10:33 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Xəstəxana palatasında yatan qadın, arxiv şəkli

Kütləvi zəhərlənmə ilə bağlı müdhiş iddia: İcra hakimiyyəti isə "baltanı kökündən vurdu"

CC0 / Parentingupstream / Doctor
CƏMİYYƏT
Qısa URL
495 0 0

"Belə hadisələrin baş verməsinə qeyri-peşəkarlıq və çox zaman fermerlərə vaxtı keçmiş dərmanların verilməsi səbəb olur"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Xəbər verildiyi kimi, iyunun 19-da İmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan 140 nəfərə yaxın fəhlə zəhərlənib. Xatırladaq ki, analoji hadisə yaxın günlərdə Tərtər və Saatlı rayonlarında da baş vermişdi.

Artıq üçüncü dəfədir bu tip hadisənin olmasına baxmayaraq, zəhərlənmənin hansı dərmandan baş verdiyi açıqlanmır. Səhiyyə Naziriyinin mətbuat xidmətinin baş məsləhətçisi Səfayə Əhmədovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, İmişli rayonunda pambıq tarlasında baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya 141 nəfər müraciət edib. Və müraciət edənlərin əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb.

"Hazırda xəstəxanada 12 nəfər qalıb. Onların da vəziyyətləri normaldır, özlərini yaxşı hiss edirlər. Elələri narahat idilər ki, birdən onlarda da zəhərlənmə olar. O məqsədlə 141 nəfər müraciət edib və hamısına yardım göstərilib. Məsləhət olanlar xəstəxanada saxlanılıb, qalanları evə göndərilib. Həmin şəxslər də yəqin ki, bu gün evə buraxılacaq", — deyə Əhmədova qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, hadisənin hansı səbəbdən baş verməsi isə analizlərin nəticələrindən sonra məlum olacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır və bu barədə araşdırmadan sonra mətbuata açıqlama veriləcək.

İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev isə, əməkdaşımızla söhbətində ümumiyyətlə zəhərlənmə faktının olmadığını iddia edib: "Elə də ciddi problem yoxdur. 5-6 nəfəri gün vurub, həkimə müraciət ediblər. Ciddi heç bir problem yoxdur. Digərləri isə həyəcanla müraciət ediblər. Hava istidir deyə gün də vura bilər".

Spuntik Azərbaycan-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirib ki, pambıq tarlalarında alaq otlarına qarşı herbisidlərdən, xəstəliklərə qarşı fungisidlərdən, həşəratlara qarşı inseksidlərdən istifadə olunur: "Biz bilmirik ki, pambığa hansı məqsədlə, nə dərman vurulub. Məlumatın açıqlanmaması bizə imkan vermir ki, vəziyyəti izah edək. Bu, gizlin saxlanılır. Səbəb isə həmin sahələrin yüksək vəzifəli dövlət məmurlarına məxsus olmasıdır".

V.Məhərrəmli qeyd edib ki, belə hadisələrin baş verməsinə qeyri-peşəkarlıq və çox zaman fermerlərə vaxtı keçmiş dərmanların verilməsi səbəb olur: "2015-ci ilin aprel ayında mənə fermer müraciət etmişdi. Bildirmişdi ki, onlara müddəti 4 il əvvəl bitmiş herbisid verilib. Müddəti keçmiş herbisidlər ucuz olduğu üçün fermerlərə verilir".

"Həmin herbisidlər utilizasiyaya getməli, qabı da məhv edilməli idi. Bu dərmanı fermerə verib deyiblər ki, müddəti bitib, çox istifadə et ki, təsirli olsun. Ancaq kimsə düşünməyib ki, bunun müddətinin bitməsi ilə zəhərin təsiri azalmır, əksinə artır. Bu, laboratoriya şəraitində yoxlanılmalı idi. Ola bilsin, məsələyə yenə belə şəkildə yanaşılıb və çox dozadan istifadə edilib ki, təsirli olsun" — deyə ekspert ehtimalını bildirib.

Müsahibimizin fikrincə, ola bilsin ki, baş verən hadisələr zamanı dərman preparatlarının üzərində göstərilən qaydalara riayət edilməyib: "Həmin yazılar başqa dillərdə olduğu üçün, bəlkə də istifadə qaydasını oxuya bilməyiblər".

V.Məhərrəmli əlavə edib ki, pambıq sahələri genişləndikcə zərərvericilər də çox yayılır, populyasiyası artır: "Bu zərərvericiləri isə dozadan artıq dərmanla məhv etmək mümkün deyil. Əvvəllər pambıq sovkasına qarşı çox ciddi tədbirlər həyata keçirilirdi. Çünki sovkanın qarşısını almaq üçün dərman vasitələrindən sui-istifadə etmək insanların sağlamlığına ciddi xələl gətirə bilər. Buna görə də pambığın dərmanlamasına nəzarət güclü olmalıdır".

Əlaqədar

Qanımıza işləyən zəhər: Hər gün yandırıb ciyərimizə çəkirik
Astarada insanları zəhərləyən qadın tutuldu, 10 min həb tapıldı
Dönərdən niyə zəhərlənirik - Həyəcan siqnalı
Paxladan kütləvi zəhərlənmənin səbəbi bilindi - Diqqətli olun
Azərbaycanın cənubunda kütləvi zəhərlənmə: 11 ölü, yüzlərlə yaralı var
Teqlər:
pambıq tarlası, fəhlə, Sputnik Azərbaycan, İmişli rayonu, zəhərlənmə, dərman

Əsas mövzular