Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Arı sancmasından ölən" gəncin valideynləri bir ildir ki, fəryad edir

© © Foto Cavid İmanlının ailəsi tərəfindən təqdim olunubCavid İmanlı
Cavid İmanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Cavid İmanlının valideynləri aidiyyatı qurumların məsələyə biganə qalmamasını xahiş edir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Ötən il oktyabrın 31-də Cavid İmanlı adlı gənc 3 saylı Sabunçu Rayon Xəstəxanasında dünyasını dəyişib. İmanlının valideynləri iddia edirlər ki, övladlarının ölümü müəmmalıdır.

Belə ki, gəncin ölüm işinə iki dəfə Sabunçu Rayon Prokurorluğunda baxılıb və onun kəskin intoksikasiya fonunda poliorqan çatışmazlığı diaqnozu ilə öldüyü qeyd edilərək, cinayət işi bağlanıb. Lakin Cavidin valideynləri bu qərarla razılaşmayıblar. Müxtəlif dövlət qurumlarına müraciət edərək, övladlarının ölümünə səbəb olmuş şəxslərin həbs edilməsini tələb ediblər.

© © Foto Cavid İmanlının ailəsi tərəfindən təqdim olunubCavid İmanlı
Cavid İmanlı - Sputnik Azərbaycan
Cavid İmanlı

Cavid İmanlının valideynləri Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətlərində baş vermiş hadisə ilə bağlı ətraflı danışıblar. Cavidin atası Filman Həsənov bildirib ki, ötən il oktyabr ayının 27-də oğlunun sağ çiyin nahiyəsindən arı sancıb. 3 gün sonra, yəni ayın 31-də o, qolunda yaranmış şişin tez çəkilməsi üçün Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib.

© Sputnik / Irade JELILFilman Həsənov
Filman Həsənov - Sputnik Azərbaycan
Filman Həsənov

F.Həsənovun sözlərinə görə, oğlunu həmin xəstəxananın toksikologiya şöbəsinə yox, cərrahiyyəyə qəbul ediblər: "Cərrah Tağı Əliyev onu özü qəbul edib. Bir gün orda saxladıqdan sonra heç bir yoxlama aparmadan, yaxınlarını gözləmədən əməliyyat edib. Əməliyyatı da əməliyyat otağında deyil, reanimasiya palatasında həyata keçirmək istəyib. Oğluma özü narkoz vurub, narkozdan sonra Cavid dünyasını dəyişib".

Atasından onu da öyrəndik ki, Cavid İsmayıl nişanlı imiş və toyuna az qalırmış: "Qız toyuna az qalmışdı ki, qolunu arı sancdı. Heç bir şikayəti olmasa da, qolunun şişi çəkilmirdi. Nişanlısı ona məsləhət görüb ki, həkimə getsin, şişin çəkilməsi üçün iynə vurdursun. Bu da bizdən xəbərsiz gedib xəstəxanaya. Ordan anasına zəng vurdu ki, "ana, məni burada saxladılar, əməliyyat edəcəklər, acam, mənə yemək gətirin".

F.Həsənov iddia edir ki, oğlunun zəngindən sonra o, həkimlə danışıb: "Həkimə dedim ki, nə olursa-olsun, uşağımı əməliyyat etmə. Belə olmalıydı ki, mən həkimi görməliydim, pul ödəməliydim, xahiş etməliydim ki, oğlumu əməliyyat etsin. Amma mən bunların heç birini etmədim axı. Əksinə, israrla bildirdim ki, oğlumu əməliyyat etməsin. Anasına da tapşırdım ki, get, əməliyyatxananın qapısında dur, qoyma uşağı əməliyyata alsınlar".

© © Foto Filman Həsənov tərəfindən təqdim olunubOmbudsman Elmira Süleymanovanın məktubu
Ombudsman Elmira Süleymanovanın məktubu - Sputnik Azərbaycan
Ombudsman Elmira Süleymanovanın məktubu

Oğlunu itirmiş ata daha sonra bunları deyib: "Orda yoldaşıma deyiblər ki, reanimasiya palatasında əməliyyat olunacaq. Qadın da reanimasiyanın qapısına gedib, amma qapı bağlı olub. Sonra biz hamımız ora yığışmışdıq. Palatanın qapısını açmırdılar. Bir də eşitdik ki, içəridən səs-küy qalxdı. Sonra polislər qapını açdı. Bizi içəri buraxmırdılar. Deyirdilər ki, artıq gecdir".

