08:50 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
232110

Sosial izolyasiya ləğv edilsə və virusun qarşısını almağa yönəlmiş başqa güclü bir strategiya tətbiq edilməsə, virus sadəcə yeni epidemiyalara səbəb ola bilər

BAKI, 18 mart — Sputnik. Alimlərin sözlərinə görə, qarşımızda çox çətin bir seçim durur: bir neçə ay və ya bir il sosial izolyasiyada qalmaq və ya yüz minlərlə insanın ölümünə göz yummaq.

Acı həqiqət budur ki, koronavirus yayılmağa davam edir və ona qarşı vaksin və ya müalicə olmadığı müddətdə virus yeni epidemiyalara səbəb ola bilər. Buna görə də London Gigiyena və Tropik Təbabət Məktəbinin (London School of Hygiene & Tropical Medicine) epidemioloqu və “Yoluxma yolları” adlı kitabın müəllifi Adam Kuçarski hesab edir ki, sosial izolyasiya hələ uzun müddət qüvvədə qalmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə alim Amerikanın “Vox” nəşrinə danışıb.   

“İdeya ondan ibarətdir ki, məktəbləri və restoranları bir neçə həftəlik bağlamaqla problemi həll edəcəyik və normal həyata qayıdacağıq – lakin hesab edirəm ki, bu, belə olmayacaq. Bir çox insana çatmayan əsas mesaj bu vəziyyətdə nə qədər qalacağımızdır”, - Kuçarski deyib.

Onun sözlərinə görə, virus bir və ya iki il tüğyan edə bilər: “Buna görə də belə bir zaman miqyasını nəzərə almalıyıq. Burada yaxşı variant yoxdur. Düşünə biləcəyiniz hər bir senarinin öz ciddi mənfi cəhətləri var”.

Kuçarski deyir ki, hazırda sərt sosial izolyasiya siyasəti pandemiyaya qarşı mübarizədə ən effektiv vasitə kimi görünür. Virusun hələ də tüğyan etdiyi müddətdə bu tədbirlər ləğv edilsə, insanlara yenidən böyük qruplar şəklində toplaşmağa icazə verilsə, yeni epidemiyalar başlaya bilər ki, bu da ictimai səhiyyəni, xüsusilə də yaşlıları və xroniki xəstələri, ağır xəstəliklərə ən həssas olan insanları ciddi təhlükə altına atacaq.

“Növbəti bir neçə həftə ərzində virus yox ola bilməz”, - alim vurğulayır.

Hazırkı vəziyyəti nəzərə alsaq, virusu dayandırmaq üçün, həqiqətən də, ciddi tədbirlər görmək lazımdır: yəni ya vaksin hazırlamaq (bəzi vaksinlər hazırda klinik sınaqlardan keçirilir, lakin onların təsdiqlənməsi üçün bir il lazım ola bilər), ya da kütləvi immunitet (herd immunity) yaratmaq lazımdır.

Kütləvi immunitet deyəndə kifayət qədər insanın virusa yoluxması nəticəsində onlarda immunitetin yaranması və bu yolla epidemiyanın yavaşladılması nəzərdə tutulur. Lakin kütləvi immunitetin işə yarayacağı tam bəlli deyil. Hal-hazırda insanın bir neçə ay və ya il sonra immunitetini itirib yenidən bu virusa yoluxmayacağı zəmanəti yoxdur (bu isə kütləvi immuniteti qeyri-mümkün edir). Bundan əlavə, kütləvi immunitet milyonlarla insanın yoluxması və bəlkə də milyonlarla insanın həyatı bahasına başa gələ bilər.

London İmperial Kollecinin (London Imperial College) “COVID-19” pandemiyası ilə bağlı yeni hesabatı isə sosial izolyasiya tədbirlərini uzun müddət saxlamaq ehtiyacını vurğulayır.

Hesabatda pandemiya ilə mübarizənin iki ssenarisi qeyd edilir. Onlardan biri “yumşaltma” adlanır ki, o da koronavirus epidemiyasını dayandırmağa deyil, əsasən onu yavaşlatmağa yönəlib. Digər ssenari isə “yatırma” adlanır və epidemiya artımının qarşısını almaq məqsədini daşıyır.

Təhlillər göstərir ki, sosial izolyasiya olmadan xəstələrin ayrıca izolyasiya edilməsi və ya karantinə salınması yenə də yüz minlərlə insanın ölümünə səbəb olacaq.

“Bütün əhalinin sosial izolyasını tələb” edən “yatırma” ssenarisi isə daha çox insanın həyatını xilas edə və xəstəxanaların həddindən artıq yüklənməsinin qarşısını ala bilər.

Lakin hesabatda deyilir ki, “yatırma” ssenarisi vaksin əldə edilənə qədər (yəni potensial olaraq 18 ay və ya daha çox) davam etdirilməlidir. Hesabatda xəbərdarlıq edilir ki, müdaxilələr zəiflədilsə, epidemiya tez bir zamanda bərpa olunacaq.

Kuçarski və sözügedən hesabatın müəllifləri iddia edirlər ki, sosial izolyasiya ləğv edilsə və virusun qarşısını almağa yönəlmiş başqa güclü bir strategiya tətbiq edilməsə, virus sadəcə yeni epidemiyalara səbəb ola bilər. Yeni növ koronavirus çox yoluxucudur və bir nəfər profilaktik tədbirlər olmadan orta hesabla 2-2,5 insanı yoluxdura bilər.

Əlaqədar

İtaliyada təcrübə keçən lənkəranlı: "Bu günlər daha çox Azərbaycanımız üçün narahatam"
Azərbaycanda koronavirusa yoluxan daha 4 nəfər sağalıb
Dünya üçün müjdə? Koronavirusa qarşı vaksinin sınaqları başlayıb
Cəza tədbiri qanuna salındı: Epidemiya əleyhinə rejimi pozanlara qarşı tədbir görüləcək
Cərimə olunacaqlar: Avstriya koronavirusa görə məhdudiyyətlər tətbiq etdi

Əsas mövzular