Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 17 sentyabr — Sputnik. Bu gün səhər 09:21-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində qatarların hərəkətində problem yaranıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, belə ki, metronun “Ulduz” stansiyasından “Nərimanov” stansiyasına hərəkət zamanı qatar təxminən 6-7 dəqiqə yerin altında qalıb. Yaranan problemlə əlaqədar olaraq maşinist sərnişinləri məlumatlandıraraq bunun texniki problemdən qaynaqlandığını deyib. Bundan başqa, maşinist sərnişinlərdən sakitliyə riayət etmələrini də tələb edib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O buna səbəb olaraq qatarların qapılarının saxlanılmasını göstərib: “Yeni avtomatlaşdırılmış sistemlərin özünəməxsusluğu var. Bu özəlliyi qatarların qapılarına da şamil etmək mümkündür. Sərnişin bir dəfə qatarın qapısını tutub saxladıqda, yaxud da qapı hansısa maneəyə rast gəldikdə o, yenidən açılıb-bağlanır. Bu hal bir neçə dəfə təkrarlandıqda isə avtomatik sistemdə donma yaranır. Çünki avtomatlaşdırılmış sistem kompüterləşmiş sistemdir. Belə olan halda proqram təminatını yenidən yükləmək lazım olur. Belə olan halda isə intervallarda yaranmış problem digər qatarların hərəkətində də problemlərə səbəb olub”.
“Bu gün də metronun "Koroğlu" stansiyasından "Ulduz" stansiyası istiqamətində hərəkət edən yeni qatarda belə bir problem baş verib. Qatar "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına hərəkət edərkən tuneldə dayanıb. Bir neçə dəqiqədən sonra hərəkət edən qatar "Nərimanov" stansiyasında yenidən dayanıb”, - deyə o əlavə edib.
Qeyd edək ki, qatarın yerin altında dəqiqələrlə qqalması və gecikməsi vaqonların birində qadın sərnişinin özünü pis hiss etməsinə səbəb olub. Bununla əlaqədar olaraq stansiyaya təcili tibbi yardım briqadası çağırılaraq qadına yardım göstərilib.