12:00 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
90320

İnternet əsri qəzet və jurnalların dövrünü qapatmaqda olsa da, o, zövq aldığı işində əvvəlki həvəslə çalışır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. O, 48 ildir mətbuat yayımı ilə məşğuldur. Hər səhər saat 8-də, ömrünün çox hissəsini keçirdiyi köşkünü açır. Yeni gələn qəzetləri köşkün qabağına düzür, köhnələri isə ayıraraq ayın sonunda qaytarmalı olduğu bağlamalara əlavə edir.

Az da olsa, gündəlik müştərilərinin sifarişlərini öz gəliş vaxtlarına uyğun olaraq bir tərəfə dəstələyir. Artıq neçə illərdir ki, onun doğma evi qədər əziz olan, 4.5 kvadrat metrlik kiçik köşkündə iş günü belə başlayır.

Diləfruz Məmmədova
© Sputnik / Ilham Mustafa
Diləfruz Məmmədova

Qəhrəmanım 79 yaşlı Tovuz rayon sakini Diləfruz Məmmədovadır. Tovuz rayonunda yerləşən "Azərmətbuatyayım"ın köşklərindən birində çalışır. İşlədiyi sahəyə təsadüf nəticəsində gəlsə də, sonrakı həyatını, demək olar ki, bu işə həsr edib. Yaşadığı rayonda insanların yenilənən informasiyalar, mətbu nəşrlər, idman və əyləncə sahəsində məlumatlar almasında böyük pay sahibi olub.

İnternet əsri qəzet və jurnalların dövrünü qapatmaqda olsa da, o, zövq aldığı işində əvvəlki həvəslə çalışır. Rayona yeni qəzet və jurnallar, ən geci 20 dəqiqəyə onun köşkündə düzülü olur.

Əvvəllərə baxanda qəzet-jurnal satışında çox böyük geriləmədən danışır Diləfruz xanım: "SSRİ-nin hər yerindən nəşrlər gəlirdi o vaxtlar. Abunə yazılanlardan da çox sifarişlər verilirdi. Sifarişi bir gün gecikəndə dava döyən adamlar da varıydı".

"Hamı oxuyurdu. İndi amma qəzet satışı çox zəifdir. Yəqin ki, əhalinin maddi çətinliyi də buna təsir göstərir. Bir çoxları isə heç maraqlanmırlar mətbuatla. Çox vaxt tanıdığım adamlara qəzet almağı təklif edirəm, "ona 40 qəpik verdiyimə tum alıb çırtlayaram" deyirlər" — müsahibimiz bildirir.

Diləfruz xanımın çalışdığı Azərmətbuatyayım köşkü
© Sputnik / Ilham Mustafa
Diləfruz xanımın çalışdığı "Azərmətbuatyayım" köşkü

Buna baxmayaraq, xüsusi qəzet həvəskarlarının hələ də olduğunu vurğulayır: "Hər gün eyni vaxtda gəlib öz qəzetlərini alan daimi müştərilər var. Onlar da olmasa, bəlkə buraxardım bu işi. Ən çox satılan isə krassvord qəzetləridir. Bundan başqa futbol və rəsmi qəzetlər də istəyirlər. Alınmayıb qalan qəzetləri isə ayda bir dəfə qaytarıram".

Qazanca gəlincə: "Burada satdığım məbləğin faizini alıram. Hər ay 300-350 manatlıq, bəzən 500 manatlıq qəzet satıram ki, bu da 10%-ə böləndə 30-35 manat edir. Əlavə kömək üçün dəftərxana ləvazimatları da satıram ki, gündəliyim çıxsın".

Artıq neçə illərdir köşk ikinci evinə çerilib Diləfruz xanımın. Bura gəlməyəndə evdə dayana bilmədiyini, köşkdə qəzetləri, jurnalları oxuduğunu, maraqlı bir şey olanda hər kəsə göstərmək istədiyini deyir: "Maraqlı bir şey oxuyanda bir qırağa qoyuram ki, gələn olanda göstrirəm. Maraqlananlar açıb baxanda deyirlər ki, "buna artıq internetdə rast gəlmişik". Əgər qəzetdə yazılanla internetdə olan eynidirsə, niyə pul verib almalıdırlar ki, qəzetləri?"

Əlaqədar

İyirmi yeddi qəzetə maliyyə yardımı ayrılıb
Azərbaycanda qəzet və sayt bağlandı
Azərbaycanda qəzetin fəaliyyəti dayandırıldı
Bu qəzet bu gün sonuncu dəfə çıxır
Qəzetlər bu zərbənin altından necə qalxacaq?
Teqlər:
köşk, Diləfruz Məmmədova, jurnal, Tovuz, qəzet, mətbuat, internet, yayım

Əsas mövzular