23:54 23 Sentyabr 2017
Canlı yayım
Quraqlıq

Kəndli gözünü ona dikmişdi, o da əldən çıxdı...

© Sputnik / Shahperi Abbasova
CƏMİYYƏT
Qısa URL
553610

Fındığı nə ucuzlaşdırıb: keyfiyyətsiz məhsul, yoxsa inhisar?

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Bu il şimal-qərb bölgəsinin torpaqları yağış üzünə həsrət qalıb, desək, yanılmarıq. Son bir neçə ay ərzində isti hava şəraitinin ötən illərə nisbətən daha uzun çəkməsi və yağış yağmaması yerli sakinlərə baha başa gəlib. Havaların quraq keçməsi ilə yanaşı çaylarda sululuğun azalması da fermerləri çıxılmaz vəziyyətdə qoyub.

Quraqlıq kənd təsərrüfatı çox ciddi ziyan vurub
© Sputnik / Shahperi Abbasova
Quraqlıq kənd təsərrüfatı çox ciddi ziyan vurub

Qax rayon Qaşqaçay kənd sakini Həzrət Quliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, bu il torpağa əkdikləri hər şey yerindəcə quruyub. "Suvarma problemi və təbiətin şıltaqlığı bizi bu il hər şeydən məhrum elədi. Gözümüzü fındığa dikmişdik, o da olmadı" – deyə kənd sakini bildirib.

Onun sözlərinə görə, quraqlıq həm də qarğıdalıya, tütünə və bəzi bitkilərə də ziyan vurub. Mövcud şərait gəmiricilərin və ilanların çoxalmasına səbəb olub: "Vəziyyətin belə davam etməsi, yüzlərlə hektar meyvə bağlarını məhv etdi. Azərbaycanda builki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək".

Əksər ağaclar susuzluqdan quruyub
© Sputnik / Shahperi Abbasova
Əksər ağaclar susuzluqdan quruyub

Bu il Zaqatalanın fındıq bağlarında da məhsuldarlıq ötən ilə nisbətən zəifdir. Fındığın qiymətinin ötən illə müqayisədə aşağı olması da yerli sakinləri narazı salıb. Zaqatala rayonunun Dardoqqaz kəndinin sakini Abidət Ramazanova Sputnik Azərbaycan-ın əməkdaşına deyib ki, fındıq bağlarında əksər ağaclar susuzluqdan quruyub.

"Məhsuldarlığın aşağı düşməsinə baxmayaraq, qiymət nəinki qalxmayıb, əksinə, aşağı düşüb. Keçən il kilosunu 5-6 manata satdığımız fındığı bu il 1-1.50 manata sata bilirik. Kənddə artezianların az olması suvarma üçün problem yaratdı. Ümidimiz təkcə yağışa idi, o da yağmadı. Son bir neçə gündə müşahidə olunan küləkli hava şəraiti də fındıq yığımını tezləşdirib" — Ramazanova bildirib.

Məhsuldarlığın aşağı düşməsinə baxmayaraq, fındığın qiymətində artım olmayıb
© Sputnik / Shahperi Abbasova
Məhsuldarlığın aşağı düşməsinə baxmayaraq, fındığın qiymətində artım olmayıb

Qeyd edək ki, analoji vəziyyət Balakən və Şəki rayonlarında da hökm sürür. Balakən rayon sakini Nəsibə Məmmədova bildirib ki, onların əsas gəlirləri fındıqdandır. Lakin builki quraqlıq səbəbindən fındıq az olub. Üstəlik, fındığın qiyməti də ötən illə müqayisədə azı 3 dəfə aşağı düşüb. Kənd sakini hesab edir ki, normalda məhsul az olanda qiymətlər qalxmalıdır. Lakin fındıq tədarükçüləri və yerli inhisarçılar fındığı mümkün qədər aşağı qiymətə alırlar. Nəticədə ziyan kəndliyə dəyir.

"İl boyu gözümüzü fındığa dikirik ki, ondan gələn pulla bir ilimizi yola verək. Amma bu il qiymətlərin çox aşağı olması, heç ona çəkilən zəhmətin əvəzini ödəmir. Yaxşı olar ki, əlaqədar qurumlar və şəxslər bu məsələyə əncam çəksinlər. Bazarda alma-armudla fındığın qiyməti eyniləşib. Bu hal heç vaxt müşahidə olunmayıb" – deyə rayon sakini bildirib.

