22:51 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
HADİSƏ
Qısa URL
5473

Masallı rayonu Bədəlan kənd orta məktəbinin direktoru Arif Mehdiyevin sözlərinə görə, nişanlanan azyaşlı həm orta məktəbdə, həm də tibb kursunda təhsil alır.

BAKI, 8 iyun — Sputnik. İyun ayının 5-də Lənkəran rayonu ərazisində yerləşən istirahət mərkəzlərindən birində 14 yaşlı qızla 36 yaşlı kişinin nişan mərasiminin keçirilməsi barədə yayılan məlumatlar doğrudur. Sputnik Azərbaycan-ın bölgə müxbiri məsələni araşdırmaq üçün qızın yaşadığı Masallı rayonu Bədəlan kəndində olub. Nişanlanan Tükəzban Novruzəliyevanın (ad şərtidir-ed.) qohumları və anası hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər. Lakin onun təhsil aldığı orta məktəbin direktoru Arif Mehdiyev agentliyin bölgə müxbiri Rahim Muradovla söhbətində həm Tükəzbanın dərsə davamiyyətindən, həm də nişanlanmasından danışıb.

Direktorun sözlərinə görə, Tükəzban mütəmadi olaraq məktəbə gələn şagirddir. O, əlavə olaraq həftənin cümə günləri Masallı şəhərində tibb kursunda da təhsil alır:

© Sputnik / Rahim Murad
Direktor Arif Mehdiyev

"Həmin günlər saat 11-də tibb kursuna getmək üçün bizdən icazə alır. Məktəbimizdə karantin qaydalarına əsasən, şagirdlər qruplara bölünür və dərs cədvəlləri də buna uyğun tərtib edilir. Şagirdlərin yarısı həftənin tək günləri, digər yarısı isə cüt günlər dərsə gəlirlər. Tükəzban həftənin tək günləri məktəbə gəlir".

Sözügedən nişanlanma olayına gəlincə, direktor deyib ki, nişan mərasimi ötən həftənin şənbə günü Lənkəran rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində baş tutub və o da bundan xəbərdar olub. Məsələ barədə xəbər tutan kimi qızın anasını (atası 2017-ci ildə vəfat edib) məktəbə çağırıb.

"Anası öz izahatında yazdı: "Biz razılıq məclisi keçirmişik. Mənim uşağım azyaşlıdır, 15 yaşı hələ tamam olmayıb (?!-red.), ona görə də biz nikah barədə bir şey fikirləşmirik. Mən o çətinlikləri çəkmişəm. Ona görə də, nikah haqqında heç bir şey fikirləşmirik". Ailə pis gündə, kasıbçılıqla yaşayır. Biz dərhal müvafiq orqanlara məlumat vermişik", - direktor deyib.

© Sputnik / Rahim Murad
14 yaşlı qızın yaşadığı məhəllə

Onun sözlərinə görə, Masallı RİH-nin məsul işçiləri, Hüquq şöbəsinin müdiri, Azyaşlılar üzrə Komissiyasının sədri və müavini, Masallı RPŞ-nin Azyaşlılar üzrə şöbəsinin inspektoru, ərazi nümayəndəsi ilə birlikdə azyaşlı qızın yaşadığı ünvanda olublar. Tükəzbanın özü və valideyni, həmçinin qızın nişanlandığı Rusiya vətəndaşı olan oğlanla da söhbətlər aparılıb. Onlar təkidlə bildiriblər ki, nikah söhbəti olmayacaq.

"Mən özüm xəstəyəm, bu vəziyyətdə yaşadığıma görə, qızıma adeləmə məclisi keçirmişəm", - deyə Tükəzbanın anası izahatda yazıb.

Məktəbin direktorunun dediyinə görə, qızın özünə, anasına, adaxlısına bu işin məsuliyyəti haqqında məlumat verilib. Ailə ərazi nümayəndəsi, Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb:

"Məktəbdə uşağın dərsə davamiyyəti izlənəcək. Bu barədə həm Təhsil Şöbəsinə, həm də RİH-nin müvafiq şöbəsinə məlumat veriləcək. Ailəyə izah olunub ki, əgər azyaşlı qız ailə qursa, onda anası və adaxlısı cinayət məsuliyyətinə cəlb olunacaq. Qız da təkidlə bildirdi ki, nişan onun razılığı ilə baş tutub, onu heç kəs məcbur eləməyib. Amma təhsilini davam etdirəcək və 18 yaşı çatmamış nikaha girməyəcək".

© Sputnik / Rahim Murad
Masallı rayonu Bədəlan kəndində

Daha əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Lənkəran şəhərində istirahət mərkəzlərinin birində 5 may 2021-ci il tarixində azyaşlı qız üçün nişan mərasimi təşkil edilməsi və nişanlanan qızın Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar doğrudur.

Onun sözlərinə görə, artıq baş verən xoşagəlməz hadisənin qarşısı alınıb:

"Nişan mərasimi hər iki ailənin razılığı ilə baş tutub. Hüquq-mühafizə orqanları və rayon icra hakimiyyətinin nümayəndələri artıq ailədə olublar. Ailələr məlumatlandırılıb və bildirilib ki, toy mərasimi təşkil olunarsa, qanunvericiliyə uyğun tədbir görüləcək. Qız 18 yaşa çatanadək bu toy başa tuta bilməz".

Etiraz doğuran tendensiya

Bir neçə gün bundan öncə erkən münasibətin qurbanı olan daha bir yetkinlik yaşına çatmayan qızla bağlı xəbər vermişdik. Ağcabədi rayonunda 15 yaşlı qızın ana olması rezonansa səbəb olmuşdu.

Bu ilin fevralında Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı oğlana nişanlanması ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı. Videonun yayılmasından bir müddət sonra cinayət işi açılmışdı.

© Sputnik / Rahim Murad
Bədəlan kəndində nişanlanan azyaşlı qızın oxuduğu məktəb

Uşaq nikahları azalıb, amma...

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında son illərdə uşaq nikahlarının da 10 dəfəyədək azaldığını bildirib: "Din xadimləri tərəfindən dini nikaha daxil olanadək rəsmi şəkildə şəhadətnamənin təqdim edilməsi məqsəd kimi qoyulub. Bununla bağlı olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə qərara gəlinib. Din xadimlərinə tövsiyə sənədlər də təqdim edilib. Bu amil uşaq nikahlarının sayının aşağı düşməsinə səbəb olub. 10 il əvvəl 4500 civarında olan uşaq nikahları bu gün 350 civarındadır".

Komitə rəsmisi bildirib ki, xüsusən də cənub zonasında uşaq nikahlarının sayı xeyli azalıb. Uşaq nikahlarının respublika üzrə sayına görə cənub bölgəsi 5-6-cı yerlərdə qərarlaşıb. Cənub zonasından fərqli olaraq Bakı şəhəri və Bakı kəndlərindəki vəziyyət bir o qədər də ürəkaçan deyil: "Bakı kəndləri uşaq nikahlarına görə respublikada ilk yerdə qərarlaşıb".

E.Səfərov uşaq nikahlarına cəlb edilən oğlan uşaqlarının sayında da azalmaların olduğunu bildirib və vurğulayıb ki, yetkinlik yaşına çatmayan oğlan uşaqları arasında 2019-2020-ci illərdə nikaha məcburedilmə ilə bağlı 1 fakt qeydə alınıb.

Əsas mövzular