12:20 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
91911

Hüquq-mühafizə orqanlarına penitensiar sistemin səmərəli idarə edilməsi ilə bağlı qanun layihəsini iki ay müddətində hazırlayaraq prezidentə təqdim etmək həvalə olunub

BAKI, 18 may — Sputnik. Qobustan qapalı tipli həbsxanasındakı ömürlük həbs cəzası almış bir sıra məhbuslarla bağlı müsbət istiqamətdə dəyişikliklər gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu
© Photo : APA
Hüquq müdafiəçisi Novella Cəfəroğlu

Onun sözlərinə görə, hazırda hakimiyyətin yuxarı eşelonları Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixində verdiyi "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı necə həyata keçirmək üzərində düşünür.

"Dəyişikliklər artıq cəzasının 20 ilini çəkmiş şəxslərə şamil ediləcək. Amma dəfələrlə ağır cinayətlər törətmiş şəxslərlə bağlı cəzanın yumşaldılması gözlənilmir. "Ömürlük"lərin işinə baxılacaq və ittiham edildikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq, onların gələcək taleyi ilə bağlı qərar veriləcək. İşin baxılması zamanı şansı olanlar, ola bilsin ki, məhkəmə zalından azadlığa buraxılsın. Hazırda bu məsələ gündəlikdə durur" – deyə Cəfəroğlu bildirib.

Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər, penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir. Prezidentin sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.

Sərəncamdan irəli gələn məqsədlərin həyata keçirilməsi üçün, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiqi tələb olunur.

Burada azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi nəzərdə tutulur. Bununla yanaşı, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması tövsiyə edilir.

Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə AR Ali Məhkəməsinə, AR Baş Prokurorluğuna və AR Ədliyyə Nazirliyinə iki ay müddətində müvafiq qanun layihəsini hazırlayaraq dövlət başçısına təqdim etmək tövsiyə edilib.

Əlaqədar

Azərbaycan Prezidenti 423 məhbusu əfv etdi
Azərbaycanda hər 7 məhbusdan biri narkotikdə ittiham olunur
Hüquq müdafiəçisi: “Azərbaycanda məhbusların sayı azalacaq”
Keçmiş məhbus intihar edib
Məhbuslarla görüş keçirilib
Teqlər:
Novella Cəfəroğlu, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, sərəncam, Baş Prokurorluq

Əsas mövzular