21:31 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
TƏHLİL
Qısa URL
27 0 0

BMT-nin Narkotiklər və Cinayətkarlığa Nəzarət üzrə İdarəsi (UNODC) Əfqanıstanı dünyanın nəhəng tiryək istehsalçısı hesab edir. Keçən il bu ölkədə xaşxaş istehsalı 37 faiz artıb. Bitkinin ümumi əkin sahəsi 263 min hektar təşkil edib ki, bu da mütləq rekorddur.

BAKI, 1 sentyabr — Sputnik. Əfqanıstanda hakimiyyətə gələn Taliban* ölkə iqtisadiyyatı üzərində nəzarəti də ələ alıb. İntensiv narkotik maddə dövriyyəsinə baxmayaraq, son on ildə qruplaşma yalnız tiryək və heroindən deyil, başqa mənbələrdən də pul qazanmağın yolunu tapmışdı.

Taliban nəzarət altındakı ərazilərdə vergi qoyaraq nəqliyyat şirkətləri, mobil rabitə operatorlarından xərac tələb edirdi. Bundan başqa, Pakistan və Fars körfəzi ölkələrindən də pul alınırdı. Beləliklə, söhbət illik 1,5 milyard dollardan gedir. Dövlət xəzinəsini doldurmaq üçün bu kifayətdirmi? Sualın cavabını RİA Novosti-nin növbəti məqaləsində. 

Təkcə narkotiklər deyil

"Nə narkotik maddə istehsalı olacaq, nə də qaçaqmalçılıq. Əfqanıstan artıq xaşxaş becərən ölkə deyil", – deyə Taliban hərəkatının nümayəndəsi Dabihulla Mücahid bəyan edib. Və əlavə edib ki, xarici yardıma ehtiyac var.

Belə vədlər əvvəllər də səsləndirilib. 2000-ci illərdə islamçılar xaşxaş becərilməsini yasaqlamışdılar. Narkotik maddə yetişdirilən sahələri isə məhv etmişdilər. Və narkotik maddə dövriyyəsi, həqiqətən də, məhdudlaşmışdı. Ancaq ABŞ Əfqanıstana girəndən sonra silahlılar hakimiyyəti itirdilər və beləliklə, tiryək, heroin, metamfetamin ticarəti yenidən çiçəkləndi.

BMT-nin Narkotiklər və Cinayətkarlığa Nəzarət üzrə İdarəsi (UNODC) Əfqanıstanı dünyanın nəhəng tiryək istehsalçısı hesab edir. Keçən il bu ölkədə xaşxaş istehsalı 37 faiz artıb. Bitkinin ümumi əkin sahəsi 263 min hektar təşkil edib ki, bu da mütləq rekorddur.

UNODC-un hesablamalarına görə, Əfqanıstan narkotik maddə ticarətindən illik 400 milyon dollar gəlir əldə edir. Uzun illər bu sahə ölkənin əsas gəlir mənbəyi olub. Ancaq son illərdə vəziyyət dəyişib – islamçılar öz iqtisadiyyatını şaxələndirməyə başlayıblar.

Müxtəlif gəlir mənbələri

Taliban qruplaşmasının əsasını qoyan molla Ömərin oğlu, hərəkatın liderlərindən biri Muhammed Yaqub başqa gəlir mənbələri axtarmağa çağırıb. Və silahlılar məqsədyönlü şəkildə mineral resurslarla zəngin bölgələri ələ keçirməyə başlayıblar.

Əfqanıstanda faydalı qazıntılar – mis, boksit, dəmir filizi, mərmər, az tapılan yüngül metallar çoxdur. Qızıl da var. Və bütün bunlar bir neçə trilyon dollar dəyərində hesablanır.

Bəzi faydalı qazıntı yataqlarına indiyə kimi toxunulmayıb. Silahlıların əlinə keçən yataqlar illik 460 milyon dollar gəlir gətirə bilər. "The Financial Times" jurnalistlərinin verdiyi məlumat görə, bu təbii resursların əsas alıcıları, əsasən Çin, Pakistan və BƏƏ şirkətləridir.

