06:36 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
59111

Rasim Qaraca: Seymur Baycan cəmiyyətin təlxəyə çevirə bilmədiyi nadir insanlardan biridir.

BAKI, 1 mart-Sputnik. Bir neçə gün öncə yazar Seymur Baycan yeni kitabının çapına sponsor tapmaq məqsədilə mediada müraciətini açıqlamışdı. Onun müraciətinə ilk reaksiya Tolik ləqəbli prodüsser Tarix Əliyevdən gəlib. O, Seymur Baycanın kitabının çapına maliyyə dəstəyi verə biləcəyini deyib. Bu günsə Tolik, İnstagram hesabında məsələyə zəruri əlavəsini edib: "Əgər o kitab müxalifətyönlüdürsə onda mən yoxam. Yox əgər o kitab öz həyatından bəhs edirsə, ya da ki, hansısa roman, poemadırsa, onda mən kömək edəcəyəm".

Sputnik-in əməkdaşı Seymur Baycanın sponsorluqla bağlı müraciəti və Tolikin reaksiyası ilə bağlı Azərbaycanın müasir dövrünün yazarlarının rəyini öyrənib.

Rasim Qaraca: Cəmiyyət Seymurdan qisas almaq istəyir

Rasim Qaraca, yazar
© Photo : Rasim Qaraca
Rasim Qaraca, yazar

Yazar Rasim  Qaraca deyib: "Məsələ yazarın sponsordan asılılığında deyil. Tolik kimdir ki, Seymuru maliyyələşdirsin. Birincisi, Seymur bunu qəbul etməz. Ümumən, Seymur təmənnalı birisi deyil. Bu müzakirələrin psixoloji altyapısını mən belə görürəm: Seymur Baycan cəmiyyətin təlxəyə çevirə bilmədiyi nadir insanlardan biridir. Amma cəmiyyət özü təlxəyə çevrilib, oyuna gətirilib, kullanılıb və atılıb. İndi cəmiyyət qəzəblidir və Seymurdan qisas almaq istəyir, onun da özü kimi olmasını istəyir. Bu mənasız müzakirələrin belə geniş yayılmasının səbəbi budur, məncə. Yazıqlar olsun! Başqa nə demək olar?"

Zahir Əzəmət: Seymura sponsorluq edəcək adamlardan biri elə mən…

Zahir Əzəmət, yazar
© Photo : Zahir Azamat
Zahir Əzəmət, yazar

Ann.az saytının baş redaktoru, yazar Zahir Əzəmət: "Seymur Baycanın hər addımı cəmiyyətə hesablanmış sivil bir aksiyadır. Qaynar.info —da dərc olunan "Kitabıma sponsor axtarıram" bəyanatının məqsədi indiki qarışıq və boz dönəmdə diqqəti həm də yazarların ağır durumuna yönəltmək idi. Tolikin reaksiyası da lap "onluq"dan vurdu. Deməli, aksiyanı baş tutmuş hesab etmək olar. Görün Azərbaycan mədəniyyət sektorunu yönəldənlər hansı gündədirlər. Hətta Tolik onlardan daha operativ, daha həssas və daha anlayışlıdır. Tolik şərt filan diktə edəcək, etməyəcək, bunun artıq heç bir əhəmiyyəti yoxdur. Əminəm ki, Seymur bu təklifi mədəni şəkildə rədd edəcək. Seymurun yetərli sayda dostları var ki, onun kitablarını heç bir senzura tətbiq etmədən çap edə biləcək. Biri elə mən. Aksiya baş tutdu."

Dilqəm Əhməd: Əgər Tolik Seymura dəstək olursa, onun işinə əsla qarışmamalıdır

Dilqəm Əhməd, yazar
© Photo : Dilgam Ahmad
Dilqəm Əhməd, yazar

Gənc yazar Dilgəm Əhməd: "Mən hazırda üzərində işlədiyim kitabdakı arxiv sənədlərinin alınması üçün vətəndaşlara müraciət etmişdim. 50-dən çox şəxs mənə yardım elədi. Mənim kampaniyam belə idi ki, mənə 20 manat verən hər şəxsə kitab çap olunanda pulsuz kitab verəcəm. Yəni mən qabaqcadan şərt qoymuşdum ki, sonradan mənim işimə qarışmasınlar. Tolikin Seymur Baycana dəstəyinə təəccüblənmədim. Çünki mənim kampaniyamda gözlədiyim şəxslərdən daha çox, gözləmədiyim insanlar dəstək oldu. Tolikə təşəkkür edirəm ki, belə bir işə qol qoyub, onu tənqid edən yazıçının kitabına dəstək olmaq istəyir. Lakin Tolik unutmamalıdır ki, bir vətəndaş olaraq Seymura dəstək olursa, yazıçının işinə əsla və əsla qarışmamalıdır. Çünki bu artıq kitaba dəstək olmaq yox, sifarişli kitaba bənzəyir. Ümid edirəm ki, Tolik kitabın müxalif olub-olmamasından asılı olmayaraq, dəstəyini göstərəcək və örnək davranış sərgiləyəcək. Sponsordan asılı olmaq pis bir şeydir. Nəşriyyatın müəyyən tələbləri ola bilər, normaldır. Amma kitab çapının pulunu mən verirəm, istədiyim havanı oynamalısan yanaşması absurd və ayıb bir şeydir".

Cəlil Cavanşir: Tolik Seymura prodüsserlik də edə bilər

Cəlil Cavanşir, yazar
© Photo : APA
Cəlil Cavanşir, yazar

Yazar Cəlil Cavanşir: "Tolikin Seymura dəstək nümayiş etdirməsi məni xeyli duyğulandırdı. Axır ki, bizim qələm adamlarına da sahib çıxan fədakar insanlar tapıldı. Tolikin şəxsi haqqında, fəaliyyəti haqqında dolğun məlumata malik deyiləm. Amma Tolik Seymur Baycanın kitabına sponsorluq edəcəksə, bundan sonra Tolikin həyat və yaradıcılığını geniş şəkildə araşdıracam. İstənilən şəxsin sponsorluq etdiyi müğənniyə, sponsorluq etdiyi yazıçıya, sponsorluq etdiyi şairə diqtə etmək hüququ var. Tolikin Seymura şərt qoyması normaldır. Hətta Tolik Seymura növbəti kitabın mövzusu, yeni romanın süjet xətti, yeni hekayələrinin ideyaları ilə bağlı tövsiyələr verə bilər. Eyni zamanda Tolik Seymura prodüsserlik edib, onu şou-biznes aləmində də təbliğ etməli, sponsorluq etdiyi kitabı zəhmətinin bəhrəsi kimi, efirlərdə reklam etməlidir. Naşirlər, nəşriyyatlar bu mütərəqqi hadisələrdən qürur hissi keçirməli, bütün qələm adamları toliklərin axtarışına çıxmalıdır."

Teqlər:
Tarix Əliyev, Tolik, Cəlil Cavanşir, Dilqəm Əhməd, Zahir Əzəmət, Seymur Baycan, Rasim Qaraca, yazar, Instagram

Əsas mövzular