CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yapon alimlər onun qarşısında səcdə etmişdilər: Can qurtaran Azərbaycan həkimi

© AFP 2023 / JAIME REINAДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Polkovnik Əbülfət Həmidovun sözlərinə görə, Qavriil İlizarov o qədər savadlı idi ki, onun dediyi hər kəlməni tələbələri qızıl kimi qəbul edirdilər.

BAKI, 17 iyun — Sputnik. İyunun 15-də Azərbaycanın Qusar rayonunun mərkəzi küçələrindən birində dünya şəhrətli ortoped-cərrah Qavriil İlizarovun müəllifi olduğu aparatın instalyasiyası açılıb.

İnstalyasiyanın açılışında İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin üzvü Anatoli Tafailov, "Azİz" beynəlxalq assosiasiyasının sədri Vahid Bayramov, yəhudi təşkilatlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.

İyunun 15-də həmçinin Qırmızı Qəsəbədəki Dağ yəhudiləri muzeyində dahi həkimin 100 illiyinə həsr olunmuş sərginin də açılışı olub. Sərgidə məşhur təbibin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallar, İlizarov aparatının 3D modeli, təbibin 100 illiyinə həsr olunmuş xatirə medalı və digər eksponatlar nümayiş olunur.

Tədbir iştirakçıları İlizarovun unikal şəxsiyyət olduğunu dilə gətirərək, onun travmatologiya və ortopediyanın inkişafına verdiyi töhfədən danışıblar. Yenilikçi-həkim və görkəmli ixtiraçı olan İlizarovun hazırladığı kompression-distraksiya aparatının dünyada neçə-neçə insanın ağır travmalardan sonra bərpa olunmasında oynadığı roldan söz açılıb.

Təbabət inqilabçısı

Qavriil İlizarovun özü bir zamanları Belarusiyanın ərazisində olan Belovejdə anadan olsa da, atası Abram qusarlı dağ yəhudisidir. İlizarov travmatologiya sahəsində dünya üzrə sözün həqiqi mənasında inqilab edib. Onun icad etdiyi "İlizarov aparatı" sayəsində milyonlarla travmatoloji xəstə tam sağlamlığına qovuşub, ayaq və qolların amputasiyasının qarşısı alınıb.

Sputnik Azərbaycan-ın əməkdaşı Leyla Abdullayeva bu görkəmli şəxsin özü və ixtira etdiyi aparatla bağlı oxuculara fərqli şeylər anlatması üçün onun tələbəsi, Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidovla söhbətləşib.

Həmidov müəllimindən öyrəndikləri sayəsində həm birinci, həm də İkinci Qarabağ müharibəsində yüzlərlə əsgərin həyatını xilas edib.

© Sputnik / Leyla AbdullayevaMərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidov əməliyyat zamanı
Yapon alimlər onun qarşısında səcdə etmişdilər: Can qurtaran Azərbaycan həkimi - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Mərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidov əməliyyat zamanı

"Mənim müəllimim çox tələbkar idi. O qədər savadlı idi ki, onun dediyi hər kəlmə bizim üçün qızıla bərabər sayılırdı. Mən onun bizə öyrətdikləri və ixtira etdiyi aparat sayəsində həm Birinci, həm də İkinci Qarabağ savaşında minlərlə oğullarımızın ayaqlarının, qollarının amputasiya edilməsinin qarşısını almışam. 1992-93-cü illərdə müharibədən elə xəstələr gəlirdilər ki, bud nahiyəsi, qol nahiyəsi tamamilə dağılmış olurdu. Amma mən onların ətraflarının amputasiya edilməsinə razı olmurdum. Bu aparat vasitəsilə həmin nahiyələri yenidən bərpa edirdik".

Dahiliyin etirafı

Həkim bizə İlizarov haqqında yadında qalan maraqlı bir hadisəni də danışıb:

"İlizarov 1992-ci illərdə 126 ölkənin akademiyasının üzvü idi. Bir çox dövlətlərin fəxri vətəndaşı adına layiq görülmüşdü. 1989-cu ildə Rusiya Federasiyasının Kurqan şəhərində tibb elmi ilə bağlı konfrans keçirilirdi. Bir çox dövlətlərin professorları bu konfransda iştirak edirdilər. Bura Yaponiyadan da 12 professor gəlmişdi. Tədbirdə İlizarov aparatı ilə sağalan xəstələrin ilk və son vəziyyətinə aid şəkillər təqdim olundu. Daha sonra bu aparat vasitəsilə sağalan xəstələrin 4-5-ni səhnəyə dəvət elədilər. Bunu görən yapon professorlarının 12-si də düz gedib İlizarovun qarşısında baş əyib səcdə etdilər. Burada müxtəlif dövlətlərdən 400-dən artıq professor vardı. Onların hamısı bu səhnəni coşğu ilə alqışladılar.

