CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbrayılda minaya düşən ANAMA əməkdaşı barədə yaxşı xəbər

Partlayış - Sputnik Azərbaycan, 1920, 27.07.2021
Abunə olmaq
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Cəbrayılda piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı nəticəsində xəsarət alan ANAMA əməkdaşı artıq evə buraxılıb. 

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) verib.

Məlumatda qeyd olunur ki, iyulun 27-də Agentliyin əməkdaşı 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş verib.

Nəticədə Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb, ilkin tibbi müayinə edilərək evə buraxılıb.

"İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq", - ANAMA-dan bildiirlib.

15:00

İyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Qarabağda mina qurbanları 

Baş Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-dən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeddi hərbçi və 20 mülki şəxs mina düşərək həlak olub, daha 86 hərbçi və 29 mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Mina xəritələrinin verilməsi

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Xəbər lenti
0