02:33 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
SƏHİYYƏ
Qısa URL
11 0 0

Hər kəsə cansağlığı və mənim vəziyyətimə düşməməyi arzulayıram. Ancaq birdən qonaq olduğunuz Azərbaycanda tibbi yardıma ehtiyacınız olsa, bunu xarici tibbi sığorta ilə necə etməyin qaydalarını bizim məqalədən oxuyun.

BAKI, 27 iyun - Sputnik. Belarusda yağmurlu payız havasına bənzəyən bahardan sonra Bakının qızmar iqliminə öyrəşməkdən, ya da 3000 km yolu sükan arxasında keçirməkdən idi – belim tutdu. Özü də elə tutdu ki, iki gün yarımcan uzanıb müxtəlif ağrıkəsici məcun sürtməli oldum.

Bir məqamda anladım ki, dözməyə gücüm yoxdur, nə məcun, nə həblər kömək edir, istər-istəməz yerli həkimlərə müraciət etməliyəm. Bu zaman bankın ödəniş kartı ilə birlikdə verdiyi xaricdə olduğum müddətdə istifadə edə biləcəyim tibbi sığorta polisi yadıma düşdü.

Sığortanı tamamilə pulsuz vermişdilər, həcmi də kifayət qədər samballıdır – 50 000 ABŞ dolları. Mən də on illərlə səyahət edən biri kimi, ilk dəfə imkandan istifadə edərək sığortalı tibbi yardım almaq qərarına gəldim.

Bir qədər sığorta bürokratiyası

Sığorta polisini çıxarıb məlumat vərəqinə baxdıqca sığorta dünyasında xeyli təəccüblü məqamla rastlaşdım.

Əvvəla, məni Belarus müştərək sığorta cəmiyyətinin sığortalamağına baxmayaraq, polisi Rusiya xidmət mərkəzi aparır və yalnız onunla əlaqə saxlamaq lazımdır. Əlaqə üçün üç kanal var: çoxkanallı Rusiya telefon nömrəsi (mənim variantımda Belarus nömrəsi və Azərbaycan sim-nömrəsi ilə rouminq - ən bahalıdır), Rusiya nömrəsinə SMS (bir qədər ucuz) və Skype-la bağlantı. Təbii ki, pulsuz Skype-ı seçdim və ilk mesajımı göndərdim.

“Salam, mən filankəsəm, filan polisim var, qəfil yaranan problemimə görə kimə və nə zaman müraciət edə bilərəm?”

Bir dəqiqə sonra mesaj gəlir: “Diqqət! Skype-da gözlənilməyən məlumat itkisi mümkündür və buna görə assistentlik edən şirkət məsuliyyət daşımır. Tətbiqdə cavab almadığınız təqdirdə, xahiş edirik, özünüzün sığorta polisinizdəki digər kontaktlardan istifadə edəsiniz”.

Sonra isə sənədlərin siyahısı göstərilir və bunlarsız mənim mesajımın qeydə alınmayacağı bildirilir:

  • Polislə pasportun fotosurəti (əsas səhifənin, vizanın, sərhədi keçdiyin barədə qeydin);
  • Olduğun məkanın ünvanı, latınca (ölkə, şəhər, otel, küçənin/evin nömrəsi);
  • Vətənində və xaricdəki əlaqə telefonları;
  • Xaricdə olma səbəbin
  • Xəstəliyin/hadisənin ətraflı təsviri, nə baş verib, əlamətlərin özünü büruzə verdiyi tarix.

Bunları oxuyub təkcə belimin ağrıdığına, qol-qıçımın sınmadığına və ürəktutmadan əziyyət çəkmədiyimə sevindim. Pasportumun əlimin altında olması, kamerası olan və tətbiqləri dəstləkləyən müasir telefonum, evdə pulsuz WI-FI, ünvan və telefonları yadımdan çıxarmamağım və başıma gələnləri təsvir etmək imkanım da yerinə düşdü.

Yaxşı, bəs birdən küçənin ortasında başıma bir iş gəlsə? Əlimdə içində yerli nömrə olmayan, ancaq interneti dəstəkləyən telefon olsa? Sənədsiz? Ünvanını latınca dəqiq yaza bilmədiyim kirayə evdə yaşasam?

Qısacası, göndərilən bürokratik tələblərə məntiqi cavabdan çox, sual yaranır.

Ancaq bu hələ başlanğıcdır

Xeyli şəkil göndərib, bir xeyli də söz yazandan, xroniki xəstəliklərimin olmaması barədə əlavə suallara cavab verdikdən 40 dəqiqə sonra nəhayət şad xəbər aldım: “Müraciətiniz qeydə alınıb, sizə yardımın təşkili ilə məşğul olacağıq, üsul və ardıcıllıq barədə əlavə məlumat verəcəyik, xahiş edirik, xətdə qalın”.

