BAKI, 31 yanvar - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1"in efirində keto dietanın köməyi ilə arıqlamaq istəyənlərə hansı problemlərlə üzləşəcəkləri barədə açıqlama verib.
"Effektinə görə bu pəhriz digərlərindən heç nəyi ilə üstün deyil. Demək olar ki, eynidir. Bəli, çəkini azaldır, amma gəlin ziyanlara da baxaq. Keton cisimlərin çoxluğu ağır nəticələr törədə bilər", - həkim deyib.
Myasnikov deyib ki, keto pəhriz zamanı insanlar yalnız yağlarla qidalanırlar, yəni karbohidratları rasiondan çıxarır, az miqdarda da zülal saxlayırlar.
Onun sözlərinə görə, bu rejim zamanı insan soyuqdəyməyə bənzər əlamətlər hiss edə bilər. Bu, əzginlik, yorğunluq, üşütmə, həyəcan hissi, əzələ zəifliyi, yuxusuzluq kimi fəsadlarla özünü büruzə edir. Həmçinin ürək ritmi, bağırsağın işi pozula, nevroloji problemlər yarana bilər.
"Əgər keto pəhrizin bu çətinliklərinə dözərək arıqlamağa gücünüz çatırsa, elə o keto pəhrizsiz də arıqlaya bilərsiniz", - Myasnikov bildirib.
Həkimin fikrincə, arıqlamaq üçün qəbul olunan qidanın kalorisini azaltmaq, fiziki aktiv olmaq və balanslaşdırılmış qaydada yemək kifayətdir.