıb, həm də realist üslubda bir-birindən maraqlı sənət əsərləri yaradıb. 1985-ci ildə Gəncə şəhərinə qayıdan rəssam sevdiyi sənətini doğma şəhərində davam etdirməyə başlayıb. Yüzlərlə rəsm əsərinin müəllifi olan rəssamın paytaxtda, Gəncə və Şəmkir şəhərlərində dəfələrlə sərgiləri keçirilib, əsərləri sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib.

Rəssam söhbətə peşəkarlığın sirləri haqqında danışmaqla başlayır: "Peşəkar rəssam olmaq üçün birinci növbədə istedad olmalıdır. Ən əsası isə odur ki, seçdiyin sahəyə sevgin olmasa, heç vaxt əsl rəssam olmaq mümkün deyil. Tələbə vaxtı mənimlə yanaşı onlarla azərbaycanlı uşaq da rəssamlıqda təhsil alırdılar. İçərilərində çox istedadlıları olsa da, istək və həvəs olmadığına görə heç biri peşəkar rəssam olmadı. Heç biri qalıcı əsər yaratmadı".

  • Rəssam Faiq Abdullayev
    Rəssam Faiq Abdullayev
    © Sputnik / İlham Mustafa
  • Faiq Abdullayevin emalatxanası
    Faiq Abdullayevin emalatxanası
    © Sputnik / İlham Mustafa
  • Rəssam Faiq Abdullayev öz emalatxanasında
    Rəssam Faiq Abdullayev öz emalatxanasında
    © Sputnik / İlham Mustafa
  • Faiq Abdullayevin rəsm əsərləri
    Faiq Abdullayevin rəsm əsərləri
    © Sputnik / İlham Mustafa
  • Faiq Abdullayevin rəsm əsəri
    Faiq Abdullayevin rəsm əsəri
    © Sputnik / İlham Mustafa
1 / 5
© Sputnik / İlham Mustafa
Rəssam Faiq Abdullayev

Yaratdığı əsərləri bir çox sərgilərdə nümayiş olunsa da, F.Abdullayev rəsm satmaqla dolanmağın asan olmadığını bildirir. Xüsusilə də, yaşadığı Gəncə şəhərində əsərlərinə alıcı tapmağın çətin olduğunu deyən sənətkar satış üçün rəsmlərini Bakıya göndərdiyini deyir: "Ayda bir dəfə, iki aydan bir İçərişəhərdə yerləşən miniatür mərkəzinə 5-6 şəkil göndərirdim. Orada işləyənlə, "özün qiymətləndirib, özün satırsan, nə versən, qəbulumdu" — deyə danışığım olmuşdu. Hər əsərə 300-500 manat alırdım".

Rəssam, hətta Bakıya göndərdiyi rəsmlərdən birini ötən əsrin 90-cı illərin əvvəllərində Böyük Britaniyanın baş naziri olmuş "Dəmir Ledi" ləqəbli Marqaret Tetçerin paytaxtımıza gəlişi zamanı bəyənib aldığını söyləyir. Həmin əsərin satılmasının çox maraqlı tarixçəsi haqda söhbət açır.

"O əsəri şəxsən satmamışam. Sərgidə olarkən bəyənib, alıb. Natürmort janrındaydı, adını "Gəncə naxışları" qoymuşdum. O vaxt rənglər bol idi, indiki kimi bir qabını 7 manata almırdıq. Sulu boyaları qarışdırıb, tökürdüm kətanın üstə, bir az suyu çəkiləndən sonra əlimlə qarışdırıb daha qabarıq naxışlı rəsm çəkirdim. Belə əsərimdən bir neçəsini göndərdim Bakıya. Orda yaşayan qardaşım qarşılayıb, aparıb sərgiyə verirdi. Tabloları götürəndən sonra qardaşım evə gətirir ki, sabah aparıb sərgiyə qoysun. Qardaşımın yoldaşı tablolara baxarkən görüb ki, birinin səthi yaman qırışıb. Fikirləşib ki, yəqin yolda olub. Ütünü götürüb, başlayıb ütüləməyə. Sonra görüb, daha da codurlaşır, büküb qoyub yerinə. Tetçer sərgini gəzərkən elə bu rəsmin qarşısında dayanıb, bəyənib. İndi deyə bilmərəm, "Dəmir Ledi" mənim yaratdığım əsəri bəyənib, yoxsa qardaşımın yoldaşının ütüləyib düzətdiyini" — deyərək, zarafatından qalmır qocaman rəssam.

Faiq Abdullayev gözəl rəssamlıqla yanaşı, çox gözəl opera səsə də sahibdir. Hətta tələbə vaxtlarında xərclərini ödəmək üçün bir müddət xorda da çalışıb. Elə indi də əsərlərini romanslar, ariyalar oxuyaraq ərsəyə gətirdiyini söyləyir. İşləri düz gətirməyəndə isə "Sevil" operasından "Nə günlərə qaldın, Balaş" sözləri ilə başlayan Balaşın ariyasını oxuduğunu zarafatla qeyd edir.

Azərbaycanlı sürrealist rəssam
© Sputnik / Rahim Zakiroğlu

Şən, zarafatcıl, kövrək qəlbli rəssamı narazı salan insanlar da yox deyil. Yaşadığı şəhərdə sərgisinin təşkil edilməsi adıyla əsərlərinin nümayiş olunduğunu, sonradan isə onların aqibətinin qaranlıq qalması ilə bağlı ürək ağrısı ilə danışır: "Bir dəfə dedilər ki, "sərgini təşkil edirik", gözəl əsərlərimdən yığıb verdim, sərgi keçirildi, amma əsərlərimi sonra özümə qaytarmadılar. Neçə dəfə get-gəldən sonra tablolarımı ala bildim, amma içinin ən yaxşıları götürülmüşdü. Bundan başqa, Gəncədə filarmoniya binası açılanda da sərgi adıyla 16 gözəl əsərimi gəlib istədilər, sonradan nə bir əvəz ödəndi, nə də əsərlərimi qaytardılar. İstəyəndə isə mənə dedilər ki, "sənə Əməkdar rəssam adı verdirmişik, daha nə istəyirsən?"

Bunun ona qarşı edilən haqsızlıq olduğunu bildirən qocaman sənətkar haqqını məhkəmə səviyyəsində tələb etmək fikrindədir.

Teqlər:
Marqaret Tetçer, Faiq Abdullayev, oğurluq, əsər, rəsm, rəssam, fəxri ad

Əsas mövzular