Ancaq bir on dəqiqədən sonra yenidən fotoqraflıq etməli oldum: “Hörmətli Pavel, xahiş edirik, sərhədi keçdiyiniz haqda pasport səhifəsini yenidən göndərin, fotoda səhifə tam əks olunmalıdır”. Belədə yazmağı yox, Skype-la zəng edib bütün bu bürokratik süründürməçiliyin səbəbini öyrənməyi üstün tutdum.

Nə qədər təəccüblü olsa da, sığorta şirkəti ilə Skype-la əlaqənin yalnız yazışma vasitəsilə mümkünlüyünü diqqətimə çatdırdılar: “Zənginizə cavab verilməyəcək. Əlaqə yalnız yazışma ilədir. Bu istiqamətdə mesaj göndərərkən problem yaranarsa, poçta məktub göndərə bilərsiniz”. Bundan sonra yazışmalarımız elektron poçta “köçdü”.

Yaxşılıqla bitən hər şey yaxşıdır

Sığorta şirkətinin haqqını vermək lazımdır: Skype-la müraciətdən və poçtla yazışmadan iki saat sonra yaşadığım yerdən 10 dəqiqəlik yolda olan şəxsi klinikaya müraciət etmək variantı təqdim etdilər, üstəlik, vaxt da danışılmışdı, xidmət haqqının ödəniləcəyinə zəmanət barədə SMS-lər də gəlməyə başladı.

Bundan sonra hər dəfə həkimə getdikcə sığorta şirkətinin operatorları ya zəng edir, ya da məktub yazaraq səhhətimlə bağlı suallar verir, kifayət qədər peşəkar yardım alıb-almadığımı, əlavə xidmətlərin haqqını ödəyib-ödəmədiyimi və s. soruşurdular. MRT keçmək üçün prosesi kifayət qədər operativ həll etdilər, bundan sonra belimdəki ağrıları götürən iynələrin də pulu ödənildi.

Təcrübəli adamın tövsiyələri

Bakıda sığorta üzrə tibbi yardım almaqla bağlı iki həftəlik təcrübəsi olan biri kimi sığorta şirkətlərinin gələcək müştərilərinə (təbii ki, Allah eləməsin) bir-iki tövsiyəm var.

Ölkədən çıxmamışdan əvvəl pasport, viza və sığorta polisinizin fotosurətlərin çıxarın.

Sərhədi keçib otelə yerləşdikdən sonra sərhədi keçmək barədə möhürün və olduğunuz yerin ünvanı haqda məlumatın şəklini çəkin.

Telefonunuzda rouminq açdırın, yaxud internet və SMS dəstəkli yerli sim-nömrə taxın. Mənim situasiyamda bəlli oldu ki, SMS-lər yerli mobil şirkətin təqdim etdiyi bahalı xidmət paketinə daxil edilməyibmiş, qoşulma isə yalnız şirkətin ofisində mümkündür, o da ayda 65 sent müqabilində.

Sığorta şirkəti ilə zəngləşmə və ya yazışmanın uzun, bezdirici və bürokrtik olacağına özünüzü əvvəldən hazırlayın.

Sizə tibbi xidmət haqda zəmanətin hansı elektron ünvanına və ya faksa göndəriləcəyini sığorta şirkətinin operatorundan mütləq dəqiqləşdirin. Yaxşı olar ki, bu zəmanət məktubunun bir nüsxəsini də tibbi mərkəzdə aça biləcəyiniz elektron poçtuna göndərsinlər.

Mənim situasiyamda Bakıdakı tibb mərkəzinin əməkdaşının poçt ünvanında rusiyalı operatorlar bir hərfi səhv yazdıqlarından zəmanəti ala bilmədik. Yerində elektron ünvanını dəqiqləşdirib sığorta şirkəti ilə təkrar yazışmalı oldum. Yaxşı ki, hadisələr qeyri-iş və ya istirahət gününə təsadüf etmədi.

Daim xətdə qalın, çünki sığorta şirkətlərinin operatorları növbəti mərhələlərdə sizinlə və tibb mərkəzinin nümayəndələri ilə bütün hərəkətləri - tədqiqatın, analizin aparılması, həkimə təkrar müraciət, müalicənin təyini və aparılmasını – razılaşdırırlar. Bu, mənim situasiyamda olduğu kimi, həm Rusiyadan birbaşa zənglər, həm də sığorta menecerimim elektron poçt ilə həm klinika, həm də sizinlə yazışması yolu ilə gerçəkləşdirilə bilər.

Dördüncüsü – xəstələnməyin, xüsusilə də xaricdə... Sağlam olun!

Eləcə də oxuyun:

  • Stomatoloji yardım İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil ediləcək?

  • Şəhid ailələrinə, müharibədə xəsarət alanlara, əlillərə bu xidmətlər göstəriləcək

  • Bu özəl xəstəxanalarda da icbari tibbi sığortadan istifadə mümkün olacaq

Teqlər:
Azərbaycan, əcnəbi, tibbi yardım, sığorta, həkim

Əsas mövzular