03:40 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
172010

"Dövlət məmurları birmənalı olaraq onların üzərinə qoyulan vəzifələri zamanında icra etməlidirlər"

BAKI, 20 iyul — Sputnik. "Dövlət qulluğu üzrə yaradılmış reyestrə məlumat daxil etməyən vəzifəli şəxslər 300-600 manat cərimələnəcəklər". Bu barədə ötən günlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlama vermişdi.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
© Sputnik / Murad Orujov
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

O, qeyd edib ki, reyestrdə hər bir dövlət qurumundan məsul şəxslərin adları yer alır: "Bu vaxta qədər 130 məsul şəxs dövlət qulluqçularının informasiya sistemində qeydiyyatdan keçib. Məsul şəxsləri müəyyən etməyən dövlət qurumlarına bu işi qısa zamanda həyata keçirməyi tövsiyə edirik. Bir daha xəbərdarlıq edirik ki, dövlət qulluqçuları barədə məlumatı reyestrə daxil etməyən vəzifəli şəxslər 300-600 man at cərimə ediləcək. Bundan başqa, reyestrdə dövlət qulluqçuları ilə bağlı müəyyən səhvlər var və bunları aradan qaldırmağı tövsiyə edirik. Məsələn, bəzi qurumlarda elektron bazada dövlət qulluqçularının telefon nömrələri qeyd edilmir".

Məsələ ilə əlaqədar "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Dövlət qulluğu haqqında" qanunvericiliyin pozulması, dövlət qulluqçularının reyestrinə məlumatların daxil edilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsində müxtəlif sanksiyalar nəzərdə tutulub: "Dövlət Qulluqçuları Reyestrinə məlumatın vaxtında, tam və ya düzgün verilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcəklər. Bu, hər şeydən əvvəl dövlət orqanının rəhbərini daha məsuliyyətli etmək üçündür".

"Eyni zamanda, dövlət qulluğunda çalışan hər bir şəxs haqqında tam və ətraflı məlumatlar olmalıdır. Bu, həm dövlət qulluqçusunun identifikasiya edilməsinə, həm də zəruri əlaqə və əks əlaqə sisteminin qurulmasına gətirib çıxarmalıdır. Ümumiyyətlə isə dövlət qulluğuna qəbul olan hər bir şəxs özü, ailəsi haqqında ətraflı məlumat verməlidir. Reyestr məlumatları konfidensial xarakter daşıyır. Bura ancaq səlahiyyətli şəxslərin girişi var. Bu baxımdan həm də təhlükəsizlik təmin edilir" — Nuriyev bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, dövlət qulluqçusu haqqında məlumatların tam olmaması bütövlükdə dövlət qulluqçusunun fəaliyyətinin gələcəkdə qiymətləndirilməsində və bir çox digər məsələlərdə problem yarada bilir: "Bundan başqa, bu gün çox təəssüf ki, bəzi hallarda vakant yerlər ilə bağlı məlumatlar verilmir. Bu isə həmin yerlərə müqavilə əsasında ayrı-ayrı şəxslərin götürülməsinə gətirib çıxarır ki, bu da dövlət qulluğunun tamlığını, bütövlüyünü təmin etmir".

"Doğrudur, müqavilə əsasında işə götürülən şəxslər heç vaxt dövlət qulluqçusu ola bilmirlər. Çünki müvafiq test imtahanı və müsabiqədən keçməyiblər. Bu, onların da ziyanınadır. Çünki dövlət qulluqçusunun imtiyazları var. Boş yerlərə mütləq ya müsabiqə, ya da daxili müsahibə keçirilməlidir. Hətta, daxili müsahibə keçirilirsə, həmin yerlər tutulmursa, onda həmin yerlər müsabiqəyə çıxarılmalıdır" — Fond rəhbəri vurğulayıb.

Hüquqşünasın fikrincə, digər tərəfdən, ayrı-ayrı məmurların öz yaxın qohumlarını həmin vəzifələrə gətirilməsi məsələsi var: "Bu, bir sıra hallarda müvafiq sövdələşmələr də yaratmaq imkanına, potensialına malik olur".

