06:03 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
At əti

İndi at-eşşək ətini yeyəkmi, yeməyəkmi?

© Sputnik / Vladimir Pesnya
CƏMİYYƏT
Qısa URL
22711

Bu heyvanların ətinin insan orqanizminə təsiri ilə bağlı mütəxəssislərin fikirləri haçalanır

BAKI, 6 apr — Sputnik. Bir müddət öncə ölkədə 5 min eşşəyin yoxa çıxdığı barədə rəsmi məlumat yayıldı. Bu informasiya sosial şəbəkələrdə müzakirəyə səbəb oldu və bəziləri yarızarafatla yoxa çıxan eşşəkləri dönərxanalarda axtarmağı məsləhət gördü.

Amma "od olmayan yerdən tüstü çıxmaz" deyiblər. Cəmi bir neçə gün sonra reyd zamanı icazəsiz sallaqxanalarda at ətinin kəsilməsi faktı müəyyən olundu və eyni zamanda, şimal rayonlarından birində xeyli miqdarda eşşək sümüyü tapıldı. Bu faktlar dolayısı ilə at və eşşək ətinin bazarlara və dönərxanalara ayaq açdığını sübut edir.

Orta Asiyanın bəzi dövlətlərində at və eşşək ətindən (o cümlədən südündən) istifadə edilməsi normal sayılır. At və eşşək əti haram sayılmasa da, Azərbaycanda belə bir ənənə yoxdur. Bəziləri bunu həmin heyvanların ətinin ziyanlı olması ilə izah etməyə çalışırlar. Sputnik Azərbaycan-ın əməkdaşı at və eşşək ətinin insan orqanizmi üçün zərərli olub-olmadığını mütəxəssislərdən soruşub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlara hər gün bu mövzu ilə bağlı 4-5 istehlakçı zəngi daxil olur: "Şikayətlərin əksəriyyəti ətin gec bişməsi, bişən zaman ətdən pis iy gəlməsi ilə bağlıdır. At və eşşək əti heç vaxt Azərbaycanda yeməli olmayıb. Amma bu gün aidiyyəti qurumların eşşək və at ətinin yeməli olmasını deməsi o deməkdir ki, onlar Azərbaycan xalqını eşşək və at əti yeməyə yönəldirlər. Beləliklə, düşmənlərin əllərinə səbəb verirlər ki, bizə "vəhşi xalq" desinlər".

"Eşşək və at ətinin yeyilməsinə müsbət baxan insanlar öz mövqelərindən çəkilməlidirlər. Çünki Azərbaycan xalqı tarixən heç vaxt eşşək, at ətini yeməyib. Birmənalı şəkildə bunun qarşısı alınmalıdır. Əks halda, bir çox xəstəliklər yayıla bilər" — deyə Eyyub Hüseynov əlavə edib.

Onun sözlərinə görə, istehlakçıların artıq heç bir istehsalçıya inamı qalmayıb və istehlakçılar istəyirlər ki, alacaqları ət gözləri qarşısında kəsilən heyvanın əti olsun: "Bu da şəhərin küçələrini sallaqxanaya çevirir".

E. Hüseynov əlavə edib ki, hər bir xalqın min illərlə formalaşmış həzm sistemi hormonları var: "Bizim bədənimizdə eşşək və at ətini həzm edən hormonlar yoxdur. Bu ətləri yedikdə həzm zamanı mədəaltı vəzinin fəaliyyətində problemlər yaranır. Nəticədə həzm sistemi pozulur və həzm orqanlarında xərçəng xəstəliyinə səbəb olur".

"Qanun sərtləşdirilməlidir. Qida təhlükəsizliyi ilə bağlı qanun tətbiq edilməlidir. Ölkə Prezidentinin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin yaranması nəzərdə tutulub. Gələn ildən fəaliyyətə başlayacağı gözlənilir. Bununla bağlı mən məktub yazaraq Baş nazirin müavini Əli Əhmədova müraciət etmişəm. Biz də Azad İstehlakçılar Birliyi olaraq istəyirik ki, bu qurumda təmsil olunaq və istehlakçıların səsini dövlətə çatdıraq. Məktuba cavab gözləyirik" — deyə Eyyub Hüseynov söyləyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov isə deyir ki, bütün heyvan ətlərinin satılmasına qanunla icazə var: "O halda ki, həmin ətlər baytarlıq laboratoriyasının müayinəsindən keçsin. Bu zaman heyvanın hardan gətirildiyi, hansı peyvəndləmədən keçdiyi bəlli olduqdan sonra heç bir heyvanın satışına qadağa qoyulmur".

Y. Həsənov qeyd edib ki, eşşək və at ətinin satılması laboratoriyadan keçdikdən sonra və ətin üzərinə at və ya eşşək əti yazılaraq satılarsa, qanunla icazə verilir: "Amma bəzi istehsalçılar qanunsuz olaraq ölü atların ətlərini mal əti adı ilə satırlar. Bu günə kimi tərəfimizdən bazarda heç bir eşşək ətinin qeyri-qanuni satışına rast gəlinməyib. Tərəfimizdən çox sayda ölü at ətlərinin satışı aşkarlanıb və satışdan çıxardılıb".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, sağlam at və eşşək ətinin insan orqanizminə heç bir mənfi təsiri yoxdur: "Sadəcə, tarixən mətbəximizdə bu heyvan ətlərindən istifadə edilmədiyi üçün insanlar bu heyvan ətlərindən istifadə etmirlər".

Həkim Rasif Bağırov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, eşşək və at əti insan orqanizmi üçün təhlükəli deyil: "Sadəcə, Azərbaycan əhalisi heç vaxt bu məhsullardan istifadə etməyib. Bu ətlərin tərkibində yağlılıq və əzələ lifləri digər heyvan ətlərindən fərqlənir".

"Amma bu, onun təhlükəli olması demək deyil. Məsələ ondadır ki, biz bu heyvan mənşəli ətləri yemirik. Bir sözlə, bu məsələ mentalitetimizlə bağlıdır. At və eşşək ətlərinin orqanizm üçün təhlükəsi yoxdur və heç bir xəstəlik əmələ gətirmir" — həkim vurğulayıb.

Əlaqədar

Sərnişin avtobusuna eşşək mindirdilər
Sərhəddi keçərkən "dəmir at"ınızı unutmayın
Azərbaycan Moldovaya at əti ixrac edəcək
Şəkidə qanunsuz at əti satışının qarşısı alınıb
At qəssablarına qarşı əməliyyat
Teqlər:
eşşək, Yolçu Həsənov, dönər, at, Sputnik Azərbaycan, Rasif Bağırov, Eyyub Hüseynov, Azad İstehlakçılar Birliyi, ət, qanun

Əsas mövzular