Bu ilin may ayında BMT-dən bildirildiyinə görə, Talibanın illik gəliri 300 milyondan 1,6 milyard dollara qədərdir. Təkcə keçən il taliblər vergidən 160 milyon dollar pul toplayıblar. Qruplaşma əyalətləri ələ keçirməklə yerli xəzinəni boşaldıb, silah və zirehli texnikanı mənimsəyib, eləcə də müəssisələrdən və əhalidən xərac toplayıb. Taliblər nəzarət etdikləri ərazilərdə kommunal xidmətlərə görə 10 faizlik vergi tətbiq ediblər (təkcə elektrik enerjisindən illik 2 milyon dollar əldə olunub). Onlar yüklərin tranziti üçün xərac tələb edir, hər bir biznes sahəsinə müdaxilə etməyə çalışırlar. Yanacaq siqaret, qida məhsulları, dərman, ilkin tələbat mallarının tədarükü isə ayrıca nəzərdən keçirilməli mövzudur.

Bütün bunlarla yanaşı, Talibana xaricdən də yardım olunur. BBC News-un jurnalistləri aydınlaşdırıblar ki, Fars körfəzi ölkələri – Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki xüsusi sponsorlardan ildə 500 milyon dollar vəsait daxil olur.

İlk çətinliklər

"Taliban maliyyə imperiyası qurub, ancaq o hakimiyyət başına keçəndə bu imperiya sarsılacaq" – Qərb mediası mövcud vəziyyəti bu cür analiz edirdi. Belə də oldu. İndiyə qədər ölkədə istisnasız kölgə iqtisadiyyatına ağalıq edən islamçılar artıq ilk çətinliklərlə qarşılaşıblar.

"Bloomberq"in Kabildəki müxbirinin sözlərinə görə, yeni hakimiyyətin vədlərinə inanmayan ölkə sakinləri əmanətlərini götürmək üçün banklara hücuma keçiblər. Bu isə iqtisadiyyata ağır zərbə vurub. Bankomatlarda nağd pul qurtarır, qiymətlər isə durmadan artıq. Belə ki, artıq unun və yağın qiyməti əvvəlkinin üçdə biri qədər bahalaşıb. Küçələr boşalıb, apteklərin çoxu bağlıdır.

"Bank sistemi iflic olub. Əfqanıstan idxaldan asılı ölkədir. 870 milyon dollarlıq məhsul ixrac edir, əvəzində 8,6 milyonluq məhsul gətirir. Taliban indi camaatın qarnını doyurmalı, dövlət aparatını da saxlamalıdır", – deyə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, Müasir Əfqanıstan Araşdırmaları Mərkəzinin direktoru Ömər Nəssar RİA Novosti-yə bildirib.

Dövlət xərclərinin 75 faizi, adətən, beynəlxalq yardımlar hesabına ödənir. Kabil bir ildə dörd milyard dollardan çox belə yardım alıb. Ancaq bundan sonra xarici yardımlara bel bağlamaq mümkün olmayacaq.

Əfqanıstan Mərkəzi Bankının rəhbəri Əcmal Əhmədinin sözlərinə görə, 9 milyardlıq valyuta rezervinin yeddi milyardı ABŞ-da saxlanılır. Bayden administrasiyası bu aktivləri dondurmaq niyyətindədir.

Əfqanıstanda inflyasiyanın artımı, milli pul vahidinin qiymətdən düşməsi və yoxsulluğun güclənməsi təhlükəsi gözləyir.

Əgər yeni hakimiyyət dünya ictimaiyyəti tərəfindən tanınmasa, ölkə təcrid olunacaq. Ancaq Ömər Nəssar bu fikirdədir ki, bölgə ölkələri tezliklə Talibanla dialoqa başlayacaq. Deməli, rejimin yeni gəlir mənbələri də yaranacaq.

*Rusiyada və bir sıra digər ölkələrdə qadağan olunmuş terror təşkilatı.

Əsas mövzular