SSRİ dövründə qurulmuş suvarma sistemlərinin yararsız vəziyyətdə olması kəndlinin işini daha da çətinləşdirir
© Sputnik / Shahperi Abbasova
SSRİ dövründə qurulmuş suvarma sistemlərinin yararsız vəziyyətdə olması kəndlinin işini daha da çətinləşdirir

Şəki sakinləri də quraqlığın onlara vurduğu ziyandan şikayətçidirlər. "Əlbəttə, yağışın yağmaması, quraqlıq təbiətin işidir. Amma sovet dövründə suvarma sistemləri qurulmuşdu və quraqlıq kənd təsərrüfatına elə də zərbə vurmurdu. Çünki camaat tarlaları, ağacları suvarırdı. İndi isə suvarma sistemləri faktiki olaraq sıradan çıxıb. Bu işə məsul olan şəxslər isə suvarma problemini kəndli təsərrüfatlarının üzərinə yıxıb. Nəzərə almırlar ki, kəndlinin artezian qazdırmaq, su kanalları çəkdirmək üçün tələb olunan böyük vəsaitləri yoxdur. Bu işi dövlət etməlidir" – deyə şəkili fermer Akif Əliyev əməkdaşımıza bildirib.

Fındıq bağı
© Sputnik / Shahperi Abbasova
Fındıq bağı

O, qeyd edib ki, builki quraqlıq Şəki-Balakən bölgəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Bu amil kənd təsərrüfatı məhsullarının keyfiyyətinə də mane olur: "Əlbəttə quraqlıq olanda, fındığın, qozun içi boş olacaq, yaxud ləpəsi zəif olacaq. Belədə onun qiyməti də aşağı düşəcək. Fındığın ləpəsi ilə yanaşı qabığı da istifadə olunur. Onun qabığından mebellərin hazırlanmasında və yanacaq kimi istifadə olunur".

"Amma əsas gəlir, əlbəttə ki, ləpədən gəlir. Onun ləpəsindən yağ çəkilir, şirniyyatların hazırlanmasında, eləcə də çərəz kimi geniş istifadə olunur. İçi boş olan, yağlılığı az olan fındığı baha qiymətə almırlar. Bizim bölgənin qoz-fındığı Azərbaycanın başqa bölgələrinin məhsulundan öz yağlılığına, qabığın içində uzun müddət sağlam qala bilmə keyfiyyətinə görə fərqlənir. Ona görə də qiyməti adətən baha olur" – deyə Əliyev bildirib.

Qeyd edək ki, fındıq tədarükçülərı bölgədə fındığın az olması fonunda qiymətlərin aşağı olmasını xarici bazarlarda Azərbaycan məhsuluna tələbatın aşağı olması ilə izah edirlər. Onların sözlərinə görə, hazırda regionda əsas fındıq ixracatçısı Türkiyədir. Odur ki, xaricdə Türkiyə məhsuluna tələbat Azərbaycan məhsulu ilə müqayisədə yüksəkdir. Tədarükçüləri hesab edirlər ki, Azərbaycan məhsulu keyfiyyətcə də aşağıdır. Bu isə qiymətlərə mənfi təsir edir.

Qaşqa çayı
© Sputnik / Shahperi Abbasova
Qaşqa çayı

Lakin fındıq istehsalçıları tədarükçülərin fikirləri ilə razılaşmır. Onlar məntiqi olaraq belə bir sual verirlər: bəs ötən il nə baş vermişdi ki, Azərbaycan fındığının qiymətləri 3 dəfə qalxmışdı? Axı ötən il də Türkiyə regionda fındıq ixracatında lider idi və Azərbaycan məhsulunun da tərkibi dəyişməmişdi…

Əlaqədar

Şəkinin dağlarını alov bürüyüb, təhlükə kəndlərə yaxınlaşır
Tovuzun kəndləri minaatanlardan atəşə tutuldu
Bu ölkənin kənd təsərrüfatı kooperativlərdən asılıdır
Kəndlilərə "od qiymətinə" su satılır?
Kəndlinin qış ehtiyatı məhv oldu
Teqlər:
fındıq, şimal-qərb bölgəsi, Zaqatala, kənd, Qax, rayon, Şəki, məhsul, torpaq, yağış

Əsas mövzular