06:13 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (251)
33110

Mərkəzi Neftçilər Xəstəxanasının tibb bacısı Arzu Haqverdiyeva: “Əsas çətinliklərdən birini yeni xəstələr gələndə yaşayırıq. Çünki xəstənin bizə, dərmanlara öyrəşməsi üçün zaman lazımdır”

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. COVID-19 xəstələrinin müalicəsində ən böyük məsuliyyətlərdən biri də onların üzərinə düşür. Xəstənin müalicə, digər zəruri ehtiyacların ödənilməsi prosedurunu da onlar icra edirlər. Bu gün onların da vaxtilə işlədikləri palatalarda xəstə olaraq müalicə alması heç də təsadüfi deyil. Bəzən tələm-tələsik xəstənin yanına qaçaraq, özlərini riskə atmış olurlar. Əlləri virusa yoluxur, tər-su içində dəhliz boyu o başa, bu başa qaçışırlar.

Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti COVID-19 xəstələrinin müalicəsində yaxından iştirak edən Mərkəzi Neftçilər Xəstəxanasının tibb bacısı Arzu Haqverdiyevadır. Təəssüf ki, biz onun üzünü belə, göstərə bilmirik. Çünki bu gün onların həyat tərzi belədir. Eynəkli, maskalı və əynind qoruyucu geyim. Arzu Haqverdiyeva və onun kimi yüzlərlə, minlərlə qəhrəmanın. 

© Sputnik / Stringer
Mərkəzi Neftçilər Xəstəxanasının tibb bacısı Arzu Haqverdiyeva

- 15 ildən artıqdır ki, Mərkəzi Neftçilər Xəstəxanasında tibb bacısı olaraq fəaliyyət göstərirəm. Artıq maydan etibarən COVID-19 xəstələrinin müalicəsi prosesinə cəlb olunmuşam. Bu xəstəlik hamı kimi məni də ailəmdən, övladlarım və nəvələrimdən uzaqlaşdırdı. Onlarla artıq iki aya yaxındır ki, ancaq görüntülü danışa bilirik. Yaşlı anam var, ondan da uzaq düşmüşəm. Xəstəxanamız martdan etibarən COVID-19 xəstələrinin müalicəsinə qoşulub. Mən özüm də aprelin sonundan COVID-19 xəstələrinin müalicəsində iştirak etmək üçün adımı siyahıya yazdırdım. Fikirləşdim ki, niyə mən bu prosesdən kənarda qalmalıyam. Bu gün bu işə müəyyən qədər də olsa töhfə vermək üçün buradayam. Biz tibb bacıları olaraq çətin də olsa böyük həvəs və əzmkarlıqla bu gün burada əlimizdən gələni edirik. Düşünürəm ki, bu müvəqqəti çətinlikdir, bir zaman hər şey geridə qalacaq.

- Əsas çətinliyiniz nədir?

- Əsas çətinliyimiz komuflyaj paltar, bağlı üz maskası və əlcəklərə görədir. Təsəvvür edin, iş başında olarkən biz bütün günü bu qapalı geyimdə, su içində oluruq. İnanın, bir dəfə bu formanın altından geyindiyim öz geyimlərimi sulu formada sellofana qoyub, otelə apardım. Gecə çox yorğun idim, səhər sellofanı əlimə götürəndə, nə qədər ağır olduğunu hiss elədim. Üstündən müəyyən qədər saat keçməsinə baxmayaraq geyimlərim su içində idi. Təsəvvür edin, bu geyimlə növbəmiz bitənədək işləyirik. Bundan başqa, əsas çətinliklərdən birini də yeni xəstələr gələndə yaşayırıq. Çünki xəstənin bizə, dərmanlara öyrəşməsi üçün zaman lazımdır. Xəstə səhhəti ilə bağlı reallığı başa düşdükdən bir neçə gün sonra artıq çətinliyi geridə qoymuş olur. Bəzən aralarında bu xəstəliyin adına görə stressə düşənlər çox olur. Biz isə onlara hər zaman ürək-dirək veririk ki, bu vəziyyətdən çıxa bilsinlər.

