16:41 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
“Jiquli” - VAZ 2101

Bərdə sakini "raykom hədiyyəsi"ni - ata yadigarını satmamaqda israrlıdır

© Sputnik / Musa Muradlı
CƏMİYYƏT
Qısa URL
11646 0 0

VAZ 2101 markalı bu maşın atası Eldar Kərimova növbədənkənar verilib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Bərdə rayon Mustafaağalı kənd sakini Əliağa Kərimovun sahibi olduğu “Jiquli” — VAZ 2101  markalı avtomobilin yaşı 1976-cı ilə gedib çıxır. Maraqlısı odur ki, bu günə qədər avtomobilin heç bir detalı dəyişdirilməyib, özünəməxsus olaraq qalır. Demək olar ki, maşın gözəl və ideal vəziyyətdədir. Necə deyərlər, cavanlığını itirməyib. Maşının bu qədər saz vəziyyətdə olmasının əsas səbəbi isə ailənin keçmişə bağlılığı, mühafizəkarlığıdır. Bir sözlə, əmanətə xəyanət etmək yox, göz bəbəyi kimi qoruyub gələcək nəslə ötürməkdi.

“Jiquli” - VAZ 2101
© Sputnik / Musa Muradlı
“Jiquli” - VAZ 2101

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olan Əliağa Kərimov avtomobili işə salır, maşın asfalt kənd yolunda şütüyür. Mühərrikin nizamlı işləməsindən aydın olur ki, maşına baxan ona can yandırır. “Jiqulinin” təmizliyi də göz oxşayır. Yolun evə dönən hissəsindən sola burulan maşın bir az da kəndin daşlı-çınqıllı hissəsi ilə hərəkət edir. Rahatlığı ilə mənzilə doğru yolu qət edən avtomobildə nə səs, nə çıqqıltıdan əsər-əlamət belə, yoxdur. 40 yaşı adlayan sovet maşını tam saz vəziyyətdədir.

Maşının alınmağının tarixindən danışan Ə.Kərimov deyir ki, o illərdə avtomobil sahibi olmaq indiki kimi asan deyilmiş. Bundan ötrü illərlə növbəyə durmaq lazım olurmuş. Ancaq bir təsadüf nəticəsində Əliağanın atası  bu maşını asanlıqla əldə edə bilib: “Atam Eldar Kərimov o vaxtlar kolxozda traktorla pambıq becərirmiş. O vaxt Azərbaycan SSR Bərdə Rayon Partiya Komitəsinin Birinci katibi Rüstəm Səfərəliyev becərmə aparılan pambıq sahəsinə baş çəkib. Atamın gördüyü işi çox bəyəndiyindən yaxınlaşıb, söhbət edib. “Maşının varmı?” – deyə soruşub. Atam da cavab verib  ki, “Yoxdur, dayısı olan maşın alır, mənim dayım olmadığına görə ala bilmirəm”. Səfərəliyevin atama deyib ki, “Sənin də dayın mən, kolxoz sədrinə tapşıracam, sənə növbədənkənar maşın yazsın”. Rüstəm Səfərəliyevin tapşırığı ilə 1976-cı ildə atama bu maşını veriblər”.

Müsahibimiz onu da qeyd edir ki, ata yadigarı olan bu maşın texniki parametrlərə görə əla vəziyyətdədir: “Maşının heç bir dəmir detalı dəyişilməyib. 1976-cı ildə alınan vəziyyətdədir. Gün altında qaldığından rəngi bozarmışdı deyə, ancaq rəngi təzələnib. Bir də vaxtaşırı motorun, “diferin” yağı dəyişdirilib. Qalan detalların hamısı 1976-cı ildən üstündə gələndir”.

Kərimovlar ailəsi üçün indi bu maşın çox qiymətlidir. Əliağa Kərimova bu maşınla dəyişmək üçün təzə VAZ 2107 avtomobili də təklif olunub. Dəfələrlə maşını almaq üçün müştərilər də gəlib. Ancaq bütün təklifləri rədd edib. Bunun da tək səbəbi atadan qalan yadigarı qoruyub saxlamaqdır: “Bu maşın bizə çox doğmadı. Atam Eldar Kərimovdan mənə əmanət qaldığı kimi, mən də  oğluma əmanət verəcəm”.

Müsahibimizin fikrincə, sovet istehsalı olan bu maşınlar kənd üçün ən yaxşı imkanlara malikdir. Müasir inomarka avtomobillərlə müqayisədə həm də dözümlüdür. Texniki xidmət göstərmək də ucuz və sərfəli olur. Ehtiyat hissələrinin tapılmasında hər hansı bir çətinlik yoxdur.

Mexanizator-traktorist olan Əliağa Kərimova atasından həm də T-28 traktoru yadigar qalıb. Bu traktorla o, ailəsinin dolanışığını təmin edir. Əsas gəlirlərini əldə edir.

Onu da əlavə edək ki, Əliağa Kərimov 1973-cü ildə Bərdə rayonunun Mustafaağalı kəndində doğulub. Gəncliyinin ilk illəri Qarabağ müharibəsinə təsadüf edib. Azərbaycanın ağır illərində o, 4 il 3 ay vətənin keşiyində dayanıb, qanlı döyüşlərin iştirakçısı olub. Qarabağ müharibəsi veteranıdır.

Əlaqədar

Emindən azərbaycanlı müğənniyə gözlənilməz hədiyyə
Bakıda qanunsuz miqrantlara bayram hədiyyəsi
Səfirlik məcburi köçkün məktəbinə "Amerika rəfi" hədiyyə edib - FOTOLAR
Nənədən nəvəyə böyük hədiyyə: Qəsr...

Əsas mövzular