CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reza Deqati təbiətin müharibənin izləri üzərində qələbəsini göstərdi - FOTO

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidReza Deqati
Reza Deqati - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Deqati: "30 illik müharibədən və işğaldan Qarabağın torpağı da əziyyət çəkdi. Hara baxıramsa, partlayış izləri, minalar və təhlükəli sursat qalıqları var. Ancaq təbiət öz işini görür, çiçəyin ətri barıt qoxusundan daha güclüdür".

 

BAKI, 12 iyun — Sputnik. Məşhur fotoqraf Reza Deqati təbiətin müharibənin izləri üzərində qələbəsi ilə bağlı paylaşım edib. Qarabağda çəkdiyini vurğulanan fotoda döyüş sursatı və onun ətrafını bürüyən çiçəklər əks olunub.

"30 illik müharibədən və işğaldan Qarabağın torpağı da əziyyət çəkdi. Hara baxıramsa, partlayış izləri, minalar və təhlükəli sursat qalıqları var. Ancaq təbiət öz işini görür, çiçəyin ətri barıt qoxusundan daha güclüdür", - deyə o, "Twitter"də paylaşımında yazıb.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur, dünyanı gəzib-dolaşır. O, Qarabağda dəfələrlə olub. Qarabağ gerçəkliklərini dünyaya çatdırıb. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. Bundan başqa, otuzdan çox kitabın müəllifi olan Deqati 20 Yanvar gecəsi ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib.

O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Xəbər lenti
0