Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 9 aprel — Sputnik. "Azərbaycanı qələbə münasibətilə təbrik edirəm. Prezidenti də 30 il işğaldan sonra qaytarılan ərazilərə görə təbrik etdim. Torpaqlar sahibinə qaytarılıb. Bu kabus başa çatıb, lakin hekayənin yarısı bitib, digər yarısı da var. Siz diplomatik yollardan istifadə etmisiniz bu illər ərzində. Azərbaycan bir başqa ölkənin ərazisinin 1 santimetrinə də girməyib".
Bu sözləri İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləri Azərbaycana səfərə gəlib. Onlar işğaldan azad edilmiş ərazilərdə olublar.
Sputnik Azərbaycan post-müharibə dövrü problemlərinin həllində İƏT ilə əməkdaşlıq və Qarabağın yenidən qurulmasında təşkilatın rolu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Anar İsgəndərovun və Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib.
Millət vəkil Anar İsgəndərov bildirib ki, İƏT Azərbaycana ən yaxın və onun haqq işini müdafiə edən ən mühim təşkilatdır: "Azərbaycan İƏT üzvlüyünə qəbul olarkən hələ SSRİ-nin tərkibində idi. Təşkilatın Azərbaycana həmişə xüsusi münasibəti olub. İƏT torpaqlarımızın işğal altında qaldığı günə qədər Ermənistanı işğalçı ölkə kimi qəbul edib. Hər zaman Azərbaycanın haqq işinə dəstək olub. Təşkilatda Ermənistana haqq verəcək bir cümlə də deyilməyib. Azərbaycan 44 günlük müharibədə öz tarixi torpaqlarını qaytarandan sonra da İƏT Azərbaycanı dəstəkləyib".
"Bu gün Azərbaycan Qarabağda geniş quruculuq işləri həyata keçirir. İƏT-in üzvü olan ölkələr bu prosesdə Azərbaycana dəstək olacaqlarını ifadə edirlər. Burada qeyri-adi, təəccüblü, möcüzəli bir şey yoxdur. Qarabağ otuz il yaxın davam edən işğal ərzində elə bir günə salınıb ki, bir dənə də salamat infrastruktur qalmayıb. Anlayırıq ki, bu illər ərzində düşmənin işi Qarabağı yerlə-yeksan etmək olub. Azərbaycan Qarabağı cənnətə çevirəcək. Ona görə də hazırda dost köməyinə ehtiyacımız var" – deyə A.İsgəndərov bildirib.
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan isə bildirib ki, İƏT müharibəyə qədərki dövrdə də Ermənistanı işğalçı dövlət kimi qəbul edirdi və bunu bütün toplantılarında açıq şəkildə ifadə edirdi. Bu təşkilatın üzvü olan ölkələr beynəlxalq siyasi arenada Azərbaycana dəstək verirdilər. Çünki İƏT həm də BMT-də Müşahidə Şurasının üzvüdür. Amma onu da qeyd etməliyik ki, təşkilatın ayrı-ayrı üzvləri Ermənistana münasibətdə fərqli mövqedə dayanırlar. Bu təşkilatın bəzi üzvləri müharibə dövründə Azərbaycanı dəstək olan dövlətlərə qarşı təxribatla məğul oldular".
Politoloq bildirib ki, müharibədən sonrakı dövrdə də təşkilat Qarabağın quruculuq işlərində rol ala bilər: "Buna misal olaraq İslam bankı tərəfindən kreditlərin verilməsini deyə bilərik. Eyni zamanda ayrı-ayrı üzv ölkələr də quruculuq işlərinin həyata keçirilməsində iştirak edə, keçmiş münaqişə zonasında vəziyyətin normallaşması üçün Azərbaycana dsətək ola bilərlər. Müharibənin başa çatmasını ifadə edən 9 noyabr bəyanatı var. Bu bəyanatın müddəalarının yerinə yetirilməsi üçün İƏT vacib rol oynaya bilər".