Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağdamda minaya düşən şəxsin ailə üzvlərindən tükürpədən açıqlamalar

© Sputnik / Emin AlisahibCəsarət Hətəmxanovun dəfn mərasimi
Cəsarət Hətəmxanovun dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Ağdamda mina partlaması nəticəsində ölən şəxsin meyiti ərazidən götürülərək, ailəsinə təhvil verilib. Sputnik Azərbaycanın bölgə müxbiri hadisənin təfərrüatlarını öyrənib. Məlum olub ki, 10 gün əvvəl minaya düşən şəxsin meyidi yırtıcıların hücumuna da məruz qalıb.

BAKI, 17 iyun — Sputnik. İyunun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi məlum olub. Mərhumun oğlu Səyyad Hətəmxanov Sputnik Azərbaycanın bölgə müxbiri Emin Əlisahibə bildirib ki, atasının axtarışları düz 10 gün davam edib. O, atası ilə axırıncı dəfə hadisə baş verən gün saat 5 radələrində danışdığını bildirir:

"Ayın 7-də saat 5-ə 10 dəqiqə işləmiş danışdıq atamla. Sağ-salamat idi. Bu, bizim sonuncu danışığımız oldu. Axırıncı dəfə həmin vaxt əlaqə saxladıq. Ondan sonra ona zəng çatmadı. Saat 6-da telefon söndürüldü. Narahat və nigaran qaldım. O, bizə minalanmış ərazilərə getdiyi barədə heç nə deməmişdi".

Mərhumun doğmalarının sözlərinə görə hadisə elə Cəsarət Hətəmxanovun itkin düşdüyü gün, iyun ayının 7-də saat 6-7 arasında baş verib. Mərhumun dayısı Rüstəm Quliyev deyir ki, Cəsarət evdən çıxarkən, bu barədə heç nə deməyib. Dayısının sözlərinə görə, Cəsarət Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində işləyib. İşlədiyi sexdən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb:

"Heç kimə demədən fəhlələri gətirib qoyub qəbirstanlığa ki, işləsinlər. Bu barədə fəhlələrin xəbəri olub-olmayıb, onu bilmirik. Onlara deyib ki, siz işinizdə olun. Mən 2 saata qayıdıram".

© Sputnik / Emin AlisahibCəsarət Hətəmxanovun dayısı Rüstəm Quliyev
Ağdamda minaya düşən şəxsin ailə üzvlərindən tükürpədən açıqlamalar - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Cəsarət Hətəmxanovun dayısı Rüstəm Quliyev

Rüstəm Quliyev deyir ki, bir müddət sonra isə Cəsarət yaxınları ilə əlaqə saxlayaraq, Seyidli kəndində olduğunu bildirib. Ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb:

"Biz həmin günü bir az gec eşitdik. Saat 9-dan sonra. O qəbirstanlığın qıraq-bucağını, səngərləri axtara-axtara gedib çıxmışıq, düz yuxarıdakı posta kim Axırda əlimizi üzüb, gəldik evə".

Ertəsi gün də mərhumun axtarışları davam etdirilib. Rüstəm Quliyevin dediyinə görə, Cəsarətin meyitinin tapılmasına onun yanındakı telefonu kömək edib: "Hadisədən sonra gecə 12-nin yarısına kimi zəng etmişik. Artıq 12-nin yarısında telefon da söndü".

Amma sonra məlum olub ki, Cəsarət telefonla danışa-danışa minalı əraziyə daxil olub və orda da minaya düşüb. Ərazinin minalarla əhatə olunması mərhumun meyitinin tapılmasını bir qədər də çətinləşdirib. Cəsarət Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılıb. Mərhumun dayısı deyir ki, mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq, axtarışlarda dronlardan da istifadə olunub:

"İki gün dronla axtarıldı, dünən axşam tapıldı. İşarə verdilər ki, "tapdıq, amma üzü qaranlığa gedir, meyitin çıxarılması qaldı sabaha". Doğrudan da düz deyirdilər. Ərazi minalarla o qədər əhatə olunmuşdu ki, addım atmağa yer yox idi. Bu gün biz onun meyitini 4 saata ərazidən çıxarmışıq".

© Sputnik / Emin AlisahibCəsarət Hətəmxanovun oğlu Səyyad Hətəmxanov
Ağdamda minaya düşən şəxsin ailə üzvlərindən tükürpədən açıqlamalar - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Cəsarət Hətəmxanovun oğlu Səyyad Hətəmxanov

Minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Dayısı bacısı oğlunun meyitinin tanınmaz hala düşdüyünü deyib:

"O elə bir günə düşmüşdü ki, insan sifəti yox idi. Ayağının birini mina aparmışdı, bir qolunu da yırtıcı qoparıb, aparmışdı. Buradan üzümü hamıya tutub, deyirəm: "O ərazilərə gedən hər kəs bax o günə düşəcək. Minlanmış, icazə verilməyən ərazilərə getməyin. Özünüzə yazığınız gəlsin, valideynlərinizə yazığınız gəlsin. Biz 10 gündür çöllərdəyik. Mən dizin-dizin süründüm, şükür ki, bacım oğlunun meyiti tapıldı. Anası qurban demişdi, oğlunun meyitinin tapılmasına. İcazə verilməyən ərazilərə getməyin".

Qeyd edək ki, Cəsarət Hətəmxanov 1978-ci il fevral ayının 23-də Ağdamın Seyidli kəndində anadan olub. Elə həmin torpaqda da minaya düşərək, həlak olub. Hazırda baş verən faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0