21:53 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
615701

Qiymətlər o zaman sabitləşə bilər ki, ajiotaj fonunda artan dolların məzənnəsi normallaşsın

BAKI, 18 yan — Sputnik. Hazırda istehlak bazarında qiymətlər üzərində bir neçə istiqamətdən təzyiqlər formalaşıb və bu gün müşahidə etdiyimiz daha çox idxal inflyasiyasının nəticəsidir. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Ekspertin fikrincə, hazırda əhalinin gəlirləri, istehlak qabiliyyəti artmır, həyat səviyyəsi yüksəlmir: "İnflyasiyanın baş verməsinin əsas səbəbi odur ki, ötən 2 ildə Azərbaycan manatının məzənnəsi xeyli geriləyib. Azərbaycan kimi istehlak bazarı idxaldan daha çox asılı olan ölkələrdə devalvasiyalardan sonra idxal inflyasiyasının ciddi sürətlənməsi davamlı müşahidə olunan hallardan biridir. Azərbaycanda da, məhz bu, baş verir".

İqtisadçının sözlərinə görə, 2017-ci ildə qiymətlərin artımı davam edəcək: "Hazırda rəsmi açıqlanan rəqəmlər heç də gerçəkliyi tam əks etdirmir. Əslində, xüsusilə də ərzaq məhsulları bazarında qiymətlər 14,7 faizdən çox artım nümayiş etdirib. Bir çox məhsullar üzrə qiymət dəyişməsi, hətta 70-80 faizə qədər yüksəlir. Yəni, faktiki olaraq istehlak bazarlarında qiymət dəyişməsi indeksi mövcud rəsmi rəqəmlərdən kifayət qədər yüksəkdir. Bundan sonra da prosesin davam etməsi yenə 2017-ci ildə manatın məzənnəsindən asılı olacaq".

Onun fikrincə, böhran faktiki olaraq mövcud qiymətlərə təsirini göstərir: "Çünki, ilk əvvəllər müvafiq qurumlar hansısa formada bazarlara müdaxilə edərək istehlak qiymətlərinin artım tempinə maneə yaratmaq istəyirdi. Amma sonrakı dövrlərdə bu, heç də iqtisadi cəhətdən uğurlu addım olmadığı üçün, eyni zamanda, bazarlarda qıtlığa səbəb olacaq bir vəziyyətin yaranması qarşısında hökumət bundan imtina etdi".

Ekspert qeyd edib ki, hazırda qiymətlərin artmasını əngəlləyən, yəni inflyasiya səviyyəsinin daha yüksək olmasının qarşısını alan amillərdən biri əhalinin gəlirlərinin sürətlə azalmasıdır: "Hətta rəsmi rəqəmlərdən çıxış etsək, 2016-cı ildə ölkə vətəndaşının gəlirlərində 4 faiz real azalma baş verib. Yəni, gəlirlərin artımı ilə inflyasiyanın artım səviyyəsi arasında 4-5 faizlik fərq yaranır. Qeyri-rəsmi rəqəmlərdə bu, kifayət qədər yüksəkdir. Təxminən 17-20 faizə qədər fərq yaranıb. Bu isə qiymətlərin artımını əngəlləyən bir təzyiq predmeti olaraq bazarlarda ortaya çıxır".

"Amma buna baxmayaraq, məhsulların böyük bir qisminin idxal mənşəli olması sahibkarların qiymətləri məcburən müəyyən qədər artırmasına gətirib çıxardıb. Əks halda fəaliyyət tamamilə səmərəsiz olur və bu da son nəticədə məhsulların, malların, xidmətlərin idxalından imtinaya gətirib çıxarda bilər" — Həsənov qeyd edib.

Nazim Məmmədov - iqtisadçı-ekspert
Nazim Məmmədov - iqtisadçı-ekspert

Onun sözlərinə görə, qiymətlərin sabitləşməsi üçün manatın real məzənnəsini tapması əsas siqnallardan biri olacaq: "Manat real məzənnəsini tapandan, eyni zamanda ölkənin tədiyyə balansındakı risklər azalandan sonra qiymətlərdə də müəyyən sabitləşmə müşahidə oluna bilər. Bunu da təxminən orta müddətli dövrdə gözləmək mümkündür".

Keçmiş deputat, iqtisadçı-ekspert Nazim Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan idxaldan asılı olduğuna diqqət çəkib: "Çünki, ərzaq və qeyri-ərzaq məhsulları üzrə idxaldan 80 faizə qədər asılılığımız var. Düzdür, son illərdə qida sənayesində bəzi emal müəssisələri qurulub. Ancaq onların da istifadə etdiyi xammal digər ölkələrdən gətirilir. Yəni, ona qismən yerli istehsal demək mümkündür. Bütün bunların alınması üçün biznes adamları, sahibkarlar valyuta xərcləməli olurlar. Əgər valyutanın məzənnəsi davamlı olaraq dəyişəcəksə, stabilləşməyəcəksə, idxal məhsullarının qiymətlərində stabilləşmədən söhbət etmək olmaz".

Onun sözlərinə görə, valyutanın artım kursu ilə ərzağın artım tempini müqayisə etdikdə, çox ciddi qeyri-proporsionallıqla üzləşirik: "Bu, faiz etibarı ilə dolların qiymətindən çox fərqlənir. Bu, o deməkdir ki, bahalaşmada daha çox digər amillər rol oynayır. İdxal monopoliyası deyilən bir anlayış var. Keçən ilin əvvəlindən gömrük orqanları ətrafında yerləşən broker kompaniyaları yığılsa da, hələ də bəzi məhsulların Azərbaycana idxalı müxtəlif şirkətlərə bağlıdır. Bir məhsulu eyni adam gətirirsə, istehsal edirsə, rəqabət yoxdursa, ədalətli qiymət formalaşa bilməz".

"Qiymətlər o zaman sabitləşə bilər ki, ajiotaj fonunda artan dolların məzənnəsi normallaşsın. Manata olan təzyiqin, təkcə idxal ilə bağlı olduğunu düşünmürəm. Çünki, daha çox valyutanın ölkədən çıxarılması prosesinin şahidiyik. Bu, "kapital axını" adlanır. Bu da manata təzyiqi daha da artırıb. Stabilləşmə o zaman olacaq ki, həm valyutanın məzənnəsi stabilləşsin, həm də Azərbaycanda inhisarlaşma ilə bağlı struktur islahatları aparılsın və bu, aradan qaldırılsın" — N. Məmmədov vurğulayıb.

Qeyd edək ki, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,8 faiz bahalaşıb. 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,4 faiz bahalaşıb.

Əlaqədar

Şirkət məhsullarının bahalaşması ilə bağlı açıqlama verdi
Avtomobil bazarında böyük bahalaşma
Kommunal xidmətlər bahalaşacaq
Yeyib-içmək "Azərsu" məmuruna baha başa gəldi
"Nəqliyyatda və yanacağın qiymətində bahalaşma olacaq"
Paytaxtın mənzil bazarında bahalaşma
Siqaret və spirtli içkilər bahalaşıb
Azərbaycan nefti bahalaşdı
Teqlər:
istehlak, Rəşad Həsənov, gəlir, Nazim Məmmədov, bahalaşma, əhali, ərzaq, ekspert, iqtisadçı, inflyasiya, Azərbaycan, manat, dollar, qiymət

Əsas mövzular