12:36 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Şərab

Şərab istehsalçılarının ən böyük dərdi bəlli oldu

© Sputnik / Vitaliy Ankov
CƏMİYYƏT
Qısa URL
64220

Prezidentin şərabçılığın problemlərini qaldırmasından sonra, ölkədə bu sahənin inkişafı ilə bağlı ümidlər yaradıb

BAKI, 11 okt — Sputnik. Bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min — 2 milyon ton üzüm yığılırdı.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. Dövlət başçısı bildirib üzümçülüyü şərabçılığa çevirməyin vacibliyini bildirib.

"Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür, ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün", — Prezident vurğulayıb.

İlham Əliyev hazırda yeni üzüm bağlarının salınmasını da müsbət dinamika kimi dəyərləndirib: "Ancaq burada dövlət dəstəyi daha da güclü olmalıdır, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə ki, mən ilk növbədə ixracı nəzərdə tuturam. Şərabçılığın inkişafı ölkədə alkoqollu içkilərin istehlakına səbəb olmamalıdır. Çünki bizim xalqımız sağlam həyat tərzi sürməlidir".

"Hətta İraq da bizdən şərab istəyir"

Dövlət başçısının gündəmə gətirdiyi problemi Sputnik-ə şərh edən "Az-Granata" şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov, Azərbaycan şərabına tələbatın çox olduğunu deyib: "Son vaxtlar Yaponiya bizimlə işləmək istəyir. Amma bizim üçün ən əsas bazar Çin bazarıdır. Ən çox şərabı da Çin istəyir. Başqa xarici ölkələrə də məhsul satırıq: Almaniya, Yaponiya, Çin və s. Hətta İraq da bizdən şərab istəyir".

Azərbaycanda elə avadanlıqlar var ki, Fransa istehsalı olmasına baxmayaraq, özü Fransada tətbiq edilmir: "Yəni, yüksək keyfiyyətli avadanlıqlar var. Şərabın yüksək keyfiyyətli olması üçün ən vacib şərtlərdən biri çəlləyidir. Çəlləklər də hamısı Fransadan gəlir. Azərbaycanın əksər zavodları artıq palıd çəlləkləri alıb".

Şərabçılıqla bağlı yaşanan problemlərə gəlincə, professor ilk növbədə tanınma məsələsinə toxunub: "Fikrimcə, şərablarla bağlı televiziya reklamları təkcə gecə saat 23.00-dan sonraya saxlanılmamalıdır, gün ərzində də olmalıdır. Çünki, şərab təkcə alkoqol məhsulu deyil, həm də qida məhsuludur. Yəni, onun insan orqanizminə xeyri çoxdur".

Şərabçılıq
© Karikatura
Şərabçılıq

Direktor müavini şərab mədəniyyətinin yüksəlməsi üçün zaman lazım olduğunu da qeyd edib: "Sovet dövründə, yalnız günəş şüasının altında çənlər qalırdı. Keyfiyyətsiz ordinar şərablar buraxılırdı. Hazırda Azərbaycanın buraxdığı şərabların keyfiyyəti heç də fransız şərablarından geri qalmır. Ancaq Azərbaycan üçün bazar indi açılır. Çünki, yeni avadanlıqların gətirilməsi, yeni üzüm bağlarının salınması vaxt tələb edir. Bir şərabın hazırlanması üçün minimum 3-5 il vaxt lazımdır. Ona görə bir az gecikirik".

V. Mikayılovun sözlərinə görə, devalvasiyalardan qabaq ölkədən şərab ixracı sərfəli olmayıb: "Dolların məzənnəsi 0.78 manat olanda bizə ixrac etmək sərf etmirdi. Ona görə ki, xaricə satırdıq 1 dollar 40-50 sentə, bizim pul ilə 1 manat 20 qəpiyə. Yəni, daxili bazarda həmin məhsulu 2 manat — 2 manat 50 qəpiyə sata bildiyimiz halda, ikiqat ucuzuna ixrac etmək sərfəli deyildi".

Vüqar Mikayılov
© Photo : V.Mikayılovun şəxsi arxivindən
Vüqar Mikayılov

"Ancaq indi şərabın qiyməti 1,4-1,5 dollar, yəni 2 manatdan yuxarı olduğu üçün, artıq istehsalçılarımız ixracda maraqlıdırlar. Hazırda bu istiqamətdə işlər gedir. Bu proses gələcəkdə şərabın inkişafına səbəb olacaq", — mütəxəssis bildirib.

