01:36 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
SƏHİYYƏ
Qısa URL
4210

Vüqar Cavadzadənin sözlərinə görə, bu müddətdə təbii ki, 3, hətta 4-cü dozaya da ehtiyac olacaq. Yəni, bu o deməkdir ki, epidemik müddətdə hər 6 aydan bir vaksinin vurulması zəruridir.

BAKI, 12 iyul — Sputnik. Xeyli vaxtdır qonşu Türkiyədə 3-cü doza peyvəndin vurulmasına başlanılıb. Belə ki, Türkiyədə ikinci doza peyvənd olunmuş 50 yaşdan yuxarı vətəndaşlar və tibb işçiləri iyulun 1-dən etibarən istədikləri peyvəndin 3-cü dozasını vurdura bilərlər. Bununla bağlı Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, 50 yaşdan yuxarı şəxslər və səhiyyə işçilərinin istənilən vaksin ilə 3-cü doza peyvənd olunması zəruri hesab edilir. Üçüncü doza peyvəndinin hansı növ peyvəndlə tətbiq olunmasına dair heç bir məhdudiyyət yoxdur.

Artıq Azərbaycanda bu istiqamətdə işlərə başlanılıb. Son elmi araşdırmaların nəticəsinə və bir sıra ölkələrin vaksinasiya təcrübəsinə əsaslanaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası bir sıra qərarlar qəbul edib. Bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qərara əsasən, xəstəliyi keçirən və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq. Eyni zamanda, peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bu haqda deyib:

"Azərbaycanda 1 və 2-ci doza COVID-19 vaksinləri vurulub və artıq 3-cü dozaya hazırlıq başlayır. Hesab edirəm ki, üçüncü doza da zəruridir. Digər tərəfdən baxsaq, bu gün 90-dan artıq ölkədə “Delta” ştammı yayılıb. 1 və 2-ci doza vurduran şəxslərdə immunitetin davam etmə müddəti 6 aydır. Vaksinasiya ilə süni yolla immunitet yaradılır. 1 və 2-ci doza vaksin olunan şəxslərin yenidən xəstələnmə şansının azaldılması üçün 3-cü doza vaksinin vurulmasına ehtiyac var".

Lakin bu 3-cü dozanın son olub-olmayacağını indidən demək çətindir:

"Hələlik ki, heç kim deyə bilməz ki, 3-cü doza son olacaq. Pandemiya şəraiti davam edir. Bu müddətdə təbii ki, 3, hətta 4-cü dozaya da ehtiyac olacaq. Yəni, bu o deməkdir ki, epidemik müddətdə hər 6 aydan bir vaksinin vurulması zəruridir. Sadəcə, birinci olaraq hansı vaksin qəbul olunubsa, məsləhət görürəm ki, 3-4-cü doza olaraq da həmin vaksin qəbul edilsin".

Ekspert bildirir ki, bu qədər vaksinləşmənin heç bir ziyanı yoxdur: "Uşaq vaxtı müəyyən xəstəliklər olub ki, onlara qarşı dəfələrlə vaksinasiya olunub. Hepatit B-yə qarşı 3 dəfə vaksinasiya aparılır. Bu vaksinlərin nə ziyanı olub ki, indi COVID-19 əleyhinə vurulan vaksinlərin də bir ziyanı olsun. Məsləhətdir ki, xüsusən yaşlı, yanaşı xəstəlikləri olan şəxslər, risk qrupu olanlar 3-cü doza vaksini vurdursunlar. Risk qrupu dedikdə tibb işçiləri, qapalı məkanda daha çox insan ilə təmasda olan şəxslər nəzərdə tutulur".

Maraqlıdır, bu vaksinləşmə yeni mutasiya növləri üçün necə, təsirlidirmi? Ekspertin sözlərinə görə, İngiltərədə aparılan ilkin tədqiqatlar göstərir ki, vaksinin hər iki dozasını vuran şəxslərdə “Delta” ştammına qarşı qoruyuculuq 80 faizdir. Vaksinin 1 dozasını vuranlarda isə bu qoruyuculuq təqribən 33 faizdir.

Əsas mövzular