Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 7 yanvar — Sputnik. Ötən ilin sonlarında itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kəndi ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Məlumata görə, Tovuzda itkin düşən azyaşlı qızın meyiti yaşadığı evin yaxınlığında tapılıb.
Mərhumun qonşusu İntiqam Qasımov Sputnik Azərbaycan-a açıqlamasında son ekspertizanın nəticələrini gözlədiklərini bildirib: "Hazırda uşağın meyiti Tovuz rayon Mərkəzi Xəstəxanasındadır. Baş Prokurorluqdan gəldilər, meyiti apardılar. Biz həyətdə çadır quraraq nəticələri gözləyirik. Hələlik bizə heç bir məlumat verilmir. Gözləyirik ki, meyiti təhvil versinlər, aparıb dəfn edək".
"Bizi meyitə yaxın durmağa qoymadılar", - deyə İ.Qasımov əlavə edib.
O baş verən bu olayla bağlı kimdənsə şübhələnmədiyini bildirib: "Bura kənd yeridir, hamımız bir-birimizlə qohum-qonşuyuq, kəndin adamlarıyıq, ağlımıza elə bir adam gəlmir ki, deyək, hadisəni o törədib. Heç cüzi olaraq da kimdənsə şübhələnə bilmirik".
İ.Qasımov uşağın ailəsinin bu hadisədən çox təsirləndiyini bildirib: "Hazırda da uşağın ailəsində qışqır-bağırdır".
Azyaşlının əmisi Arif Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bunları deyib:
"Uşaq həmin günü (21.11.2019 tarixi nəzərdə tutur - red.) bizə gəlməmişdi. Hazırda başımız qarışıqdır. Əlimdə işim var".
Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.
Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.