20:05 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Hacı Qərib İsayevə məxsus qədim Quran

Azərbaycanlı Qərib baba İlahi əmanətləri ateistlərdən belə qorudu

© Sputnik / Shahperi Abbasova
CƏMİYYƏT
Qısa URL
107150

"Arxasında elmin, biliyin dayanmadığı din cəhalətdən başqa bir şey deyil"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın tarixi inkişaf xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, İslam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib.

Amma Sovetlər dövründə Azərbaycanda əsas milli ideoloji problemlərdən biri də dinlə, yəni İslam dini ilə bağlı olub. Kommunistlərin dinə tamamilə fərqli münasibəti var idi və bu, özünü 70 illik Sovet İttifaqı dövründə büruzə vermişdi. Doğrudur, kommunistlər digər sahələrdə olduğu kimi, ilk dövrlərdə din məsələsində də loyallıq nümayiş etdirmişdilər. Ancaq bu proses çox uzun çəkmədi və İslama qarşı qəti hücum əmri verildi.

Lakin həmin dövrlərdə elə din xadimləri də var idi ki, onlar gizli şəkildə dini ənənələri qoruyub saxlayırdılar. Belə din xadimlərindən biri də Hacı Qərib İsayevdir. O, Şəki rayonunun Çayqaraqoyunlu kəndində yaşayır. Yaşından, dinindən asılı olmayaraq, hər kəs ona "Qərib baba" deyə müraciət edir.

Hacı Qərib İsayev
© Sputnik / Shahperi Abbasova
Hacı Qərib İsayev

Qərib baba Sputnik Azərbaycan-a müsahibəsində danışır ki, "Quran"ı, ərəb əlifbasını Bahəddin Əfəndidən öyrənib: "Bahəddin Əfəndi Şeyx Hacı Yusif babanın oğlu idi. Məhəmməd peyğəmbər (s.a.s) o vaxt 24 min səhabəsini göndərib ki, "Quran"ı yaysınlar. O səhabələrin nəslinin nümayəndələrindən biri də Şeyx Hacı Yusif baba olub. Azərbaycanda Babaratma pirində İslam dinini yaymağa gəliblər. O, hələ Sovet hökumətinin qılıncının dalı-qabağı kəsən vaxtlarda dini ənənələri yaşadırdı".

Hacı Qərib İsayevin sözlərinə görə, o dövrdə komsomolçular xüsusilə onlara qarşı çıxır və "Quran" oxumağa qoymurmuşlar: "Komsomolçular gələndə şkaflarda gizlənirdik. Bütün çətinliklərə rəğmən, biz həmin şeyxin oğlu Hacı Bahəddin Əfəndidən dərs aldıq və ondan sonra fəaliyyətə başladıq".

"Gizli də olsa, cənazə namazlarımızı da qılırdıq. Cənazə namazını da qılmağa icazə vermirdilər. Məscidlərimizi gecələr gizli də olsa, işlədirdik, dinimizi yayırdıq, oruc tutanlar üçün, namaz qılanlar üçün təravih namazı qılırdıq. Dinin inkişafı üçün əlimizdən gələni əsirgəmirdik" – deyən din xadimini sözlərinə görə, o, qədim "Quran" kitablarını gizlədərək bu günə kimi saxlayıb.

Hacı Qərib İsayevə məxsus qədim Quran
© Sputnik / Shahperi Abbasova
Hacı Qərib İsayevə məxsus qədim "Quran"

"Məndə olan ən qədim "Quran"ın 450 yaşı var. O birilərdən birinin 370, digər kitabın isə 220 yaşı var. Bunlar Şeyx Hacı Yusif babanın kitablarıdır" – deyə Qərib baba bildirir.

Deyir ki, yaşadığı kəndin məscidi son dövrlərə qədər baxımsız vəziyyətdə olub. 2002-ci ildə kənd camaatının köməyi ilə məscid yenidən tikilib və fəaliyyət göstərməyə başlayıb.

Şəkinin Çayqaraqoyunlu kəndindəki məscid
© Sputnik / Shahperi Abbasova
Şəkinin Çayqaraqoyunlu kəndindəki məscid

Müsahibimiz hesab edir ki, dini-mənəvi dəyərlər bizi geri çəkməməlidir, irəli aparmalıdır: "Çünki İslam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa yönəldib.

Din adamları insanlara dini elə aşılamalıdırlar ki, dinlər insanlar arasına nifaq salmasın. Məzhəblərarası məsələlər mübahisə mövzusu olmamalı, ixtilafları qızışdırmaq üçün alətə çevrilməməlidir. İnsanlar ümumiyyətlə dini ixtilaflara vaxt və enerji sərf etməməlidirlər".

Onun fikrincə, belə ixtilaflar bütövlükdə inancımıza zərər vura, dövlətçiliyimizi zəiflədə bilər: "Dinimizin təbliği insanlara məhz birlik və vəhdət ideyasını çatdırmalıdır. Bəzi cərəyanlar var ki, onlar öz təbliğini başqalarının tənqidi üzərində qururlar. Təəssüflər olsun ki, bəzən də sosial şəbəkələrdəki mübahisələr bəzi din xadimləri tərəfindən qızışdırılır. İlk növbədə belə hallar sosial şəbəkələrdə yayılır, sonra real həyata sirayət edir".

Qərib baba bəzən dinin insanlara düzgün çatdırılmamasından şikayətçidir: "Həzrəti Məhəmməd "Savadsızlar arasında bir savadlı, ölülər arasında bir diri deməkdir" demişdi. Mənim övladlarımın hamısı ali təhsillidir. Mən özüm də "Quran"dan əlavə başqa kitablar da oxuyuram. Dini biliklərimi daim dünyəvi biliklərlə zənginləşdirirəm. Çünki bilirəm ki, arxasında elmin, biliyin dayanmadığı din cəhalətdən başqa bir şey deyil. Və o cəhalət ki, insanlara bədbəxtlikdən başqa heç nə gətirmir".

Əlaqədar

Böyük hökmdarın babası Azərbaycanda uyuyur
Babalarından qalma xəritənin izi ilə gedib xəzinə tapdılar
Dünyanın 11 bölgəsində məzarı olan sufi
Azərbaycanda "Dərvişlər məskəni": burada hər şey qeyri-adidir - yaşam da, ölüm də...
Teqlər:
Çayqaraqoyunlu kəndi, Hacı Qərib İsayev, Bahəddin Əfəndi, Şeyx Hacı Yusif babab, Qərib baba, Şəki rayonu, "Quran", Sovet İttifaqı, İslam dini, Məhəmməd Peyğəmbər, kommunizm, kitab, din, elm, kommunist, Azərbaycan

Əsas mövzular