23:28 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
39020

Dəfələrlə buralardan çıxıb getmək istəyib. Amma tərbiyə etdiyi, böyütdüyü uşaqlardan ayrıla bilməyib.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 27 avq — Sputnik. Müharibə illərində valideynlərindən ayrı düşmüş anası "Körpələr evi"ndə böyüyüb. Buzovna və Mərdəkandakı uşaq bağçaları yaddaşında silinməz iz buraxıb. Milliyyətcə rus olan bir qadın 30 ildən çoxdur ki, Azərbaycanın ucqar kəndində müsəlman uşaqlarının tərbiyəsi ilə məşğuldur.

Rəfael Hüseynov "Vaxtdan uca" əsərində 11-ci əsr Azərbaycan şairi Məhsəti Gəncəvi haqqında belə bir ifadə işlədib: "qocalmayan gözəl". İmişlidə yaşayan Mariya Mixayılovna Lauşova da təbiətin "həmişəcavan" yaratdığı tək-tək xanımlardan biridir.

Ondakı tükənməyən həyat eşqinə, yaradıcılıq potensialına, dözümə, iradəyə, işgüzarlığa adam heyran qalır. Həyatı ziqzaqlı yollardan keçsə də, o, heç vaxt müvazinətini itirməyib, ən çətin vəziyyətdə belə, ayaqda qalıb. Onun ən böyük amalı cəmiyyət üçün faydalı iş görmək olub.

"Müharibə əcdadlarımı bir-birindən ayrı salıb"

Mariya xanımın həm nənəsi, həm anası, həm də özü azərbaycanlıya ərə gedib. Dediyinə görə, qardaş və bacıları qarışıq nikahdan doğulsa da, özü xalis rusdur: "Ata və anam milliyyətcə rus olub. Ana nənəm Petrova Tamara Tixonovna Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq — A.Y.) şəhərində yaşayıb. O, Vladimir Samsonov ad-soyadlı, general rütbəli hərbçiyə ərə gedib. Anam Qalina da orada doğulub".

  • Mariyanın 1 yaşı qeyd edilir
    Mariyanın 1 yaşı qeyd edilir
    © Photo : Şəxsi arxiv
  • Mariya anası ilə
    Mariya anası ilə
    © Photo : Şəxsi arxiv
  • Mariya xalası Validə ilə
    Mariya xalası Validə ilə
    © Photo : Şəxsi arxiv
  • Mariya texnikumu bitirərkən
    Mariya texnikumu bitirərkən
    © Photo : Şəxsi arxiv
  • Mariya həyat yoldaşı İmanverdi ilə
    Mariya həyat yoldaşı İmanverdi ilə
    © Photo : Şəxsi arxiv
  • Mariyanın anası, bacıları və bacısı qızı
    Mariyanın anası, bacıları və bacısı qızı
    © Photo : Şəxsi arxiv
  • Mariya qızı Rada ilə
    Mariya qızı Rada ilə
    © Photo : Şəxsi arxiv
  • Mariya Mixayılovnanın nəvələri
    Mariya Mixayılovnanın nəvələri
    © Photo : Şəxsi arxiv
  • Məzrəli uşaq bağçasının köhnə binası
    Məzrəli uşaq bağçasının köhnə binası
    © Sputnik / Ayaz Yaşılyarpaq
  • İmişlinin Məzrəli kəndində uşaq bağçası üçün tikilən yeni binanın açılışı
    İmişlinin Məzrəli kəndində uşaq bağçası üçün tikilən yeni binanın açılışı
    © Photo : Şəxsi arxiv
  • Uşaq bağçasının yeni binasının açılış mərasimi
    Uşaq bağçasının yeni binasının açılış mərasimi
    © Photo : Şəxsi arxiv
1 / 11
© Photo : Şəxsi arxiv
Mariyanın 1 yaşı qeyd edilir

"1941-ci ildə almanların hücumu zamanı Leninqraddakı mülki əhali müxtəlif yerlərə köçürülüb. Həmin vaxt anam atasının yanında imiş. Nənəmin Bakıya göndərildiyini bilib, Vladimir uşaqla birgə Azərbaycana gəlir. Amma burada arvadını tapa bilmir. Vaxtı məhdud olduğundan babam anamı uşaq evlərindən birinə verib, tələsik cəbhəyə qayıdır", — həmsöhbətimiz danışır.