"Rusiya bazarına ona görə girə bilmirik ki…"

Şərabçılıq sahəsində Rusiya bazarında əhəmiyyətli yer tuta bilməməyimizin səbəblərinə gəlincə, professor deyib: "Azərbaycanın bu istiqamətdə, Almaniyada, Fransada və s. yerlərdə öz bayrağı altında sərgilər keçirməsinə baxmayaraq, Rusiyada bunu təşkil edə bilməmişik. Gürcülərin, ermənilərin öz bayraqları altında sərgilər keçirib, mallarını nümayiş etdirmələri fonunda, Azərbaycan malları onlarınkından daha keyfiyyətli olmasına baxmayaraq, biz tanıtdıra bilmirik. Bizim Rusiya bazarına çıxışımızı ləngidən amillərdən biri budur".

V. Mikayılov gələn ilin fevral ayında Rusiyada beynəlxalq qida sərgisinin keçiriləcəyini də qeyd edib: "Hər il fevral ayında bu sərgilər keçirilir. Heç olmazsa, bu sərgidə Azərbaycanın şərab zavodlarını birləşdirib ölkəmizin bayrağı altında məhsullarını nümayiş etdirsələr, bu, Azərbaycan şərablarının MDB ölkələrinə axınının 30 faizədək artımını təmin edə bilər. Buna dövlət dəstəyi olmalıdır".

"Çatışmayan bir cəhətimiz də Azərbaycanda Şərabçılar Assosiasiyasının olmamasıdır. Belə birliklər, demək olar ki, bütün dünyada var. Bunu ölkəmizdə yaratmağın artıq vaxtı yetişib. Dövlət dəstək verməli və şərabçılar birliyi yaradılmalıdır. Bunları etsək, daha çox satışa nail olacağıq", — professor vurğulayıb.

"İlk növbədə markalaşmanı bacarmalıyıq"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də Sputnik-ə açıqlamasında, şərablarımızın ixracı ilə problemlərin olduğunu deyib: "Bu, dünyada kifayət qədər rəqabətli bir sektordur. Azərbaycan bu sahədə çox qədim ənənələrə malik olsa da, dünya bazarına çıxmaq baxımından çox da böyük təcrübəsi yoxdur".

Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
© Photo : Из личного архива Э. Багирзаде
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

"Ölkəmiz, əsasən Sovet dövründə bu sahə üzrə ixtisaslaşıb. Sovet dövründən sonra biz ənənəvi bazarları itirdik. Ancaq buna baxmayaraq şərab sektoru Azərbaycanda ixrac qabiliyyətlidir. Yaradılmış əlavə dəyərin şərab sektorunda yüksək olması bizə imkan verir ki, daha çox kənd təsərrüfatı məhsulları arasında bu sahədə ixtisaslaşaq. Yəni, bu gün dünya bazarında daha çox əlavə dəyər yarada biləcəyimiz məhsullar üzrə ixtisaslaşmalıyıq", — mütəxəssis bildirib.

İqtisadçının fikrincə, Azərbaycan ilk mərhələdə post-sovet məkanında üstünlüyü ələ keçirə bilər: "Bunun üçün də çoxlu işlər görülməlidir. Ümumilikdə, biz ixrac məhsullarının şərab da daxil olmaqla markalaşmasının bacarmalıyıq. Xarici bazarlarda bizim ciddi markalaşmamız getməlidir. Bunu edə bilsək, Azərbaycan ilk mərhələdə MDB məkanında, Türkiyədə, turizmin inkişaf etdiyi ölkələrdə bazara daxil ola bilər. Ümumilikdə, dünya bazarında yer tutmaq o qədər də asan məsələ deyil, bu, rəqabətli sektordur".

Əlaqədar

Azərbaycan şərab istehsalçılarının diqqətinə!
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir
Azərbaycanda satılan spirtli içkilərlə bağlı müdhiş fakt
Qarabağın tut arağı: həm keyfiyyətli içki, həm də can dərmanı
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Bu içki 45 min xərçəng xəstəsini sağaldıb
Teqlər:
Vüqar Mikayılov, "Az-Granata", Elşən Bağırzadə, istehsal, şərab, içki, İlham Əliyev

Əsas mövzular