20:07 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
5510

Partlayış zamanı iki nəfər - Tovuzun Düz Cırdaxan kənd sakini, 1957-ci il təvəllüdlü  Məhərrəm Süleymanov və Bakı sakini, 1966-cı il təvəllüdlü Sənan Qarayev - xəsarət alıb

BAKI, 20 iyun - Sputnik. Bu gün günorta saatlarında Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusunun  partlaması barədə yayılan xəbəri “Azəriqaz” İstehsalat Birliyi şərh edib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu partlayışın Birliklə hər hansı əlaqəsi yoxdur: "Rayonun Xatınlı kəndinin yaxınlığında yol genişləndirilməsi işləri aparılır. Bu işlə məşğul olan podratçı təşkilat dünən axşam saatlarında mövcud qaz xəttini yenisi ilə əvəzləyib, “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinə təhvil verib. Lakin qoşmadan sonra qaz axını yaxşı baş tutmayıb, yerli sakinlər qazın zəifliyindən şikayətləniblər. Ona görə də podratçı təşkilatdan qaz xəttinin dəyişdirilmiş hissəsinin yenidən yoxlanılaraq gələn həftə təhvil verilməsi tələb olunub.

Bundan sonra isə iyunun 20-də səhər saat 09 radələrində qaz təchizatı dayandırılıb. Podratçı təşkilat isə elə bu gün saat 16 radələrində “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinə hər hansı məlumat vermədən, qoşma aparılan hissədə özbaşına hansısa işləri icra edib. Ona görə də səhlənkarlıq ucbatından partlayış qeydə alınıb".

"Azəriqaz"dan həmçinin bildirilib ki, diametri 159 mm olan qaz xəttinin təqribən 500 metrlik hissəsi yol tikintisi ilə məşğul olan podratçı təşkilat tərəfindən polietilen boru ilə əvəzlənəcəkdi. Bu xətt Tovuz rayonunun Xatınlı, Qaraxanlı və Cilovdarlı kəndlərinin 2 minə yaxın abonentinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda podratçı təşkilat qaz xəttini tam təhvil verə bilmədiyindən Şəmkir Regional qaz istismarı İdarəsi köhnə xətti bərpa etməklə qaz təchizatının həyata keçirilməsi ilə məşğuldur.

Xatırladaq ki, partlayış zamanı iki nəfər - Tovuzun Düz Cırdaxan kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəm Süleymanov və Bakı sakini, 1966-cı il təvəllüdlü Sənan Qarayev - xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Süleymanovun vəziyyəti ağır, Qarayevin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Əsas mövzular