12:10 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
101150

Redaksiyalar arasında qiymət məsələsində ciddi fikir ayrılığı var: "Azadlıq" və "Yeni Müsavat" qiymətləri qaldırıb, "Bizim Yol" və "Şərq" isə buna lüzum görmür

BAKI, 8 yan-Sputnik. Azərbaycan Dövlət Nəşriyyatı yanvarın 5-də qəzet redaksiyalarına məktub göndərərək, çap xərclərini 25% qaldırdığı barədə məlumat verib. Sputnik, çap xərclərinin artırılmasının qəzetlərin durumuna və qiymətlərinə nə dərəcədə təsir göstərəcəyini araşdırıb.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, qəzetin qiymətini qaldırmaqla onun məsrəflərini qarşılamaq, gəlir əldə etmək və ümumilikdə çap mətbuatının vəziyyətini düzəltmək mümkün deyil: "Adi Türkiyə və Azərbaycan qəzetlərini müqayisə etsək, hal-hazırda 16 səhifəlik Azərbaycan qəzetləri 80 səhifəlik Türkiyə qəzetlərindən bahadır. Azərbaycan mətbuatının ciddi bazarı yoxdur. Ölkədə sosial problemləri olan insanlar qəzetləri almaqda maraqlı deyillər və bu, hazırkı vəziyyətdən çıxış yolu da deyil".

A.Aşırlı artan qiymətlərin fonunda çap mediasının ümumiyyətlə yaşayıb-yaşamayacağına da aydınlıq gətirib: "Hazırda çap mediası ilə müqayisədə on-line media öndədir. Hətta sosial şəbəkələr internet saytlarını da geridə qoyurlar. Bütün dünyada kağız medianın internet mediaya uduzması prosesi gedir. Düşünmürəm ki, Azərbaycanda çap mətbuatı tezliklə sıradan çıxacaq. Çünki oxucunun etimadı daha çox çap mediayadır".

Akif Aşırlı, Şərq qəzetinin baş redakoru
© Photo : Hafta
Akif Aşırlı, "Şərq" qəzetinin baş redakoru

Baş redaktorun sözlərinə görə, xəbər bolluğu və operativlik məsələsində qəzetlər çoxdan xəbər saytlarına uduzublar: "Qəzetin on-line mediadan üstünlüyü xəbərin alt qatlarına enmək imkanının olmasında və peşəkarlıqdadır. İnternet məkanında ciddi xəbər saytları ilə yanaşı çoxlu sayda da qeyri-ciddi saytlar var. O qeyri-ciddi saytlar çox vaxt ciddi saytları sıradan çıxarır, ya da üstələyir. Düşünürük ki, qəzetləri saxlamaq üçün hələ ki, dövlətin gücü var. Qəzetlər Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDDF) vəsaitləri ilə bir müddət çap ediləcək. Amma bu sahədə ciddi islahatlara ehtiyac var. Hazırda qəzetlərin reklam bazarı formalaşmadığından, onlar daha çox dotasiya hesabına maliyyələşirlər. Artıq reklam bazarının formalaşmasına şərait yaradılmalıdır".

"Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev də deyib ki, hazırda qəzetlər rentabelli deyil: ""Bizim yol"u öz vəsaitlərimiz və KİVDDF —nin ayırdığı vəsaitlər hesabına çıxarırıq. Çap xərclərinin və kağızın qiymətlərinin qalxmasına baxmayaraq, biz qiymətləri qaldırmayacağıq".

"Qiymətləri qaldırsaq belə, yenə də qəzetin əsas xərcləri satışdan gələn gəlirlər hesabına deyil. Ona görə də qəzetin satış qiymətini qaldırmağa lüzum görmürük", —deyə baş redaktor vurğulayıb.

Bahəddin Həziyev, Bizim Yol qəzetinin baş redaktoru
şəxsi Facebook səhifəsindən
Bahəddin Həziyev, "Bizim Yol" qəzetinin baş redaktoru

"Azadlıq" qəzetinin baş redaktor əvəzi Rahim Hacıyev isə, artıq qəzetin qiymətini 10 qəpik qaldırdıqlarını bildirib: "Çap xərcləri 25% qaldırılıb. Nəzərə alanda ki, kağızın qiymətləri də bazarda 50% qalxıb, onda bizim qəzetin qiymətini qaldırmaqdan başqa çarəmiz yox idi. Odur ki, "Azadlıq" qəzetinin qiymətini 50 qəpikdən 60 qəpiyə qaldırdıq".

