03:54 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (200)
196520

"Bütün personalın o palatalara girməsi mümkün deyil. Xüsusi qrup işçilər ÜST-ün protokol qaydalarına riayət edərək bu palatalara girirlər" - Xüsusi rejimli karantin xəstəxanasının direktoru

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Bu gün onlar bütün dünyanın xilasedicilərinə çevriliblər. Ümid, yalvarış dolu baxışlar onlara doğru yönəlib. Onların da öz ailələri, həyatları var. Lakin buna baxmayaraq, artıq 3 aydır ki, dünyanı sarsıdan SARS-CoV-2 virusu həkimləri sevdiklərindən ayrı salıb. Məhz onların əməyinin nəticəsidir ki, hazırda bu xəstəlikdən sağalanların da sayında müəyyən qədər artım var. Son rəqəmlərə görə, Azərbaycanda koronavirusdan sağalanların sayı 63-dür.

Lakin təəssüf ki, bu rəqəmlərə paralel olaraq yoluxmaların da sayı artıb. Maraqlıdır, bunun səbəbi nədir, daxili yoluxma faktoru nədən qaynaqlanır? Sputnik Azərbaycan-ın suallarını Xüsusi rejimli karantin xəstəxanasının direktoru Emin Hüseyn cavablandırıb:

- Xəstəxanada ümumi vəziyyət necədir?

- Xaricdən gələnlər arasında yoluxma halları var idi deyə, müəyyən bir müddətədək xaricdən gələn vətəndaşlar tam olaraq nəzarətə alınıb, karantinə yerləşdirildilər. Azərbaycanda isə əhalinin bir qismi tərəfindən lazım olan rejim gözlənilmədiyindən daxili yoluma halı baş verdi. Bilirsiniz ki, istənilən infeksiya üçün hava-damcı yolu ilə yoluxma halı həndəsi silsilə ilə artır. Hazırda xəstəxanaya gələn xəstələrin sayında artım var. Bunun da səbəbi odur ki, karantin rejimi tətbiq olunduqdan sonra bəzi insanlar buna laqeyd yanaşdılar, təhlükəni lazımi qədər qiymətləndirmədilər.

- Yoluxanlar arasında nisbət necədir?

- İlk olaraq xaricdən yoluxma ilə gələn xəstələr üstünlük təşkil edirdi. Amma bu azsaylı yoluxma halı idi. Sonradan karantin rejiminə məhəl qoymayan insanların sayəsində isə daxili yoluxma halı baş verdi. Hazırda daxili yoluxma halı üstünlük təşkil edir. Yəni xariclə birbaşa təmasda olmayan, sadəcə olaraq xaricdən infeksiyanı ölkəmizə gətirən şəxslərlə təmasda olan şəxslərdir.

- Üçüncülü, dördüncülü yoluxma halı necə, baş verirmi?

-  Bu hal baş verir. Yoluxmanın necə baş verməsini aydınlaşdırmaq üçün epidemioloji anamnez sorğusu aparılır. Sorğudan bəlli oldu ki, infeksiyanın daha çox yayıldığı Çin, İtaliya, İran kimi ölkələrdən yoluxaraq gələn və onlarla birbaşa təması olmayan şəxslər yoluxublar. Bu isə o deməkdir ki, daxili yoluxma halı müşahidə olunanlarla xaricdən Azərbaycana infeksiyaya yoluxmuş halda qayıdan bu şəxslər arasında bir zəncirdə 2, 3-cü halqanı təşkil edən şəxslər var. 

- Maraqlıdır, onlar hansı şəraitdə yoluxublar, yəni ilkin ehtimallar nədir?

- Bu şəxslər arasında yalnız Bakı şəhərinin sakinləri olmadığından biz deyə bilmərik ki, məsələn, xüsusilə ictimai nəqliyyatda yoluxma halı baş verib. Belə yoluxanların arasında kifayət qədər rayon və kənd sakinləri var. Bu isə onu göstərir ki, təkcə ictimai nəqliyyatdan istifadə edənlər yoluxmurlar, eyni zamanda da canlı təmasdan, yoluxan insanların təmas etdiyi əşyalardan da baş verə bilər. Artıq Azərbaycanda istənilən bir yerdə, istənilən bir formada yoluxan insanlara rast gəlmək olar. Yəni artıq rayonlarda ictimai nəqliyyatdan istifadə etməyən şəxslər yoluxanların sırasındadırlar.

- Zəncirin 3, 4-cü halqası adlandırdığınız bu şəxslər özləri ehtimal olaraq yoluxma mənbələri haqda nə deyirlər?

-  Artıq burada müəyyənləşdirmə aparmaq mümkün olmur. Özləri də bilmirlər. Bəlkə də mağazaya girəndə bir müddət öncə orada olan yoluxmuş şəxsin təmas etdiyi əşyalara toxunublar. Bəlkə də xəstə şəxs asqırıb, öskürüb, sonradan bu şəxs qapalı əraziyə daxil olduqda havadan asılı vəziyyətdə olan infeksiya ona yoluxub. Bir daha vurğulayıram ki, bu müddətdə rəqəmlərin artmasının səbəbi insanların karantin qaydalarının tələblərini pozmasından irəli gəlir.

