07:18 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
1049 0 0

Qaradağ rayonunda vulkan püskürməsi baş verən ərazidən reportaj

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Aprelin 22-də Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib. Birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb. Sputnik Azərbaycan-ın əməkdaşı vulkan püskürən əraziyə yollanaraq gördüyü mənzərəni və eşitdiklərini qələmə alıb.

Qobustan tarix muzeyinin yanında olan insanlar bildirdilər ki, vulkan ərazidən 30-40 kilometr uzaqlıqda püskürüb və ora belə asanlıqla gedib çıxmaq mümkün deyil. Hətta ətrafda olan taksi sürücüləri və bələdçilər də öz xidmətlərini təklif etdilər ki, "tək getmə, gedib tapa bilməzsən". Hətta dağların arasında yolu itirib azacağımı da deyənlər oldu.

Həqiqətən də, yuxarı qalxdıqca yol çətinləşirdi. Bütün ətraf gil-palçıq dolu idi. Yağış yağdığı üçün də yol sürüşkən olmuşdu. Avtomobili çətinliklə idarə edirdim. Arada səhv gəldiyimi düşünüb dayandım. Bu dəfə yaxınlıqda yerləşən hərbi hissəsinin əməkdaşları kömək etmək istədilər. Amma gedəcəyim yeri onlar da tanımadılar. Nəhayət, çətinliklə də olsa, axtardığım məkana gəlib çıxdım.

Əvvəlcədən qeyd edim ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. Palçıq vulkanı Sәngəçal dəmiryolu stansiyasından 15 km qәrbdә yerlәşir. Nisbi yüksәkliyi 280 m olan, radikal istiqamәtdә ayrılan yarğan vә qobulara malik iri vulkandır. Mütəxəssislərə görə, cәnub və şәrq yamacları dikdir. Vulkan kraterinin diametri 500-550 m olub, halqavari, hündürlüyü 8 m olan bәndlә hüdudlanır.

Məni vulkanın püskürdüyü ərazinin yaxınlığında qarşılayan Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirdi ki, yağış yağdığı üçün əraziyə qalxmaq mümkün deyil. Eyni zamanda ərazi təhlükəli hesab edilir.

Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev
© Sputnik / Irade JELIL
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev

O, Torağay palçıq vulkanı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Torağay palçıq vulkanı Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Dünyanın ən böyük palçıq vulkanı sayılan Torağay 1813-cü ildən bu günə qədər (1841, 1901, 1924, 1932, 1947, 1950, 1984, 1985, 1987, 1988, 2018 mart) 11 dəfə püskürüb. Sonuncu dəfə bu ərazidə 2018-ci ilin martın 1-də vulkan püskürməsi qeydə alınıb. Hazırda ümumi sahəsi 500 metr olan kraterdə 5-7 palçıq vulkanı boğazı var.

Paşayev qeyd etdi ki, aprelin 22-də vulkan iki dəfə püskürüb: "Baş verən püskürmə 2 fazadan ibarət olub və 2 fərqli palçıq vulkanı boğazından püskürmə məhsulları xaric olunub. Onlardan biri məhsuldar qatın neftli-qum daşları, digəri isə gil qatı xaric edib".

"Püskürmə 07:00 radələrində çox güclü uğultu səsi ilə müşayiət olunub, sonra havaya alov sütunu qalxıb. İlk saniyələrdə alovun hündürlüyü 400 metrdən çox olub. Daha sonra isə palçıq vulkanının kraterinin üzərində hündürlüyü bir neçə kilometrə çatan qatı tüstü buludu əmələ gəlib. Təxminən 10-15 dəqiqə davam edən bu proses getdikcə səngiyib", – deyə Paşayev əlavə etdi.

Müsahibimiz bildirdi ki, 09:45 radələrində isə bu palçıq vulkanında ikinci faza püskürməsi baş verib: "Bu dəfə də birinci püskürmədə olduğu kimi güclü partlayış baş verib və havaya hündürlüyü 300-350 metrə qədər alov sütunu qalxıb. İkinci fazada da palçıq vulkanının üzərində qatı tüstü buludu əmələ gəlib. İkinci püskürmənin müddəti təxminən 20-25 dəqiqə olub".

