Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Karantin toylarının olmazsa, olmazı: ən çox hansı qaydalar pozulur

Abunə olmaq
"Qaydalar onları pozmaq üçündür" düşüncəsində olanlar qanun qarşısında cavab verir, hələ xeyli cərimə də olunurlar. Toy və şənliklər zamanı ən çox rast gəlinən qanun pozuntuları ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

BAKI, 17 avqust — Sputnik. Bir ildən də artıq müddətdə "Vağzalı"ya, tuşa, üzərliyə, mələklərin rəqsinə, şah plova, gəlin buketi üstündə savaşa həsrət cavanlar nəhayət iyulun 1-dən toy etməyə icazə ala bildilər.

Nazirlər Kabineti yanında Operativ Qərargah toy çalmağa icazə versə də, koronavirus pandemiyası səbəbindən bəzi şərtləri qoymağı da unutmadı.

Qaydalara görə, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir. Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilirlər.

"Qaydalar onları pozmaq üçündür" düşüncəsində olanlar isə məlum oldu ki, heç də az deyil. Daxili İşlər Nazirliyinin ölkə üzrə aparılan monitorinqlər nəticəsində aşkarladığı qanun pozuntularına dair statistikası ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0