BAKI, 28 iyul — Sputnik. Ermənistan-Azərbaycan sərhədindəki şəraitlə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində “3+2” görüşü (Rusiya, ABŞ və Fransadan üç həmsədr, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri), əgər iki dövlətin münasibətləri və koronavirus pandemiyasının dinamikası imkan verərsə, payızın əvvəlində baş tuta bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı RİA Novosti-yə Rusiya XİN-dəki mənbə çatdırıb.
“İki ölkə arasındakı münasibətlərlə bağlı şərait və pandemiya dinamikası imkan verərsə, ATƏT-in Minsk qrupu çərçivəsində “3+2” görüşü payızın əvvəlində keçirilə bilər”, - mənbə deyib.
Onun sözlərinə görə, “buna rəğmən, ATƏT-in Minsk qrupu çərçivəsində ünsiyyət daimi rejimdə davam edir, həmsədrlər hər gün əlaqə yaradırlar”.
“İndi əsas məsələ - Azərbaycanla Ermənistan arasında yaranmış olduqca gərgin şəraitin səngidilməsi və ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik həllin tapılmasıdır”, - RF XİN-dəki mənbə bildirib.
O qeyd edib ki, mümkün görüşün harada keçiriləcəyi bəlli deyil, “bu, istənilən yer ola bilər”.