Ə. Nuriyev deyib ki, "Dövlət qulluğu haqqında" qanunun tələblərinə görə, bütün vakansiyalar Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir: "Mərkəz də həmin yerlər ilə bağlı müsabiqə elan etməlidir. Bu isə bütövlükdə dövlət qulluğunun həm təkmilləşdirilməsinə, həm keyfiyyətin artırılmasına, həm də rəqabətin güclənməsinə gətirib çıxardan bir amildir".

Hüquqşünas Ələsgər Məmmədli
© Photo : From the personal archive of Alesger Mamedli
Hüquqşünas Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, istənilən halda dövlət qulluqçuları qanunla onların üzərinə qoyulan vəzifələri icra etmə öhdəliyi daşıyırlar: "Və buna görə, əgər hər hansı bir formada həmin icradan yayınırlarsa, buna görə də hüquqi məsuliyyət məsələsi gündəmə gəlir. Əgər burada qəsd varsa, o zaman bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri var. Amma qəsd yoxdursa, sadəcə səhlənkarlıqdırsa, o zaman inzibati pozuntu meydana gəlir və buna görə də cərimə nəzərdə tutulur".

"Bu, doğru yanaşmadır ki, dövlət qulluqçuları, dövlət məmurları birmənalı olaraq onların üzərinə qoyulan vəzifələri zamanında icra etməlidir. Bu gün biz çoxlu sayda bu cür problemlərlə üzləşirik. Görürsən ki, qanun konkret vaxt müəyyən etdiyi halda, onlar bunu etmirlər və düşünürlər ki, cəza almayacaqlar, cərimə edilməyəcəklər. Amma bu, belə olmamalıdır" — Məmmədli qeyd edib.

Onun sözlərinə görə, dövlət qulluqçusu və ya vətəndaş fərq qoyulmadan əgər qanunu pozan tərəf varsa, qanun qarşısında məsuliyyət daşımalıdır: "İndiyədək təəssüf ki, prosesin bu formada işləməsinin səbəbi vətəndaş və ya dövlət qulluqçuları, məmurlar arasında ayrı-seçkiliyin yaranması olub. Vətəndaş qanunu pozanda dərhal cərimələnir, amma dövlət məmuru bu işi görəndə heç onun ruhu incimir. Ona görə də ümid edirəm ki, qanun dəyişikliyi bundan sonra ciddi şəkildə nəzarət olunaraq tətbiq olunacaq. Çünki qanunda olması, hələ onun tətbiq olunması anlamına gəlmir".

Onun fikrincə, qanuna çox sayda yaxşı müddəalar yaza bilərsiniz, amma onu tətbiq etmədiyiniz zaman faktiki olaraq yenə də o qanunun bir əhəmiyyəti qalmır: "Məsələn, "İnformasiya əldə etmək haqqında" qanunda da dövlət qulluqçularının, yəni, dövlət vəzifəlilərinin qanunvericiliyə görə verməli olduğu informasiyanı verməməsi, sorğuya vaxtında cavab verməməsi ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulub. Amma indiyədək heç bir məhkəmə qərarı yoxdur ki, biz görək ki, jurnalistin sorğusuna cavab verməyən məmur cəzalandırılır. Ona görə qanunun olması hələ bəs deyil, qanunun icra mexanizminin də olması önəmlidir. Ümid edək ki, bu da icra olunacaq".

Əlaqədar

Prezident məmurlara dondurma aldı
Qanunsuz ağac kəsilməsinə yol verən məmur cəzalandı
Bakıda məmur özbaşınalığının üstü açıldı
Səlahiyyət həddini aşan məmur işdən qovuldu, iş prokurorluğa göndərildi
Rüşvətxor məmurların reyestri yaradılır
İlham Əliyev vətəndaşları narazı salan daha bir məmuru cəzalandırdı
Teqlər:
dövlət qulluğu, reyestr, hüquqşünas, Ələsgər Məmmədli, Sputnik Azərbaycan, "Konstitusiya" Araşdırmalar Fondu, Əliməmməd Nuriyev, cərimə, məmur

Əsas mövzular