02:53 22 Aprel 2018
Canlı yayım
Şəhid Nurlan Əsgərli

Aprel şəhidinin anasından cəsarətli çağırış: "Dik durun, ağlamayın!"

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
172 0 0

"Şəhadətə qovuşan balam həmişə deyərdi: "Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun..."

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. "Dördgünlük müharibə" kimi tarixə düşən aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs sazişi imzalanandan bəri ən şiddətli döyüşlər oldu. 2016-cı il aprel ayının 1-dən 5-nə qədər davam edən bu müharibə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Ermənistan tərəfi böyük itki verdi.

Ordumuzun şücaəti nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu.

Təbii ki, qələbə hədiyyə edilmir, qazanılır. Qan, can hesabına əldə edilir. Azərbaycan ordusunun da dördgünlük müharibədə qələbəsi itkisiz ötüşmədi, şəhidlər verdik. Lakin bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan oğullarımız böyük qəhrəmanlıqlar göstərdilər. Bundan uzun illər sonra belə, danışılacaq qəhrəmanlıq salnaməsi yazdılar.

Aprel döyüşlərində şəhadətə qovuşan qəhrəman oğullarımızdan biri də Masallı rayonunun Kalinovka kəndində doğulub böyümüş Nurlan Bayram oğlu Əsgərli idi. Gizir Nurlan şəhidlik məqamına 21 yaşında ucaldı.

Şəhidin atası Bayram Əsgərli Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olub, oğlu haqqında xatirələrini paylaşıb: "İki oğlum var idi. Onların hər ikisi hərbçi idi. Nurlan həmişə qardaşı İntiqama oxşamaq arzusu ilə yaşayırdı. O, uşaqlıqdan hərbçi olmaq istəyirdi. Qardaşı da hərbçi olduğundan bu peşəyə marağı daha çox idi".

Ata deyib ki, Nurlanın ermənilərə nifrətinin bir səbəbi də əmisinin birinci Qarabağ müharibəsində düşmən gülləsinə tuş gəlməsi olub: "Mənim qardaşım Polad 1993-cü ildə Ağdərənin Mehmanlı kəndində yaralanmışdı. Nurlan ağlı kəsən vaxt bildi ki, əmisi ermənilərlə döyüşdə yaralanıb. Ondan sonra həmişə deyirdi ki, "Gedib əmimin qisasını alacağam". Düşmənə qarşı nifrəti sonsuz idi".

Şəhidin atası Bayram Əsgərli
© Sputnik / Rahim Zakiroğlu
Şəhidin atası Bayram Əsgərli

"O, bayrağımızı çox sevirdi, həmişə bayrağa bürünüb "Masallı balası, sözünün ağası" – deyərək gəzirdi. Elə son mənzilə də çox sevdiyi üçrəngli bayrağımıza bürünüb getdi", — Rasim kişi əlavə edib.

Şəhid atası deyib ki, oğlu Nurlanın cəsədini döyüş gedən ərazidən digər oğlu İntiqam çıxarıb: "Sonuncu dəfə aprelin 2-də evə zəng elədi. Əvvəlcə mənimlə danışdı, sonra anası ilə. Elə bil, şəhid olacağını bilirdi, bizimlə sanki vidalaşdı. Nurlan aprelin 4-də Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Nurlanla döyüş yoldaşlarının yanında mərmi partlayıb. Onunla bərabər daha iki nəfər şəhid olub, iki nəfər isə yaralanıb. Həmin beş nəfəri isə döyüş meydanından Nurlanın qardaşı İntiqam çıxarıb".

Bayram Əsgərli onu da bildirib ki, həmin vaxt onlara Türkiyədən qonaqlar gəlib və Nurlan şəhid olandan sonra onu 2 medalla təltif ediblər.

Bayram kişi ilə söhbətimiz əsnasında şəhidimizin anası Ziba xanım da bizə qoşuldu. Şəhid Nurlan Əsgərli haqqında bir də anasının xatirələrini dinlədik.

Ziba xanım vurğuladı ki, Nurlan hələ kiçik yaşlarından öz yaşıdları arasında seçilib: "Yoldaşlarına sadiq idi, idmanı çox sevirdi, Vətənə bağlı idi, Allaha inamı güclü idi. Məktəb vaxtı çox sakit uşaqdı, ancaq sonradan boks və cüdo ilə məşğul oldu. Xocalı faciəsi haqqında eşitmişdi, bu da ona çox təsir etmişdi".

Şəhid anasının sözlərinə görə, oğlu uşaqlıqdan nağıl qəhrəmanına bənzəmək istəyirmiş: "Mən ona "Balaca əsgərin nağılı"nı danışardım. Nurlan özünü o nağılın qəhrəmanı kimi doğrultmaq istəyirdi. Bir dəfə ibtidai sinif müəllimi ondan böyüyəndə kim olmaq istədiyini soruşmuşdu, Nurlan da, "Müəllim, mən böyüyəndə hərbçi olacağam" demişdi".