Paşayevin sözlərinə görə, alov sütunu tamamilə söndükdən sonra Dövlət Təbiət Qoruğunun əməkdaşları palçıq vulkanının üzərində ilkin müşahidələr həyata keçiriblər. Müəyyən edilib ki, palçıq vulkanının kraterində iki fərqli istiqamətlərə və fərqli həcmdə püskürmə məhsulları yayılıb.

"Ərazidə təhlükəli vəziyyət olduğundan palçıq vulkanının xaric etdiyi püskürmə məhsullarının yayıldığı sahənin və onun həcminin hesablanması, o cümlədən yer səthinə çıxmış süxurların müəyyən olunması 23 aprel tarixində həyata keçirilib. Püskürmə məsullarının yayıldığı sahələrin uc nöqtələrinin koordinatları götürülüb. Xüsusi GİS proqramı vasitəsilə həmin tullantıların həcmi və sahəsi hesablanacaq", — deyə direktor qeyd etdi.

  • Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    © Sputnik / Irade JELIL
  • Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    © Sputnik / Irade JELIL
  • Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    © Sputnik / Irade JELIL
  • Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    © Sputnik / Irade JELIL
  • Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    © Sputnik / Irade JELIL
  • Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Qobustan qəsəbəsi ərazisində yerləşən Torağay palçıq vulkanı ərazisi

Müsahibimiz onu da vurğuladı ki, vulkan püskürməsinin təbiət, fauna, flora və insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur: "Vulkan torpağın alt qatında olan maddələrdir ki, qaynayıb üzə çıxır. Püskürmə zamanı ərazidə temperatur qalxır. Bunu şəkillərə baxanda da müşahidə etmək mümkündür. Vulkan püskürməsi zamanı sadəcə lavanın axdığı ərazilər zərər görür. Onun insan sağlamlığı və ya təbiət üçün heç bir xüsusi zərəri yoxdur".

Paşayev dedi ki, püskürmə məhsullarından nümunələr götürülüb və spektral analiz üçün Sumqayıt Kimya Sənaye Parkının nəzdində olan laboratoriyaya təqdim olunub: "İlkin məlumata görə, 1-2 kilometr ərazidə çatlar əmələ gəlib və püskürmə zamanı xaric olunan maddələr 6-7 hektar ərazini əhatə edib".

Torağay palçıq vulkanının püskürməsi ilə bağlı sorğumuza Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutundan da cavab verilib. Bildirilib ki, GGİ-nin "Palçıq vulkanizmi" şöbəsinin alimləri vulkan sahəsində çöl-tədqiqat işləri həyata keçirərək baş vermiş püskürməni qiymətləndiriblər.

Qeyd olunub ki, hesablamalara görə, Torağayın qərbində yerləşən eruptiv kanalın fəaliyyəti nəticəsində yer səthinə xaric olunmuş brekçiyanın sahəsi 6,1 ha, həcmi isə 42 525 kubmetr olub. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 km-dən çoxdur. Vizual qiymətləndirmələrə görə, püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 metrə çatıb.

GGİ-dən vulkanın aktivləşmə səbəbinə də aydınlıq gətirilib: "Son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəricilər regionda baş verən geodinamik gərginliklə əlaqələndirilir".

Əlaqədar

Bakıda yenə palçıq vulkanı püskürdü
Azərbaycanda vulkan da püskürdü
Bakıda vulkan püskürdü
Şamaxıda vulkan püskürüb
Vulkan püskürdü, on minlərlə insan evindən didərgin düşdü
Teqlər:
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu, Torağay palçıq vulkanı, Qobustan qəsəbəsi, Ceyhun Paşayev, direktor, ərazi, alov, Qaradağ rayonu

Əsas mövzular