CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qaynanam yataq otağımıza girir"

CC0 / chadkrue17 / heartƏlində sınmış ürək formasında kağız parçası tutmuş qadın. Arxiv şəkli
Əlində sınmış ürək formasında kağız parçası tutmuş qadın. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloqlar qaynanalarla davranış qaydalarını izah ediblər

BAKI, 22 yan-Sputnik. Dahilərdən biri deyib ki, xoşbəxt olmaq istəyirsənsə, hər şeyə göz yummağı bacarmalısan. İnsan müəyyən qədər göz yummağı bacarsa da, bir gün "səbr kasa"sı dolub daşır.

Qəhrəmanımız, 27 yaşlı Bakı sakini Elnarə Quliyeva da "səbr kasası" dolub-daşanlardandır. Dörd ildir ailə həyatı quran bu gənc qadın Sputnik Azərbaycan-a verdiyi müsahibədə ailəsində baş verən problemlərdən yorulduğunu deyir. "Bütün problemlərin başında qaynanam durur" — deyən müsahibimiz çıxış yolunu boşanmaqda görür.

"Sevdiyim insanla ailə həyatı qurmuşam, yoldaşım evin tək oğludur. Anası demək olar ki, bizim bütün işlərimizə qarışır. Hara getdik, niyə gec gəldik, nə yedik, nə geyindik hər şeylə maraqlanır. Hətta yataq otağımıza qədər girir. Bir oğlum var, inanın, uşağı necə böyütmüşəm, xəbərim olmayıb. Səhər yataq otağımıza girib uşağı götürür, ancaq mənə yemək yedizdirmək üçün verir. Yoldaşım da səhər işə gedir, bir gecə yataqda üzünü görürəm. Evdən heç yerə çıxa bilmirəm, bütün gün ev işləri ilə məşğul oluram. Öz övladıma belə analıq edə bilmirəm" — deyən müsahibimiz çarəzsiz vəziyyətdə olduğunu bildirir.

Qaynanası ailənin hər işinə müdaxilə etdiyi üçün rahat yaşaya bilmədiyini deyən gəlin, çarəsiz durumda olduğunu bildirir: "Qayınanam yatağıma qədər başını soxur, cinsi həyatımla maraqlanır. Acınacaqlı vəziyyətdəyəm. Yoldaşım da "tək oğluyam deyə o da sevgisini mənə bağlayıb" deyir. Nə edim, bilmirəm".

Sosioloq Nəzakət Əhmədovanın sözlərinə görə, gəlin-qaynana problemi bütün dövrləri aktual problemlərindən biridir. Gəlinlər qaynanaların ailələrinə müdaxilə etməsindən, qaynanalar isə gəlinlərin oğullarına "sahib" çıxmasından şikayət edirlər. Bu problemlər uzun müddət davam etdiyində, boşanma ilə nəticələnir. Sosioloq hesab edir ki, belə problemlərin qarşısını almaq oğulun öhdəsinə düşür. Belə ki, oğul ailə qurduğu ilk gündən hər iki tərəfə yerini bildirməli, onları üz-üzə, qarşı-qarşıya buraxmamalıdır: "Çox zaman oğullar evləndikdən sonra yoldaşı ilə anasını üz-üzə buraxırlar. Deyirlər ki, özünüz necə bilirsiniz, dolanın. Bu da imkansızdır. Çünki gəlin yad mühitdən bu ailəyə düşüb, qaynana isə oğlunu qısqandığı, paylaşmaqda çətinlik çəkdiyi üçün evinə gələn bu qızı qəbul etməkdə çətinlik çəkir. Evdə mübahisələr baş qaldırır və bu, uzun müddət davam etdikdən sonra, qaynana gəlini bu evdə istəmədiyini, gəlin isə belə qaynana ilə birlikdə yaşamaqdan imtina etdiyini bildirir və ailə dağılır".

Müsahibimiz hesab edir ki, bu problemin birdəfəlik həlli yoxdur. Yəni bu, dərin kökləri olan bir problemdir.

"Gəlin birinci gündən özünü ailənin qızı, qaynana da özünü ana kimi aparsa, evdə heç bir problem yaşanmaz. Gəlin çalışmalıdır ki, ailəsinin, sevdiyi insanın, həyat yoldaşının xatirinə evdə olan bütün söz-söhbətə göz yumsun, qaynana da öz növbəsində gəlinin bütün səhvlərini bağışlamalı, ona bilmədiklərini öyrətməyə çalışmalı, ən azı yataq otağında onları baş-başa buraxmalıdır" — deyir sosioloq.

Gənclərlə yaşlıların zamana, cəmiyyətə baxışlarının müxtəlif olduğunu və yaranan problemlərə də elə bu fikir ayrılığının səbəb olduğunu deyən N. Əhmədova bir çox qaynanaların hələ də "gəlin mənim süpürgəmdir, harada qoydumsa, orda durmalıdır" prinsipi ilə yaşadıqlarını dilə gətirdi.

Psixoloq Ülviyyə Hüseynova isə deyir ki, son zamanlar gənc ailələr ona müraciət edir.

"5-6 ay əvvəl ailə qurmuş gənclər müraciət edərək, bir-birini sevdiklərini, lakin ailədə bir-birini başa düşmədiklərini deyirlər. Söhbətlər zamanı məlum olur ki, problem gənclərdə deyil, 3-cü şəxs sayılan qaynanalardadır. Qaynanalar da müxtəlif olur. Bəziləri "yad qızı"nın evində "ağalıq" etməməsi üçün idarəedən qüvvənin özü olmasını istəyir. Belə qaynanalarla yola getmək o qədər çətin olmur. Onlar sadəcə olaraq, özlərinə hörmət edilməsini, onlarla məsləhətləşməni sevirlər. Bəzi analar isə yaşlandıqlarından gəlinə "paxıllıq" etdikləri üçün ara qarışdırmağa çalışırlar. Özlərini tez-tez gəlinlə müqayisə edir, gəlini gözdən salmağa çalışırlar. Belə qaynana ilə yola getmək həddən artıq çətindir. Gəlin ilk gündən qaynanasının hansı tipə aid olduğunu fərqləndirə bilsə, bu ailədə yaşamaq onun üçün rahat olacaq" — deyir psixoloq.

Müsahibimizin dediyinə görə, araqarışdıran, özünü gəlinlə müqayisə edən qaynanalara qarşı bir qədər hiylə işlətmək lazımdır. Onunla elə davranmaq lazımdır ki, sanki dünyanın ən ağıllı, ən bacarıqlı, ən savadlı qadını odur.

Ü.Hüseynova onu da deyib ki, gənclər ailənin dağılmasını istəmirlərsə, hər şeyə göz yummağı bacarmalıdırlar.

Xəbər lenti
0