18:23 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Bakıda massaj salonu

Massaj salonu, yoxsa...?

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
127721

Memar Əcəmi sakinləri hər gün qarşılaşdıqları iyrənc mənzərədən təngə gəliblər.

BAKI, 3 avq — Sputnik. "Bax elə dünən axşam, VAZ 21-07 markalı maşından düşən iki nəfər cavan oğlan özləri ilə gətirdikləri azyaşlı həyat qadınını küçənin ortasında başqasına "təhvil verib" ərazidən uzaqlaşdılar".

Bu fikirləri redaksiyamıza yaşadıqları ərazidə insan alverindən narahat olduqlarını vurğulayan Memar Əcəmi metrosu yaxınlığında yaşayan bir qrup sakin bildirib.

Sakinlərin sözlərinə görə, bu cür hadisələrə Memar Əcəmi metrosu yaxınlığında axşam saatlarında tez-tez şahid olurlar.

"Bu azyaşlı qızın məsələsi o ərazidə şahidi olduğumuz yeganə hadisə deyil. Yaşlı nəslin nümayəndələrindən xəbər alsanız, sizə deyərlər ki, paytaxt Bakı sovet dövründə necə mədəni, tərbiyəli şəhər idi. Mikrorayonlar isə şəhərin zəhmətkeş təbəqələrinin ən çox məskunlaşdığı yerlərdir. Əhalisinin çoxunu rayonlardan gələn insanlar təşkil edirdi. Burada əxlaqi prinsiplər xüsusilə qorunurdu. Hamı başa düşürdü ki, bura şəhərdir və şəhərin öz qaydaları var.

 İnsanlar bir-birinə mane olmadan, bir-birinə hörmətlə yanaşaraq, qarşılıqlı anlaşma şəraitində yaşamalıdırlar. Sovet dövründə əxlaqsızlığın olmadığını demək yalan olar. Əlbəttə vardı, amma indiki kimi, küçənin ortasında qadın alveri edən yox idi. Massaj salonu adı altında fəaliyyət göstərən fahişəxanalar yox idi. İndi isə hər addım başı bir "massaj salonu" çıxır qarşımıza. Özü də ən sıx prospektlərdə, yaşayış binalarının ya 1-ci mərtəbəsində, ya da zirzəmisində" — deyə mikrorayon sakinləri bildiriblər.

Onların sözlərinə görə, bu cür "salon"lar üçün işləyən xüsusi adamlar var. Bu adamlar Azərbaycanın rayonlarını bir-bir dolaşaraq kimsəsiz, ailəvi problemləri olan azyaşlı qızları və qadınları tələyə salıb Bakıya gətirirlər. Və sonra, pul müqabilində onları salonlara satırlar.

Sakinlər hökumətimizi bu cür hallara qarşı ciddi addımlar atmağa çağırırlar:

"Heç olmasa bundan sonraki nəsilləri xilas etməyə çalışaq. Bizim hər birimizin övladı, qızı var. Belə hallarla rastlaşanda utanırıq, xəcalət çəkirik. Həm də narahat oluruq ki, uşaqlar da bunları görürlər və bu, onların mənəviyyatına, psixologiyasına mənfi təsir göstərir. Hökumət bu barədə ciddi addımlar atmalıdır."

"Qızlarım məktəbə gedib qayıdana kimi özümü narahat hiss edirəm. Çünki, o xaraba "massaj" salonunun yanından keçirlər. Qapının ağzı avaralarla doludur. O murdar yerə girib çıxanın sayı bəlli deyil. Hamı da bilir ki, ora əxlaqsızlıq yuvasıdır. Amma bir əncam çəkən yoxdur. Vəziyyətə baxın ki, mən məcbur qalıb evimi satışa qoymuşam. Satan kimi şəhər ətrafına köçməyi düşünürəm. Çünki bu yerdə qız böyütmək təhlükəlidir". — deyə sakinlərdən biri bildirir.

Sakinlərin müraciətləri əsasında Sputnik-in əməkdaşı sözügedən əraziyə gedib və müşahidələr aparıb.

Memar Əcəminin son illərdəki inkişafı göz qabağındadır. Geniş park salınıb, yollar asfaltlanıb, metronun yeni çıxışı ən müasir formada tikilib və sakinlərin ixtiyarına verilib.

Nurlana Əliyeva, fizioterapevt
© Photo : N.Əliyevanın şəxsi arxivindən
Paytaxtın ən çox "açıq hava" çayxanası Memar Əcəmidədir desək, yəqin yanılmarıq. Hər çayxananın da qabağında, müştəri cəlb etmək üçün həddən artıq açıq-saçıq geyimdə qızlar dayanır. Acınacaqlısı isə odur ki, həmin çayxanaların üstü yaşayış evləridir. Həmin binalardan birində yaşayan Mürvət Babayev adlı sakin Sputnik-in əməkdaşı ilə söhbətində deyib ki, burada baş verənlərlə bağlı şikayətlərə heç kəs qulaq asmır:

"Ötən il orta yaşlı, ailəli bir kişi bu çayxanalardan şikayətçi olmuşdu. Yarıçılpaq geyimdə olan ofisiant qızlara görə arvad-uşağının balkona çıxa bilməməsindən gileylənirdi. Amma sonra nə oldusa, söhbət bağlandı. Yəqin ki, onu hədələdilər".

Ətrafdakı məhəllə sakinləri və ağsaqqallar ürəkləri dolu olsa da, mediaya bu barədə öz adları ilə danışmaq istəmirdilər.

"İndi hələ bir az yaxşıdır. Əvvəllər bu döngədə adsız qumarxana var idi. Özü də düz polis bölməsinin yanında. Məktəblilər də girib-çıxırdı ora. Sevinirik ki, oranı bağladılar. Amma yenə də, Əcəmi dəyişən deyil. Axşam 9-10-dan sonra gəlin bura, görün nələr baş verir. Maşına qız mindirən kim, küçə ilə gedən qız-gəlinə sataşan kim". — deyə sakinlərdən biri bildirir.

"Massaj" salonunu əli ilə göstərərək "bax ora fahişəxanadır. O, obyektə məktəblilər də girib-çıxır, vəziyyətin nə yerdə olduğunu özünüz görürsüz də" — deyir.

Kənardan müşahidə edirik. Üzərinə "Massaj salonu" sözləri yazılıb. İlk baxışdan bura insanları narahat etməməli idi. Axı normalda massaj salonları sağlamlıq ocaqlarıdır. Amma görünən budur ki, o, həqiqətən də massaj salonu olsaydı, heç kim həmin obyekti barmaqla göstərməzdi.

Biz problemi yazdıq və ünvanı göstərdik. Problemi həll etmək isə hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının üzərinə düşür.

Əlaqədar

İki uşaq atası masaj salonları ilə bağlı prezidentə müraciət etdi
Beliniz ağrıyanda masaja qaçmayın!
Teqlər:
sovet dövrü, VAZ 21-07, Memar Əcəmi, mikrorayon, Bakı, Azərbaycan

Əsas mövzular