Tamara Tixonovna sonralar azərbaycanlıya ərə gedib və bu nikahdan 3 uşaq doğulub. Daha bir maraqlı fakt odur ki, nənəsi ikinci ərindən doğulan qızına da Qalina adını verib. 50-ci illərdə o, müharibə vaxtı itirdiyi qızının axtarışında olub və onu uşaq evindən tapıb. Elə buradaca qeyd edək ki, birinci Qalina 86 yaşında Bakıda vəfat edib, ikinci Qalina isə hazırda Əlcəzairdə yaşayır.

"Mən özümü "bakılı balası" hesab edirəm"

Anası Saratovdan Bakıya işləməyə gəlmiş Mixaıl İvanoviçlə ailə qurub. Mariya 1962-ci ildə Bakıda doğulub: "O vaxt evimiz "Köhnə Əhmədli"də olub. Buzovna və Mərdəkandakı uşaq bağçaları-körpələr evindəki oyunlarımız hələ də xatirimdən silinməyib. Həmin uşaq müəssisələrindən çəkilmiş şəkillərimiz də var. Buna görə özümü "bakılı balası" hesab edirəm".

6 yaşından sonra Mariyanın həyatında kəskin dəyişikliklər baş verib. O, bərk xəstələnir, ardınca valideynləri ayrılır və bir müddətlik Azərbaycanı tərk etməli olur: "Düz bir il Bakıdakı xəstəxanalarda müalicə olunmuşam. Həkimlər əllərini üzübmüş ki, bu qız qalmayacaq. Amma mənim müalicəmə kömək edən, qan verən bir insan olub, onun sayəsində həyatım xilas edilib. Anam əvvəlki ərindən ayrılaraq ona ərə getdi və məni də özüylə götürüb Qazaxıstana apardı. Səhv etmirəmsə, 1969-cu il idi".

19 yaşlı müfəttiş

Onlar Qazaxıstanın "fəhlə qəsəbəsi" kimi tanınan Jezkazqan şəhərinə köçürlər. Mariya burada məktəbə gedir. 8-ci sinfi bitirəndən sonra Selinoqrad şəhər maliyyə-iqtisad texnikumuna daxil olur.

Çox sonralar Qazaxıstanın paytaxtına çevrilən və "Astana" adlandırılan bu şəhər elə o vaxtdan beynəlmiləlçiliyi ilə fərqlənib — burada 100-dən çox millətin nümayəndəsi yaşayıb. O, dünyagörüşünün artmağında, multikultural dəyərlərə yiyələnməsində bu şəhər mühitinin müstəsna rolu olduğunu qeyd edir. Təhsilini rus dilində almaqla yanaşı, gənc yaşlarında ingilis və qazax dillərini də öyrənməklə daha geniş ünsiyyət və mütaliə imkanı əldə edir.

19 yaşında yaraşıqlı qızın ayaq basdığı müəssisələrdə həyəcan yaşanır, hamı pıçıltı ilə bu xəbəri paylaşırmış: "Müfəttiş gəlib!" Mariya xanım etiraf edir ki, nəzəri biliklərə yiyələnməklə yanaşı, köhnə müfəttişlərin söhbətləri onun çox karına gəlib. Ciddi maliyyə pozuntuları aşkar edəndən sonra onun işi vilayət üzrə başqa maliyyə müfəttişlərinə nümunə kimi göstərilir.

Ucqar kənddə ilk işi yol çəkdirmək olub

Amma yenə də şəxsi həyatında baş verənlər yaşayış yerini dəyişməsi ilə nəticələnir. 1983-cü ildə Mariya xanım İmanverdi adlı azərbaycanlı ilə ailə qurur. Toylarından az sonra əri onu öz valideynlərinin yaşadığı yerə — İmişli rayonunun Məzrəli kəndinə gətirir. Beləcə şəhər mühitində böyümüş gənc qadın, ucqar və şəraitsiz kəndə düşür.

"Belə şəraitə ilk vaxtlar uyğunlaşmaq çətin idi, stress keçirirdim. Yollar bərbad olduğundan, evdən bir yerə getmək olmurdu — yağıntılı günlərdə palçıq dizə çıxır, yayda toz-duman havaya qalxırdı. Rayon partiya komitəsinə ilk müraciətim yolla bağlı oldu", — qadın danışır.

