CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?

© Sputnik / Murad OrujovSosial kömək
Sosial kömək - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Evdə müalicə olunan xəstələr onlara müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar.
BAKI, 20 sentyabr — Sputnik. COVID-19 xəstəliyinin evdə müalicəsinin baha başa gəlməsindən xəstələrin çoxu şikayətlənir. Onlar dövlət tərəfindən virusa yoluxmuş xəstələrə əksər hallarda evdə müalicə paketi verilmədiyini, verildiyi təqdirdə isə bu paketdə xəstəliyin müalicəsi üçün zəruri dərman preparatlarının olmadığını bildirirlər.
"860 manatdan çox pul xərcləmişəm, hələ də sağalmamışam"
COVID-19-a yoluxmuş Gülnar Səfərova deyir ki, vəziyyəti ağır olmadığından xəstəxanaya yerləşdirilməsə də evdə müalicə alır. İndiyədək xəstə ona heç bir müalicə paketi təqdim edilmədiyini bildirib. Onun sözlərinə görə, virusa yoluxduğunu bildiyi gündən öz vəsaiti hesabına evdə müalicə alır. Həmsöhbətimiz həkim məsləhəti əsasında dərman qəbul etdiyini bildirir:
"Həkim mənə iki həftə müalicə üçün gündə bir dəfə olmaqla Kleksan 0,6, D 50.000 İU, Vitamin C 1000 mg, Remdesivir təyin edib. Bu dərmanları almağa 860 manatdan çox vəsait xərcləmişəm. Hələ də temperaturum düşməyib".
Qeyd edək ki, COVID-19-un müalicəsində daha çox təyin olunan dərmanların qiyməti çox bahadır.
Dərmanların qiyməti əl yandırır...
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, əksər COVID xəstələrinə təyin olunan Kleksan-0,6 dərman preparatının bir cütü 22 manatdır. Xəstələrə bu dərman preparatı ən azı iki həftə müddətinə təyin olunur. Xəstələr təkcə Kleksan dərman preparatı üçün 308 manat xərcləməli olurlar. Həkimlərin təyin etdiyi D vitaminlərinin qiyməti isə 15 manatdan 28 manatadək dəyişir. İki şüşə D vitamini alan xəstə ən yaxşı halda 30 manat xərcləməlidir. C vitaminlərinin qiyməti 11-15 manat arası dəyişir. Xəstələr C vitamini üçün 22 manat ödəməli olurlar. COVID xəstəliyinin müalicəsində istifadə edilən ən bahalı dərmanlardan biri isə Remdesivir-dir. Bu dərmanları depo apteklərdə ən yaxşı halda bir ədədini 92 manata tapmaq mümükündür. Adi apteklərdə isə dərman preparatı 115 manatdan aşağı qiymətə satılmır. Xəstəliyin davam etdiyi müddətdə ən azı 5 gün xəstəyə vurulan bu dərman preparatı üçün COVID-19 xəstələri nə 460 manat lazımdır.
Xəstələrə bu dövrdə antiviral dərmanlar təyin edilir ki, onların da qiyməti ucuz deyil. Hindistan istehsalı olan Favipravir-200mg preparatının qiyməti 46, Türkiyə istehsalı olan analoqun isə 70 manatdır. Arbidolun qiyməti isə 14 manat 80 qəpikdir.
Müayinə qiymətləri kəllə-çarxda...
Amma sadalanan dərman preparatları xəstəliyin müalicəsində yetərli deyil. Xəstə daim saturasiyanı nəzarətdə saxlamalıdır ki, bunun üçün müvafiq cihaz apteklərdə 25 manatdır. Xəstələrin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, evdə müalicə zamanı həkim onlardan KT müayinəsi tələb edir. Bunun üçün xəstələr 75-113 manat arasında xəstəxanaya ödəniş etməlidirlər. Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, Bioloji Təbabət klinikasında ağciyərin KT qiyməti 75, Respublika Diaqnostika Mərkəzində 113 manatdır. Evdə müalicə olunan xəstələrin vəziyyəti orta-ağır olduqda evdə müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar. Virusa yoluxmuş xəstələrdən qanın ümumi analizi, CRR, Ferritin, LDH, D dimer, Koaquloqram, ALT, AST, kreatin analizləri tələb olunur. Refenans klinikasından bildirdilər ki, qanın ümumi analizi 10, CRR-12, Ferritin-23.50, LDH-12, D dimer və koaquloqram-66, ALT, AST, kreatin hərəsi 12 manatdır. Evdə analizlər üçün xidmət haqqı isə 38 manatdır. Qan analizlərinin qiyməti bir COVID xəstəsi üçün 197 manat 50 qəpik təşkil edir.  Bu gün özündə koronavirus əlamətlərini hiss edən xəstələrin çoxunun təcili və təxirəsalınmaz tibbi yardım üçün 103 nömrəsi ilə əlaqə saxlaya bilmədikləri üzündən test üçün özəl xəstəxanalara müraciət edir. Bunun üçün xəstələr 75 manat da test üçün xərcləməli olurlar. 
Bir xəstənin müalicəsi 1000 manata başa gəlir...
Göründüyü kimi koronavirusa yoluxmuş xəstələrin evdə müalicə xərcləri minimum 916 manat təşkil edir. Amma yanaşı xəstəlikləri olan şəxslərdə bu xərc 1000 manatdan yuxarı olur. Səhiyyə Nazirliyindən və TƏBİB-dən Sputnik Azərbaycan-a bildirdilər ki, evdə müalicə alan xəstələrə yalnız vitamin paketi göndərilir. Ağır xəstələr isə xəstəxanaya yerləşdirilərək müalicəsi dövlət hesabına aparılır.
