CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astaradan Bakıya möcüzə gətiriləcək: Bu il məhsul həm boldur, həm də keyfiyyətli

© Sputnik / Rahim MuradovAstara arıçıları ilin son bal tədarükünü aparırlar
Astara arıçıları ilin son bal tədarükünü aparırlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Sərgi-satış yarmarkası il ərzində 2 dəfə təşkil edilərsə hər bir arıçı bundan yaxşı yararlanar və yaxşı gəlir əldə edər"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Astara arıçıları ilin son məhsulunu toplayıb, oktyabr ayında Bakıda keçiriləcək "Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası"na hazırlaşırlar. Bu haqda Sputnik Azərbaycanın bölgə müxbirinə Astara Rayonu Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov məlumat verib.

Sədr bildirib ki, satış-sərgi yarmarkasında iştirak edəcək arıçıların adları artıq siyahıya alınıb: "Oktyabr ayının əvvəlində Bakıda sərgi-satış yarmarkası təşkil ediləcək. Bu il Astara rayonunda əldə edilən bal həm keyfiyyətlidir, həm də ötən ilə nisbətən daha məhsuldardır. Hər il arıçılarımız hər bir arı ailəsində 12-18 kiloqram bal alırdısa, bu il bu rəqəm 20-30 kiloqram təşkil edir".

© Sputnik / Rahim MuradovBal şanı
Bal şanı - Sputnik Azərbaycan
Bal şanı

"Məhsullarımız laboratoriyada yoxlanıldıqdan sonra satışa çıxarılacaq.  Əgər həmin məhsulda hər hansı bir nöqsan və ya tərkibində qeyri-təbiilik aşkar edilərsə, həmin bal yarmarkaya buraxılmayacaq. Ümumiyyətlə hazırda Astara rayonunda bizim Arıçılar Cəmiyyətinin qeydiyyatında 500 nəfər arıçı var və ümumi rayon üzrə 27 min arı ailəsi mövcuddur. Arıçılarımız bu il 300-400 ton bal tədarük ediblər. Paytaxtda bu il təşkil ediləcək sərgi-satış yarmarkasında rayonumuzdan 100 nəfər arıçının getməsi nəzərdə tutulub və onlar 50 tona yaxın bal məhsulunu yarmarkaya aparacaqlar. Bizim üçün bal satışı çox çətindir. Əgər sərgi-satış yarmarkası il ərzində iki dəfə təşkil edilərsə hər bir arıçı bundan yaxşı gəlir əldə edər" — deyə arıçı bildirir.

 A.Nəzirov onu da əlavə edib ki, sərgi-satış yarmarkasında Astara arıçıları bal ilə yanaşı, arı südü, çiçək tozu, mum, güləm və bal qaymağını da satışa çıxaracaqlar.

Astara rayonunun Siyaku kənd sakini İntiqam Kazımov isə sərgi-satış yarmarkasına arı südü də aparacağını deyir: "Arı bir möcüzədir. Bal arının ən zəif məhsuludur. Baldan qat-qat üstün olan isə bərəmum, arı südü, çiçək tozu, gülə və sairdir. Arı ailəm çox olsa da bu il az miqdarda arı südü tədarük eləmişəm. Cəmi 650-800 qrama yaxın arı südü toplamışam. Yarmarkada təqribən 300 qram arı südü satışa çıxaracağam. Çünki artıq 500 qrama yaxın süd satmışam. Əfsuslar olsun ki, Azərbaycanda arı südünə qiymət verən adam çox azdır. Arı südü insan orqanizmi üçün həddən artıq xeyirlidir. Onun satışı təşkil edilsə, artıq 1 kiloqram arı südü deyil, 5-10 kiloqrama kimi əldə edə bilərəm. Təbii ki, satış yeri olsa. Bu səbəbdən də yarmarkaya gedəndə az miqdarda arı südü götürürük, onu da öz tanışlarımıza və öz müştərilərimizə satırıq. Qiyməti isə 35-40 manat civarındadır. Arı südünü soyuducuda çox saxlamaq olmur. Bəzən onu bala qatıb müştərilərimizə satırıq".

© Sputnik / Rahim MuradovAstara arıçıları ilin son bal tədarükünü aparırlar
Astara arıçıları ilin son bal tədarükünü aparırlar - Sputnik Azərbaycan
Astara arıçıları ilin son bal tədarükünü aparırlar

Cənub bölgəsində ən çox bal tədarük edən Miki kəndinin sakini, arıçı Xanağa Hüseynov təqribən 275 arı ailəsinə sahib olduğunu bildirdi:         "Arıları öz avtomobilimizə yükləyərək meşəlik və çəmənlik ərazilərə aparırıq. Bu il arılarımız qışlamadan yaxşı çıxdıqlarına görə, keçən ilə nisbətən arılar daha gümrah idilər və məhsul da çox əldə etmişik. Bu il həm də ötən ilə nisbətən arıların da sayı çox idi, həm də təxminən 1 ton 200 kiloqram çox bal tədarük etmişəm. Ötən il Bakı şəhərinə bal satış-sərgi yarmarkasına 1 ton 200 kiloqrama qədər bal aparmışdım, yarmarkanın bitməsinə 3 gün qalmış bütün məhsulumu satıb bitirdim. Qiymətlər 20-30 manat civarında dəyişirdi. Bu il isə 2 ton 800 kiloqrama yaxın bal toplamışam. Artıq bu məhsulum 400 kiloqramına yaxın müştərilərim evə gəlib alıb aparıblar. Bu il 1 tona yaxın balı satış yarmarkasına aparmağı nəzərdə tutmuşam. Bal satış-sərgi yarmarkası il ərzində 2 dəfə təşkil edilərsə həm Azərbaycan əhalisinin çoxu təbii bal ala biləcək, həm də balımız yaxşı qiymətə satılar. Bal artıq qalanda məcbur oluruq ki, arı saxlanılmayan kəndlərə gedib müştəri axtaraq və məhsulumuzu sataq. Qablaşdırma sexi də olsa yaxşı olar. Bal satışında əziyyət çəkmərik. Bu il mən arı pətəklərimi kəndin meşə sahəsində qoymuşdum. Arılar pətəklərdə çox məhsul topladıqlarından, ağaclarda pöhrə vermişdilər. Məhsul toplayan vaxtı o arıların həmin ağaclardan çıxardım. 30 kiloqramdan artıq həmin kovuş balından toplamışam".

Xanağa Hüseynov həmin balın pətək balından çox fərqləndiyini və qiymətinin də 70-80 manat civarında dəyişdiyini bildirdi. O, koğuş balının insan orqanizminə 99% xeyirli olduğunu xüsusilə vurğuladı.

Xəbər lenti
0