01:38 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9848
Bakıda Novruz yarmarkası

Bakı əhalisi üçün fürsət: Martın 25-dək artıq xərc və əziyyətdən azadsınız

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
1415 0 0

Bayram yarmarkalarında qiymətlər və keyfiyyət əhalini qane edirmi?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Bir həftədən çoxdur ki, Bakıda metrostansiyaların qarşısında Novruz bayramı ilə əlaqədar yarmarkalar fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın əməkdaşı bayram yarmarkalarına baş çəkib, qiymətlərlə, satılan məhsulların keyfiyyəti ilə maraqlanıb.

"Nərimanov" metrostansiyası yaxınlığında fəaliyyət göstərən yarmarkalardan ərazi sakinləri, demək olar ki, razıdır. Bakı şəhər sakini Pərvanə Əliyevanın sözlərinə görə, yarmarkada qiymətlər bazarla müqayisədə xeyli münasibdir: "Mən, adətən, bayram bazarlığını "8-ci km bazarı"nda edirdim. Amma indi burada qiymətlərə baxanda, bazara getmədim və buradan almağa qərar verdim. Həm evimizə yaxındır, yəni yükü uzun yoldan alıb gətirmək məcburiyyətində qalmıram, Həm də qiymətlər münasibdir".

Bakıda Novruz yarmarkası
© Sputnik / Irade CELIL
Yarmarkalarda satılan çərəzlərin qiymətləri müxtəlifdir

P.Əliyeva o fikirdədir ki, Novruz el bayramı olduğu üçün mütləq bayram bazarlığı edilməli, süfrələr bəzədilməlidir: "Deyilənə görə, Novruzu necə qarşılasan, bütün ilin elə keçəcək. Yadıma gəlir ki, uşaqlıqda analarımız şəkərbura, paxlava bişirərdi. Biz də onlara kömək edərdik. Novruzu sevirik ki, əyləncəli keçir, yeməklər, çərəzlər bol olur".

Həmsöhbətimiz, həmçinin bayramların əvvəlki kimi keçirilmədiyindən də gileylənir: "Nə yalan deyim, indi hər şeyin dadı qaçıb. Yediyimiz şirniyyatlar belə, o dadı vermir. Əvvəllər analarımız bayrama bir ay qamış hazırlıq işlərinə başlardılar. O qədər şirniyyat bişirərdilər ki, bayramdan neçə gün qabaq və sonra belə şəkərbura, paxlava, qoğal aparardıq məktəbə. İndi çox şey dəyişib, keçmiş bayramların yeri görünür".

Digər alıcı Hüseyn dayı yarmarkadakı qiymətlərin münasib olduğunu desə də, bir çatışmazlığın onu narahat etdiyini bildirir: "Burada satılan məhsullar yerə yaxın piştaxtalara yığılıb. Yaxşı olardı ki, bəzi məhsullar, heç olmasa, yerdən yarım metr yuxarıda yığılaraq satılaydı. Üzərinə nəsə örtüləydi".

Müsahibiz, məhz bu səbəbdən marketdən, daha baha qiymətə satılan məhsulları almağa məcbur qaldığını əlavə edir: "Baxırsan, qiymət münasibdir. Ancaq məhsulların üstü açıqdır, toz-torpaq qonur. Məcbur olursan ki, gedib, marketdən bir az bahasını alasan".

Yarmarkadakı ərzaqların keyfiyyəti, haradan gətirilməsi ilə maraqlanırıq. Satıcı Vüqar Məmmədov deyir ki, satdığı qoz-fındıq Zaqatala məhsuludur. Məhsul özünün olduğuna görə qiymətlər də münasibdir: "Öz fındıq bağımız var. Özümüz gətirib, özümüz satırıq. Sağ olsunlar ki, bizə belə şərait yaradılır".

Satıcı onu da əlavə edir ki, bayrama hələ bir neçə gün qalmasına baxmayaraq, alıcı kütləsi az deyil: "Görürsünüz ki, hər qiymətə məhsul var. Bəzən olur ki, alıcı ucuz məhsula üstünlük verir. Bəzən isə bahalıdan az miqdarda almağa. Yəni hər şey insanın öz istəklərindən asılıdır. 200-300 qram alan da var, 2-3 kiloqram da".

Bakıda Novruz yarmarkası
© Sputnik / Irade CELIL
"28 may" metrostansiyası yaxınlığında təşkil edilmiş Novruz yarmarkası

Qeyd edək ki, bayram çadırlarında çərəzlərin qiymətləri müxtəlifdir. Belə ki, qoz-fındıq 7-14, şabalıd 7-9, badam ləpəsi 25, fındıq ləpəsi 12-15, turşu 5-8, kişmiş, iydə 8-10, innab 5 manata satılır. Meyvələrin qiymətinə gəlincə isə, banan 2-3, portağal 1,80, alma 1-2 manatadır.

Yarmarkada Novruzun simvolu olan səmənilərin qiyməti isə ölçüsündən asılı olaraq dəyişir. Belə ki, 1 manatdan tutmuş 10 manata qədər müxtəlif qiymətlərə səməni almaq mümkündür.

Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, şəhərin 10 ərazisində bayram yarmarkası üçün çadırlar quraşdırılıb və onların fəaliyyəti davam edir.

"Yarmarkalar metrostansiyalarının qarşısında olsa da, rayonlar üzrə fəaliyyət göstərir. Həmin rayonlar isə Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami və Xətai rayonlarıdır. Metronun "Nərimanov" stansiyasının qarşısında 5 çadır quraşdırılıb. Amma bu, 5 yarmarka demək deyil. Yarmarka kimi 1 obyektdir, sadəcə 5 ədəd kiçik çadırdan ibarətdir", — deyə qurum sözçüsü əlavə edib.

Ə.Bağırovun sözlərinə görə, yarmarkalar mart ayının 25-dək davam edəcək.

Əlaqədar

Bayram yarmarkaları açılır
Əmək yarmarkası: 634 vakansiya, 19 təcrübə proqramı
Ən şirin yarmarka
Arıçılıq məhsulları yarmarkası fəaliyyətə başlayıb
Teqlər:
metrostansiya, şəkərbura, satıcı, paxlava, Sputnik Azərbaycan, Novruz bayramı, alıcı, market, Bakı, yarmarka, bazar, qiymət

Əsas mövzular