TƏBİB-in müalicə protokolu...
Qeyd edək ki, TƏBİB-in müalicə protokolunda evdə müalicə alan xəstələr üçün dərman preparatlarının təyini xəstəliyin yüngül-ağırlığına, yanaşı xəstəliklərin olub-olmadığına görə dəyişir. Yetkin şəxslərin müalicə protokolunda göstərilir ki, COVID-19 PCR testi müsbət olan şəxslərdə antiviral müalicə başlanmasını güclü şəkildə dəstəkləməkdədir. Ancaq erkən başlanan dərmanların daha təsirli olduğuna aid ümumi məlumatlara əsaslanaraq, xəstəni qiymətləndirən həkimin məsləhətinə əsasən, eyni zamanda yanaşı təsirləri mövzusunda diqqətli olmaq şərtiilə bu xəstələrə antiviral müalicə başlana bilər. Hospitalizasiya göstərişi olan Covid-19 hallarında müalicə tövsiyələri belədir. Ağırlaşmamış şübhəli/təsdiq olunmuş diaqnozlu COVID-19 hallarında Favipiravir1-200 mg tablet 1600 tablet x 2 dəfə başlanğıc, 600 mg tablet x 2 dəfə dəstəkləyici  5 gün təyin edilməlidir. Yüngül-orta gedişli pnevmoniyalı (Ağır pnevmoniya əlaməti olmayanlar) şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicə -Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici, 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici-5-10 gün aparılmalıdır. Ağır Pnevmoniyalı şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicədə isə Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici 5-10 gün edilməlidir.
Evdə müalicə protokolu dəyişdirilməlidir....
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, TƏBİB-in evdə müalicə protokolu yenidən işlənilməlidir. Onun sözlərinə görə, bu gün evdə müalicə alan orta-ağır xəstələr var ki, onların müalicəsi üçün evə göndərilən vitaminlərdən ibarət müalicə paketi yetərli deyil (Bu paket COVID-19 xəstəliyinə yoluxmuş bütün xəstələrə verilmir -Red.).
Həmsöhbətimiz deyir ki, tibb sahəsi üzrə Elmi Tədqiqat İnstitutunun aparıcı elmi əməkdaşları, infeksionistlər, pulmonoloqlar, və uzun ilər klinik farmokologiya ilə məşğul olan şəxslər evdə müalicənin istiqamətləri müəyyən edilməlidir:
"Burada orta, yüngül, ağır və çox ağır COVID xəstələrinin, eləcə də yanaşı xəstəlikləri olanların müalicə protokolu hazırlanmaldır. Bu gün biz TƏBİB-in evdə müalicə protokoluna baxsaq görərik ki, orada ümumi dərman preparatları öz əksini tapıb. Hamıya birmənalı olaraq 1000 mg C vitamini təyin etmək doğru deyil. Ola bilər ki, xəstə həmçinin şəkərli diabetdir. Bu zaman bu vitaminin qəbulu avtomatik şəkəri qaldıracaq. Bu da xəstəni ağırlaşdıra bilər. Yaxud da xəstənin böyrək problemi ola bilər. Bu zaman da protokoldakı dərmanlar ehtiyatla təyin edilməlidir. Ona görə də TƏBİB-in COVID-19-a görə müalicə protokolu yenidən işlənilməlidir. Yaxşı olar ki, protokol işləndikdən sonra ictimaiyyətə açıqlansın, eyni zamanda evlərə buklet formasında paylanılsın. Çünki, bu gün xəstəliyin evdə müalicəsi üzündən ağırlaşmalar olur. Bu gün virusu məhv edən dərman preparatı yoxdur. Mütləq şəkildə xəstələrə həkim baxışı olmalıdır. Protokolda xəstəyə kleksan vurulması tövsiyyə olunsa da hər xəstəyə də kleksan vurmaq olmaz. Qanın göstəriciləri normaldırsa cavan insanlara Kleksan təyin edilə bilməz".
Hər xəstəyə fərdi yanaşılmalıdır....
İnfeksionist bildirir ki, bu gün ölüm sayının artmasında şablon reseptlərdən istifadə az rol oynamır. Onun sözlərinə görə, COVID-in müalicəsində hər bir xəstəyə fərdi yanaşılmalıdır. Evdə müalicə protokolu yenidən hazırlanaraq  ictimaiyyətə açıqlanmalıdır.
Pulu olanlar özünə, olmayanlar Allah ümidinə...
Apardığımız araşdırmadan belə məlum oldu ki, hazırda evdə müalicə olunan xəstələrin sağalma şansı ən yaxşı halda öz maddi vəziyyətlərinə, ən pis halda isə Allaha bağlıdır. COVID-19-un müalicəsi üçün tələb olunan məbləğdən də görünür ki, bu xərci qarşılamaq evdə müalicə olunan orta statistik Azərbaycan vətəndaşı üçün elə də asan deyil. Virusun yoluxucu olduğunu, ailədə eyni zamanda bir neçə nəfərin bu xəstəliyə yoluxduğunu nəzərə alsaq, çəkilən xərc ən azı dörd dəfə artır. Beləliklə, bir ailədə dörd nəfər virusa yoluxursa onların evdə müalicəsinə 4 min manata yaxın pul tələb olunur...
Həmçinin oxuyun:
Həkimlər xəstələrin həyatı ilə oynayırlar - Qanunun qəbulu isə daşa dirənib
Xəbər lenti
0