Ziba xanım Nurlanın hərbi xidmətə çağırıldığı vaxt yaşananları da danışıb: "2014-cü il yanvarın 2-də Nurlanın çağırış vaxtı idi. Ancaq yanvarın 2-si onu əsgər aparmadılar, 10 yanvarda gedəcəyini dedilər. Nurlan narahat oldu ki, "Mən niyə gec getməliyəm? Mən də hamı ilə bir yerdə getməliyəm". Elə alındı ki, 10 yanvarda da onu əsgər aparmadılar. Nurlan bərk narahat oldu. Komissarlıqda ona demişdilər ki, bəlkə başqa göndərişə qalacaq. O, evə gəlib atasından hərbi komissarlığa getməsini istədi. Nurlan 22 yanvarda yenidən komissarlığa getdi, ona 25 yanvarda hərbi xidmətə göndəriləcəyini dedilər".

"Sevincindən uçmağa qanadı yox idi. Deyirdi, "Ana, mən də hamı kimi əsgər olacağam. Sən ağlama, əsgər anası əsgərin arxasınca heç vaxt ağlamaz". Xidmət elədiyi vaxt bircə dəfə də narazılıq etmədi", — deyə əlavə edib şəhid anası.

Ziba ana deyib ki, Nurlan hərbi xidmətinin 15-ci ayında öz istəyi ilə kəşfiyyat kursuna yazılıb: "Kəşfiyyat kursunda oxuyan vaxt Nurlanın bir köynəyi vardı. Köynəyin arxasında "Hər ananın oğlu əsgər olur, amma hər qızın sevdiyi komando ola bilməz" sözləri yazılmışdı. Nurlan qarşısına məqsəd qoyub ki, kəşfiyyatçı olmazsa, o köynəyi əyninə geyinməyəcək. Kəşfiyyatçı kursunu bitirəndə isə, həmin köynəyi geyinərək yoldaşlarına sürpriz edib. Kursu bitirən kimi evə də zəng vurdu və mənə arzusuna çatdığını, buna görə də çox sevindiyini, dedi".

Ziba xanım
© Sputnik / Rahim Zakiroğlu
Ziba xanım

Şəhid anası bildirib ki, Nurlan kəşfiyyatçı kursunu bitirən kimi xidmətini davam etdirib və gizir kimi xidmət etdiyi az müddətdə özünü yaxşı doğruldub. O, oğlu ilə son telefon danışıqlarını da xatırlayıb: "Axırıncı dəfə aprelin 2-də zəng elədi dedi ki, "Ana telefonları söndürürük. Zəng etmişəm ki, mənə zəng çatmasa, narahat olmayasız. Sənə bir şey olsa, özümü bağışlamaram. Amma bir arzum var, qardaşıma layiqli qardaş olum". Mən də ona dedim, "ana sənə qurban olsun". İsrar etdi ki, "Ana o sözü mənə demə. Anasını istəməyən vətənini də istəməz".

Qürurla "Mən övladımla fəxr edirəm. Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm", — deyən Ziba xanım digər şəhid analarına da müraciət edir: "Mən şəhid analarına üz tutub deyirəm ki, bacılarım, analarım, siz dik durun, düşmən bizim ağladığımızı, sarsıldığımızı görməməlidir. Şəhid anaları məğrurdurlar, heç vaxt ağlamamalıdırlar. Düşmən görməlidir ki, biz analar necə qürurlu, necə mübariz, möhkəm dayanırıq. Övladlarımızın şəhidliyi ilə qürur duyuruq. Şəhidlər bizim qürurumuz, and yerimizdir. Biz onlarla fəxr edirik"!

Şəhid anası bizimlə söhbətini şəhid oğlunun çox sevdiyi və tez-tez dediyi, qəzəlxan Əliağa Vahidin bir misra isə bitirir: "Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun…"

Qeyd edək ki, Nurlan Əsgərli 2016-cı il aprel ayının 4-də şəhid olub və aprelin 5-də torpağa tapşırılıb.

Əlaqədar

Yakuboviç Bakının Şəhidlər Xiyabanı barədə: “Heç bilməzdim ki, belə yer var...”
Aprel şəhidinin xatirəsi əbədiləşdirildi — FOTO
"Şəhidlər Xiyabanının bazasında soyqrımı muzeyi yaradılsın"
Türkiyə yenə şəhid verdi
Prezident müharibə əlilləri və şəhid ailələrini sevindirdi
Əsgərlərin şəhid olduğu təpə belə alındı – FOTOLAR
Şəhidlər Xiyabanı ilə bağlı "həyəcan siqnalı"na cavab: "Təhlükə "Əbədi Məşəl"ə çatarsa..."
Teqlər:
Ziba Əsgərli, Bayram Əsgərli, Nurlan Bayram oğlu Əsgərli, aprel döyüşləri, oğul, "dördgünlük müharibə", Azərbaycan ordusu, müharibə, hərbçi, şəhid, Dağlıq Qarabağ, atəşkəs, əsgər

Əsas mövzular