Qəhərdən boğulan Filman Həsənov göz yaşlarını sildikdən sonra sözünə davam edib: "Onda bildik ki, Cavidi elə reanimasiya otağında əməliyyat ediblər, əməliyyat demək mümkünsə. Oğlumun qolu parça-parça idi. Biz qolunu uşaq bezi ilə bağladıq. Sonra ekspertizaya apardılar. Əvvəlcə dedilər ki, arı sancmasından ölüb. Gətirib dəfn etdik. Prokurorluqda cinayət işi açıldı. Amma biz nəticələrdən razı qalmadıq. Çünki bu uşaq arı sancmasından ölsəydi, dərhal ölərdi. Balam arı sancandan 5 gün sonra ölüb. Onu ya narkoz öldürdü, ya da bizə deyilməyən başqa səbəb var".

© Photo : Cavid İmanlının ailəsi tərəfindən təqdim olunubSəhiyyə Nazirliyinin cavabı
Səhiyyə Nazirliyinin cavabı - Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin cavabı

F.Həsənov Cavidin ölümünün səbəbləri ilə bağlı Azərbaycan Tibb Universitetinə də sorğu göndərib. Sorğudakı suallara cavab olaraq bildirilib ki, “anaflaktik şok sürətli allergen ilə kontaktdan sonra bir neçə saniyə və dəqiqədən 5 saata qədər davam edə bilər. Arı sancması xəstədə fleqmona (irinli proses) yaratmır. Narkoz verilərkən isə ehtiyatlı və diqqətli davranılmalıdır. Əməliyyat isə reanimasiya palatasında deyil, xüsusi əməliyyat otağında aparılmalıdır”. 

© Sputnik / Irade JELILAzərbaycan Tibb Universiteti Tədris terapevtik Klinikasının cavab məktubu
Azərbaycan Tibb Universiteti Tədris terapevtik Klinikasının cavab məktubu - Sputnik Azərbaycan
Azərbaycan Tibb Universiteti Tədris terapevtik Klinikasının cavab məktubu

Ata onu da qeyd edib ki, oğlunun ölümündən sonra cinayət işi açılsa da, iş Sabunçu Rayon Prokurorluğu tərəfindən iki dəfə bağlanıb: "Biz məhkəməyə verib, yenidən işi açdırmışıq. İş Bakı Şəhər Prokurorluğundadır. İşin yenidən Sabunçu Rayon Prokurorluğuna qaytarılmasını istəmirik. Doqquz aydır müraciət etmədiyimiz qurum qalmayıb".

C.İmanlının valideynləri aidiyyatı qurumların məsələyə biganə qalmamasını xahiş edir.

Məsələ ilə bağlı adı hallanan 3 saylı Şəhər Kliniki Xəstəxanasının da münasibətini öyrəndik. Anesteziologiya-reanimotologiya şöbəsinin müdiri Namiq Dəmirçiyev bunları dedi: "Bizə o xəstəni çox ağır intoksikasiya vəziyyətində gətirmişdilər. Dəqiq bilmirik ki, onu nə sancmışdı. Bəlkə hansısa zəhərli həşərat sancması idi. Məsələn, o gün bir xəstə gətirdilər, arı sancmışdı, iki saata öldü. Eşitdiyimə görə, arı sancandan sonra yerinə 4-5 gün palçıq sürtüblər. Bizə gətiriləndə də çox ağır vəziyyətdə idi. Qolu şişmişdi, intoksikasiya, qanqrena əmələ gəlmişdi, septiki halda idi. Gömgöy göyərmişdi, yüksək hərarət, tənəffüs çatışmazlığı vardı. Bizdə də müdiriyyət, professor baxdı. Bütün müayinələr, müalicələr edildi. Ancaq çox-çox gec gəldiyinə görə, demək olar ki, bütün toxumalarına septiki vəziyyət keçdiyinə görə, onu xilas etmək mümkün olmadı".

Valideynlərinin Cavid İmanlının əməliyyatının reanimasiya palatasında keçirilməsi ilə bağlı iddiasına isə həkimin cavabı belə oldu: "Yox, palatada niyə? Palatada olmayıb. Orada elə böyük əməliyyat da olmayıb, yaranı balaca kəsmək lazım idi. Vəssalam".

Həkim iddia edib ki, Cavid İmanlı xəstəxanaya müraciət edəndə onun həyatını xilas etmək mümkün deyilmiş. Atası isə həqiqətin üzə çıxması və övladının ölümündə günahkar olanların cəzalandırılması üçün təkrar eksqumasiyaya belə, razı olduğunu bildirir.

Xəbər lenti
0