İlizarov dərhal ayağa qalxdı və dedi: "Siz də həkimsiniz, mən də. Heç vaxt istəmərəm ki, həmkarlarım mənim qarşımda səcdə etsinlər". Bu vaxt yaponlar qayıtdılar ki, "biz İlizarovun qarşısında yox, onun yaratdıqlarının qarşısında baş əyirik". Bu, elə-belə deyilmiş söz deyildi".
© Sputnik / Leyla AbdullayevaVətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlu
Yapon alimlər onun qarşısında səcdə etmişdilər: Can qurtaran Azərbaycan həkimi - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Vətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlu

Həmidovun sözlərinə görə, bu aparat İkinci Qarabağ müharibəsində də 400-dən çox hərbçimizin ətraflarının amputasiya olunmamasına kömək edib:

"Bir xəstəm vardı ki, 19 dəfə əməliyyat etdik, amma ayağını kəsmədik. İlizarovun bir davamçısı olaraq bu millət üçün hər zaman əlimdən gələni etdim və bundan sonra da etməyə hazıram".

Müəllimə də, tələbəsinə də duaçıdırlar

Minlərlə insanın köməyinə çatan bu aparat və Əbülfət həkim sayəsində Lerikdən olan Vətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlunun qolu da amputasiya olunmaqdan yan keçib. Hazırda bu aparatı qolunda gəzdirən və onunla fiziki iş görən Ələsgər həm aparatı ixtira edənin ruhuna, həm də həkiminə duaçı olduğunu deyir: "Xocavənd uğrunda gedən döyüşlərdə yaralandım. Sağ qolumun çiyindən dirsəyə qədər olan sümüyü dağılmışdı, sümük yox dərəcəsində idi. Qolumun aşağı hissəsi ətdən sallanmış formada qalmışdı. Qolumun kəsiləcəyindən ehtiyat edirdim. Amma Əbülfət həkim məni əməliyyat etdi və bu aparat vasitəsilə qolumu yenidən yığdı. Bu, həqiqətən bir möcüzə idi. Çünki qolum ət kimi olmuşdu. İndi bu aparat vasitəsilə fiziki iş görə bilirəm. Buna görə də həm aparatı ixtira edənin ruhuna, həm də onun tələbəsi olan həkimimə çoxlu dualar edirəm".

Onu da qeyd edək ki, İlizarov sözügedən aparatı ixtira edən zaman çox böyük çətinliklərlə üzləşib, təzyiqlərə məruz qalıb. Hətta onu ruhi xəstə olmaqda günahlandıranlar da tapılıb. Amma o, heç vaxt geri addım atmayıb. Onun bu ixtirası dünya tibb elminə böyük töhfə verib.

© Sputnik / Leyla AbdullayevaVətən Müharibəsi qazisi
Yapon alimlər onun qarşısında səcdə etmişdilər: Can qurtaran Azərbaycan həkimi - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Vətən Müharibəsi qazisi

Qavriil İlizarov kimdir?

Görkəmli ortoped-cərrah, professor, ixtiraçı, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Qavriil Abramoviç İlizarov 15 iyun 1921-ci ildə bir zamanlar Belarusiya SSR-ə daxil olmuş Belovej adlı yerdə yəhudi ailəsində anadan olub. Qavriilin 7 yaşı olanda ailəsi ilə birlikdə ata yurduna - Qusar rayonuna köçüblər. Onun atası Abram burada yaşayan dağ yəhudilərindən idi. Qusarda səkkiz illik məktəbi bitirən gələcəyin məşhur cərrahı ilk tibb təhsilini Dağıstanda alıb.

Krım Dövlət Tibb İnstitutunda ali təhsil alan İlizarov bundan sonra həkim kimi fəaliyyətə başlayıb. Onun 1947-ci ildə ixtira etdiyi aparat sınıqların müalicəsində ən effektiv üsullardan sayılır. Dünyaca məşhur Qavriil İlizarovu ixtirasına görə həkim-sehrbaz adlandırırlar. Bir çox ali dövlət mükafatları ilə təltif olunan Qavriil İlizarov 1992-ci ildə 71 yaşında vəfat edib.

Bütün həyatı boyu çoxlu sayda əməliyyatlar keçirmiş cərrah 208 tibbi ixtiranın müəllifidir. Onlardan 18-i dünyanın 10 ölkəsində patentləşdirilib.

Qusarda yerləşən özəl tibb müəssisəsinin təşəbbüsü ilə yaradılan abidə öz ixtirası ilə minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olan məşhur həkimin xatirəsinə hörmət əlaməti olaraq ucaldılıb.

Xəbər lenti
0