- Xəstəxananızda hansı yaşda olan şəxslər üstünlük təşkil edir?

- Burada həm azyaşlı, həm cavan, həm orta, həm də yaşlı nəslin nümayəndələri var. Yoluxma halının qruplara görə bölgüsü yoxdur. Bu yoluxmanın iki cür gedişatı var. Onlardan biri asimptomatik gedişatdır. Hansı ki, bu zaman əlamətlər ortaya çıxmır, insan xəstələnmir. O sadəcə olaraq daşıyıcı kimi xəstəxanaya daxil olur və virus tamamilə onun bədənindən azad olunduqdan sonra evə buraxılır. Bizim müşahidələrimizə görə, xəstələrin 75-80 faizi belədir. Yəni əsasən yaşı 60-65-dən aşağı olanlarda bu xəstəlik belə keçir. Lakin yaşı 60-65-dən yuxarı olan şəxslərdə isə əlamətlər özünü daha qabarıq göstərir. Təngnəfəslik, quru öskürək müşahidə olunur.

- Uşaqların sayı çoxdurmu?

-  Faiz etibarı ilə uşaqların sayı azdır. Onlar buradakı xəstələrin təxminən 3-5 faizini təşkil edirlər. Həmin uşaqlar valideynləri ilə birgə müalicə alırlar. Onların bəzilərinin bir valideynində, bəzilərinin hər iki valideynində bu xəstəlik var.

- Gündəlik olaraq hansı təhlükəsizlik prosedurlarından keçirsiniz, iş rejiminiz necədir?

- Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi protokol qaydalarında irəli sürülən bütün təlimatlara əməl edirik. Xəstəxanada infeksion xəstəliklərdən bütün müdafiə qaydalarına əməl olunur. Xəstəxanımızın həm “təmiz zona”sı, həm də “çirkli zona”sı var. “Təmiz zona”da yoluxan şəxslər yoxdur, yoluxmuş insanların müalicədə olduğu şöbələr var ki, həmin yerlər “çirkli zona” adlanır. Bu zonada işləyənlər xüsusi qoruyucu geyimlər geyirlər, bunlar dəri nahiyəsini tamamilə örtür. Onlar əlcək, xüsusi maska və eynəklərdən istifadə etdikləri üçün bədənlərinin açıq hissəsi qalmır.

Xəstəxana rəhbəri olaraq gündə bir neçə dəfə ÜST-ün protokol qaydalarına əməl etməklə həmin əraziyə daxil oluram. Bütün personalımız da bu protokol qaydalarına əməl edir. Burada ikiqat baryer yarandığı üçün xəstəxana işçilərinin yoluxmasından söhbət belə gedə bilməz. Bundan başqa, qeyd edim ki, bütün personalın o palatalara girməsi mümkün deyil. Xüsusi qrup işçilər ÜST-ün protokol qaydalarına riayət edərək bu palatalara girirlər. Bütün prosedurlara əməl etdikləri üçün onların evə getmələri problem deyil.

Bundan başqa, xəstələrimiz özləri də xüsusi qoruyucu maskalardan istifadə edirlər. Əməkdaşlarla pasiyentlərin təması minimuma endirilib. Xəstələrə palatadan çölə çıxmaq qadağandır. Yalnız müəyyən müayinələrə görə, gün ərzində bir neçə dəfə əməkdaşlar palataya daxil olurlar. Lakin qeyd edim ki, palatada xəstələr bütün lazım olan hər şeylə təmin olunduqları üçün onların palatadan çıxmasına zərurət yaranmır.

- Vəziyyəti ağır olan xəstələrin sayı çoxdurmu?

-  Bizim xəstəxanada bu günədək pasiyentlərin 10 faizində bu virusun orta-ağır forması müşahidə olunub. Onlar da yuxarı yaşda olan şəxslər idi. Lakin onlara vaxtında müdaxilə edildiyi, virus tez aşkarlandığı üçün vəziyyətləri normallaşıb. Artıq onların arasında tamamilə sağalaraq evə yazılanlar var. Ümumilikdə isə desəm, hazırda xəstəxanadakı belə xəstələr arasında evə yazılanlar təxminən 35-40 faizdir. Qeyd edim ki, bu günədək xəstəxanamızda bu virusdan ölən olmayıb.

Mövzu:
Dünyanı cənginə almış bəla (200)

Əlaqədar

Koronavirusa yoluxanların sayı 1,5 milyonu keçdi
Koronavirusu 48 saat ərzində yox edən preparat tapıldı
Azərbaycanda 82 yaşlı pasiyent koronavirusdan sağaldı
Bu ölkə həmişə acları ilə gündəmə gəlirdi, indi koronavirus oraya da çatdı
Beş ölkədə koronavirus qurbanlarının sayı artacaq – PROQNOZ

Əsas mövzular