Mariya xanım bütün gününü dörd divar arasında keçirmək istəmirdi. Onsuz da onu evdə bekar oturmağa qoymayacaqdılar — digər kənd qadınları kimi kolxoza üzv edib, pambıq sahəsi ayıracaqdılar. Necə ki, bunu sonralar ediblər. Bunadək o, "Muğanstroy" adlandırılan müəssisədə işləyib.

Amma deyir ki, mühafizəkar mühitin hökm sürdüyü bir yerdə gənc rus qadınının işləməsi ailəsində söz-söhbətə səbəb olurdu: "Həyat yoldaşımın əsəbləri dözmədi, ay yarım keçməmiş məni işdən ayırdı. Bir qədər sonra Məzrəli kəndindəki uşaq bağçasında mühasib kimi işə düzəldim. 1990-cı ildə isə həmin tərbiyə müəssisəsinin müdiri təyin edildim".

"Rus çarlarının hərbi zastavası"nda açılan bağça…

Məzrəli kəndindəki uşaq bağçasının köhnə binası rus çarlarının dövründə hərbi zastava kimi tikilibmiş. Ondan uzun müddət hərbçilər istifadə ediblər. Sovet hakimiyyəti illərində burada əvvəlcə ibtidai məktəb fəaliyyət göstərib. Məktəb üçün yeni tədris binası tikiləndən sonra isə boş qalan tikilidə uşaq bağçası açılıb.

"Mən bağçanı qəbul edəndə sovet hakimiyyətinin axır vaxtları idi. Get-gedə qida təminatı azalırdı. Soyuq vaxtı otaqların qızdırılması üçün yanacaq materialı olmadığından işçilərimlə birgə meşədən quru odun toplamaq məcburiyyətində idik. Pəncərələrin sınıq şüşələrini yeniləmək imkanı olmadığından "klyonka" çəkməli olurduq. Otaqlarda ilan, siçovul gözə dəyirdi. 1993-cü ildə bir neçə köçkün ailəsinin də burada yerləşdirilməsi ilə vəziyyət lap gərginləşdi" — Mariya xanım deyir.

Bu çətin dövrdə bəzi yaşayış məntəqələrində uşaq bağçaları fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Ardınca belə müəssisələrin özəlləşdirilməsi barədə də qərar çıxır.

Dediyinə görə, bütün təzyiq və məhrumiyyətlərə baxmayaraq, o, Məzrəlidəki uşaq bağçasının qapadılmasına imkan verməyib: "Davamlı şəkildə müraciətlər edir, bağçanın fotoşəkillərini də çəkib hər yerə yollayırdım. Görürdüm, tək bacara bilmirəm, övladları bizdə tərbiyə alan valideynləri də bu işə cəlb etmişdim. Dəfələrlə komissiya gəlib şəraitimizə baxıb. Nəhayət 2014-cü ildə bizə yeni, müasir üslubda bağça binası tikildi".

"Mən bir nəsil tərbiyə etmişəm"

Mariya xanım etiraf edir ki, dəfələrlə bu yerlərdən çıxıb getmək istəyib, amma bağçadan, uşaqlardan ayrıla bilməyib: "Vaxtilə bizim böyüdüb tərbiyə etdiyimiz uşaqlar indi övladlarını bağçaya gətirir. Buradan, bu insanlardan ayrılmaq mənə çox çətin olar. Bəzilərinə elə gəlir ki, müdirdir, deməli, yaxşı dolanır. Hazırda əmək haqqı olaraq ayda əlimə təmiz 163 manat gəlir. Hələ də mərhum qaynanamın köhnə evində yaşayıram. Bu müddətdə nə etmişəmsə, dövlətim, xalqım üçün olub".

Mariya xanımın üç övladı var. Zarafatla deyir ki, indi evi də ikinci uşaq bağçasına çevrilib — işdən yorğun-arğın qayıdandan sonra onun Raksana, Oksana, Ruslan, İshaq, Viktoriya adlı nəvələri ilə məşğul olmaq qayğısı var. İşdə də, evdə də azərbaycanca danışır.

Əsas mövzular