"Əvvəl qəzeti 20 qəpik qaldırmağı düşünürdük. Sonra fikirləşdik ki, əhalinin alıcılıq qabiliyyəti buna imkan vermir və biz oxucu itirə bilərik. Əslində qəzetin qiyməti 75 qəpik olsaydı, bu, artan qiymətlərin fonunda məsrəfləri ödəmək üçün kifayət edərdi", —deyə R.Hacıyev bildirdi.

Rahim Hacıyev - Azadlıq qəzetinin baş redaktor əvəzi
amerikanınsesi
Rahim Hacıyev - Azadlıq qəzetinin baş redaktor əvəzi

O, qeyd edib ki, ölkədə qəzetlərin reklam bazarının olmaması, KİVDDF —nin "Azadlıq" kimi oxucu marağı böyük olan qəzetlə əməkdaşlığı dayandırması qəzetin vəziyyətini ağırlaşdırır

"Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov da qəzetin qiymətini 2016-cı ilin 5 yanvarından etibarən 10 qəpik qaldırdıqlarını qeyd etdi: "Əvvəllər 40 qəpik idi, indi 50 qəpikdir. Biz bu barədə qərarı hələ 21 dekabrda manatın ikinci devalvasiyasından qabaq vermişdik. Hələ ötən ilin fevralında birinci devalvasiya baş verəndən sonra biz qiymətləri artırmamışdıq. İlin sonuna yaxın qərar qəbul etmişdik ki, qiymətləri yanvarın 5-dən artıraq. Yanvarın 5-də Nəşriyyat bizə çap xərclərini 25% artırdığı barədə məktub göndərib. Biz bu məktubdan sonra da qiymətləri artırmamışıq".

O deyib ki, qiymət artımı çap xərclərinin 25% artırılması ilə yekunlaşmır: "Kağızın qiyməti də xaricdən dollarla alındığı üçün 50% artıb. Vəziyyət belə olan təqdirdə, qəzetlər ya qiymətləri qaldırmalıdır, ya da öz çapını dayandırmalıdır. Düşünürük ki, digər qəzetlərlə məsləhətləşmələr aparmalıyıq. Biz 25% artan çap xərcləri və 50%- artan kağız qiymətləri ilə qəzeti saxlaya bilmərik".

Ələsgər Süleymanov, Yeni Müsavat qəzetinin baş direktoru
şəxsi Facebook səhifəsindən
Ələsgər Süleymanov, "Yeni Müsavat" qəzetinin baş direktoru

Ə.Süleymanov onu da deyib ki, tiraj yüksəldikcə, qəzetin maya dəyəri də aşağı düşür. Əgər yayıma tətbiq edilən qadağalar aradan qalxsa, tiraj da, satış da yüksələ bilər. Qəzet satışından əldə edilən gəlirlərin qəzetin maya dəyərini və digər məsrəflərini ödəyib-ödəmədiyinə gəlincə, Ə.Süleymanov deyib ki, əgər qəzetin 1-i 1 manata satılsa, onda bu xərclər ödənər. "Amma indiki vəziyyətdə oxucunun 1 manat verib qəzet almaq imkanı olacaqmı? Düşünürəm ki, hazırda ölkədə əhalinin sosial-iqtisadi vəziyyəti, alıcılıq qabiliyyəti o qiymətə qəzet almağa imkan vermir. Biz qəzetin qiymətini o həddə qaldırmaqla, ancaq oxucu itirə bilərik" — deyə Ə.Süleymanov əlavə edib.

Əlaqədar

Azərbaycan qəzetlərindən biri rəsmən ləğv olundu
“Qara siyahı” – bu dəfə “reket” qəzetlər yox, verilişlər üçün...
Qəzetlərin gələcəyi necə olacaq?
Teqlər:
rahim, ələsgər, bahəddin, azadlıq, şərq, müsavat, bizim yol, akif, qəzet

Əsas mövzular