08:52 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Əlinin müalicəsi xaricdə var

Övladı üçün ölüm və əlillik arasında seçim edən ata: “Əlimdən gələn hər şeyi etmişəm...”

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
14486 0 0

"Əlinin yeriməsi üçün yaxşı həkim lazımdır, ancaq Azərbaycanda elə həkim yoxdur"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Valideyn üçün ən böyük xoşbəxtlik sağlam uşağa sahib olmaqdır. Təəssüflər olsun ki, bəzi valideynlər bu xoşbəxtlikdən məhrumdurlar. Masallı rayonunun Bədəlan kəndində yaşayan Rövşən Həsənov və həyat yoldaşı Arzu Həsənova kimi…

Həsənovlar ailəsinin 2014-cü ildə dünyaya gəlmiş övladları Əli normal yeyir, danışır, gülür. Ancaq yeriyə bilmir… Özündən böyük və balaca olan iki bacısına baxıb, anasına deyir ki, "ana, qaçmaq istəyirəm, oynamaq istəyirəm". Valideynlər isə Əlinin bu istəyi qarşısında çarəsiz qalıblar.

İki qız və bir oğul anası olan Arzu Həsənova dərdini Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb. Dediyinə görə, oğlu əməliyyat olunduqdan sonra bu hala düşüb: "Əli 6 aylıq olanda belindəki şişə görə əməliyyat etdirdik. Əməliyyatdan əvvəl belindən aşağı hissəsini və ayaqlarını hiss edirdi, indi isə qəti hiss etmir. Tualet işini görəndə nə vaxt etdiyini, necə etdiyini bilmir, çünki hiss eləmir, ona görə də ona uşaq bezləri bağlayıram".

  • Rövşən Həsənov, Arzu Həsənova və oğulları Həsənov Əli
    Rövşən Həsənov, Arzu Həsənova və oğulları Həsənov Əli
    © Sputnik / Rahim Zakiroğlu
  • Əlinin belində şiş var
    Əlinin belində şiş var
    © Sputnik / Rahim Zakiroğlu
  • Dörd yaşlı Əli Həsənov
    Dörd yaşlı Əli Həsənov
    © Sputnik / Rahim Zakiroğlu
  • Neyrocərrahlıq Xəstəxanasından verilən çıxarış
    Neyrocərrahlıq Xəstəxanasından verilən çıxarış
    © Sputnik / Rahim Zakiroğlu
1 / 4
© Sputnik / Rahim Zakiroğlu
Rövşən Həsənov, Arzu Həsənova və oğulları Həsənov Əli

"Əməliyyatdan əvvəl bizə dedilər ki, əməliyyat olunandan sonra yeriyə də bilər, yeriməyə də. İndi də deyirlər ki, yeriyə bilməsi üçün xaricdə müalicə olunmalıdır. Ancaq bizim buna maddi imkanımız çatmır" – o bildirib.

Çarəsiz ana imkanlı şəxslərin onlara yardım etmələrini xahiş edib: "İmkanlı şəxslərdən xahiş edirəm ki, oğlumu müalicəsi üçün bizə kömək eləsinlər. İmkanımız yoxdur deyə, oğlum yeriyə bilmir, balamın qarşısında üzüqara qalmışıq. Çox xahiş edirəm, bir zavallı ananın səsinə səs versinlər, balamın yeriyə bilməsi üçün yardım etsinlər".

Dörd yaşlı Əlinin atası Rövşən Həsənov isə qeyd edib ki, oğlunun belindəki şiş əməliyyat olunmasaydı, uşaq ölə bilərdi: "Əli anadan olandan belində şiş var idi. Apardıq həkimə, dedilər ki, 6 aylığında əməliyyat olunmalıdır, əks halda uşaq ölə bilər. Uşaq da böyüdükcə belindəki şiş də böyüyürdü. Şiş böyüdükcə də onurğa beyninə, oradan da kəllə beyninə zəhər keçə bilərdi".

"Əlini apardıq Respublika Neyrocərrahiyyə Xəstəxanasına. Həkim yeriməyinə zəmanət vermədi. Dedi ki, "əməliyyat edərəm, amma ola bilsin ki, yeriməsin". Mən də oğlumun yaşaması üçün məcbur olub əməliyyat etdirdim. İndi də belinin harasından əməliyyat olunubsa, oradan aşağını hiss eləmir" – R.Həsənov deyib.

Əlinin atasının bank rekvizitləri
© Sputnik / Rahim Zakiroğlu
Əlinin atasının bank rekvizitləri

Atanın dediklərinə görə, həkimlər ona bildiriblər ki, Əlinin yeriməsi üçün yaxşı həkim lazımdır, ancaq elə həkim Azərbaycanda yoxdur: "Demək olar ki, əlimdən gələn hər şeyi etmişəm. Amma işimlə bağlı alınmır, fəhlə adamam, maaşım azdır. Əlinin müalicəsi xaricdə var, amma mənim uşağı xaricə aparıb müalicə etdirməyə imkanım çatmır".

Oğlunu oturaq halda görməyə dözə bilməyən ata da imkanlı şəxslərə müraciət edib: "İmkanlı şəxslərdən xahiş edirəm ki, Əlimin müalicə olunması üçün maddi yardım etsinlər. Qoy, mən də görüm ki, oğlum həyətdə gəzir, öz bacıları ilə oynayır".

Ümid edirik ki, səxavətli soydaşlarımız çarəsiz vəziyyətdə qalmış ailənin səsinə səs verəcək, 4 yaşlı balanın, gələcəyin əsgərinin sağalması üçün dəstək olacaqlar. Əli Həsənovun müalicə olunmasına kömək etmək istəyənlər üçün bank hesabını da təqdim edirik.

Teqlər:
Masallı rayonu, kömək, valideyn, xəstə, uşaq

Əsas mövzular