- Özünüz üçün yarana biləcək riski nə dərəcədə dəyərləndirirsiniz?

- Düşünürəm ki, bu xəstəliklə bağlı risk artıq hər yerdə var. Bu risk yalnız xəstəxanada deyil, bu divarlardan kənarda da ola bilər. Çətin də olsa, biz burada tamamilə qapalı formada fəaliyyət göstəririk. Bacardığımız qədər özümüzü riskdən qoruyuruq.

© Sputnik / Stringer
Mərkəzi Neftçilər Xəstəxanasının tibb bacısı Arzu Haqverdiyeva

- İlk iş gününüz necə yadınızda qalıb, qorxu, stress var idi?

- İlk iş günüm çox çətin oldu. Bu geyimə öyrəşmək də çətin idi. Amma zamanla bu iş artıq mənim üçün adiləşdi. Ümumiyyətlə, növbədə olarkən fasilə etmək söhbəti olmur. Fasilə edə bilmirik, xəstələr çoxdur. Bütün günü qaçaqaçdayıq. Xüsusən də gecə növbəsi olanda, yeni xəstə gələndə işimiz daha gərgin olur. Saturasiyası düşən xəstənin otağını dəyişirik, xəstəni bütün günü oksigenə qoşsam da, onun vəziyyəti stabilləşmədi və xəstəni reanimasiyaya qaldırdıq. Bəzən olur ki, bütün günü növbədə balon daşıyırıq, dəhlizlə o başa, bu başa qaçırıq. Balonu beş dəqiqə saxlayanda xəstənin saturasiyası yenə də aşağı düşürdü. Biz çalışırıq ki, xəstəyə nəsə köməyimiz dəysin. Çünki hər anın o xəstə üçün xüsusi önəmi ola bilər. Hətta saniyələr belə hər şeyi həll edə bilər.

- Xüsusi özəl, yadınızda qalan bir hadisə olubmu?

- Ailəm bilirdi ki, mayın 1-dən etibarən COVID-19 xəsətlərinin müalicəsi prosesinə cəlb olunacağam. Bu səbəbdən onlar aprelin 30-da mənim 50 illik yubileyimi qeyd elədilər. Yubiley günüm, mayın 12-si iş günümə təsadüf edirdi. Növbəm başa çatdıqdan sonra artıq evimə çevrilən oteldə iş yoldaşlarımla birgə doğum günümü qeyd etdik.

- Baxdığınız xəstələr nə deyirlər, daha çox harada yoluxublar?

- Yoluxanlar arasında yasa gedənlər çox olub. Bundan başqa, bu şəxslər arasında rayona gedib-qayıdanlar da az deyil.

© Sputnik / Stringer
Mərkəzi Neftçilər Xəstəxanasının tibb bacısı Arzu Haqverdiyeva

- Xəstələriniz arasında uşaqlar olubmu?

- Təəssüflər olsun ki, yoluxanlar arasında azyaşlılar da olub. Bir ana burada iki övladı ilə birgə qalırdı. Bir neçə belə xəstəm olub. Onların damarlarına iynəni yeridəndə balaca oğlan qaçıb yatağın üstünə çıxırdı. Biz isə ona ürək-dirək verib qucağımıza alıb sakitləşdirirdik.

- Olub ki, iş başında ikən öz səhhətiniz də pisləşsin?

- Olub, bir yaşlı xəstəm var idi. Xəstəm çox narahat idi. Onun narahatlığı mənə keçmişdi. Bir də gördüm ki, artıq gözümün qabağı mənim üçün bulanıqlaşıb. Onda başa düşdüm ki, təzyiqlə bağlı problem yaşamışam.

Qeyd edək ki, Arzu xanım başda olamaqla buradakı bütün şəfqət bacıları xəstələrin doğmalarına çevrilib.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (251)

Əsas mövzular