20:46 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
75610

Mərkəzi Bank beynəlxalq təcrübəni də nəzərə almaqla milli pul nişanlarının istehsalını insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla həyata keçirir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Çinin Mərkəzi Bankından yayılan açıqlamada ölkədəki koronavirus təhlükəsi ilə əlaqədar olaraq dövriyyəyə təzə əskinaslar buraxaraq, istifadə olunmuş kağız pulları yığıb 7-14 günlük karantinə yerləşdiriləcəyi bildirilib.

Sputnik Azərbaycan TRT-yə istinadla xəbər verir ki, Çin Xalq Bankının sədr müavini Fan İfey keçirdiyi mətbuat konfransında vurğulayıb ki, koronavirusun yayılmağa başlamasından sonra əhalinin nağd pullardan istifadəsi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib: "Yeni əskinasların əhali tərəfindən rahat əldə edildiyinə əmin olduqdan sonra 17 yanvar tarixinədək Çin Xalq Bankı ölkə boyu 600 milyard yuanadək yeni pulların yayılmasını təmin edib".

O, həmçinin qeyd edib ki, Çində Yeni il bayramının başlamasından əvvəl (24 yanvar) Uhan şəhərinə 4 milyard yuanadək yeni əskinas göndərilib.

Banklara daxil olan nağd pullar isə ultrabənövşəyi şüalarla işıqlandırılır, spirtlə dezinfeksiya edilir, 14 günlük karantinə yerləşdirilir.

Bəs, Azərbaycan Mərkəzi Bankı bu cür tədbirlərin keçirilməsini planlaşdırırmı? Azərbaycanda da kağız pulların dezinfeksiya edilməsinə ehtiyac varmı?

Məsələ ilə əlaqədar Sputnik Azərbaycan Mərkəzi Banka sorğu göndərib.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bank beynəlxalq təcrübəni də nəzərə almaqla milli pul nişanlarının istehsalını insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla həyata keçirir: "Bununla yanaşı, pul nişanları tədavülə buraxıldıqdan sonra onların dövriyyədə keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldə təmiz pul siyasəti qəbul edilib. Bu siyasət çərçivəsində Mərkəzi Bank dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanlarının kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə yığaraq tədavüldən çıxarılmasını və müvafiq Dövlət Komissiyasının iştirakı ilə məhv edilməsini həyata keçirir".

Qeyd edilib ki, təkrar dövriyyəyə buraxılan pul nişanları isə Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırılır.

Diqqətə çatdırılıb ki, qablaşdırılmış pullar isə Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilmiş və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiyası olunur.

"Bununla yanaşı, dövriyyədə olan pul nişanlarının təmizliyinin və yüksək keyfiyyətinin təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən kommersiya banklarına daim xüsusi göstərişlər verilir, dövriyyəyə yalnız Mərkəzi Bankın müvafiq avadanlıqlarında emal olunmuş pulların buraxılması tapşırılır və eləcə də əhali üçün maarifləndirici tədbirlər həyata keçirilir" - Mərkəzi Bankdan bildirilib.

Əsas mövzular