03:18 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
TƏHLİL
Qısa URL
27 0 0

"Qiymətlərin yüksəlməsi haqda düşünsək, hər hansı tələblər qoysaq, düşünürəm ki, bu zaman işsizlik arta bilər. Belə olan halda 30 min vətəndaşdan təxminən 6-7 mini bu fəaliyyətlə məşğul ola biləcək. Bəs qalanı?"

BAKI, 17 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) ötən il taksilərlə bağlı yeni konsepsiya açıqlamışdı. Bu konsepsiyaya görə, taksilər üçün vahid tarif və kvota tətbiq ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, BNA-nın hüquq şöbəsinin müdiri Hikmət Babayevin də bununla bağlı mediada açıqlaması olub. Onun sözlərinə görə, yeni konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. O, həmçinin açıqlamasında qeyd edib ki, "ekonom" taksi xidmətinin bir, "biznes" taksi xidmətinin isə başqa qiyməti olmalıdır.

Günün pik saatlarında gedişhaqqı məsələsinə gəldikdə isə, o bildirib ki, vahid tarif və kvota tətbiq ediləndən sonra taksilər günün pik saatlarında gedişhaqqını artıra bilməyəcəklər.

Bir müddət keçsə də, hələlik taksi şirkətlərinin fəaliyyətində hər hansı bir dəyişiklik nəzərə çarpmır. Ümumiyyətlə, vahid tarif və kvotanın tətbiqi nə kimi dəyişikliklərə səbəb ola bilər?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, ümumiyyətlə, belə bir təklif veriləndə onun əleyhinə çıxış eləyib.

"Hazırda belə bir konsepsiyaya ehtiyac yoxdur. Çünki belə bir konsepsiya işə salınsa, işsizliyin sayı artacaq, taksi xidmətində problemlər yaranacaq. Etirazlar olduğu üçün həmin konsepsiyanı saxlayıblar", - deyə o bildirib.

Hazırda ölkədə 30-dan artıq taksi şirkətinin olduğuna diqqət çəkən E.Cəfərov taksi bazarını liberal bir bazar kimi qiymətləndirir:

"Çünki hazırda taksi xidməti seçmək üçün böyük seçim var. Vətəndaş cibinə uyğun xidmətdən istifadə edə bilir. Operatorlar da fərqli qiymətlərlə ekonom "class"dan tutmuş "premium class"adək təliflər verə bilirlər. Təklif olunan qiymət nə çox yüksək, nə də ki, çox aşağıdır. Tıxac olmadıqda qiymətlər daha aşağı olur. Tıxac olan saatlarda isə qiymətlər bir qədər yüksəlir ki, bunu da normal bir hal olaraq qiymətləndirə bilərəm. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq bu gün Azərbaycanda taksi bazarı özü-özlüyündə sabitləşir. Taksi xidməti ilə məşğul olmaq asan olduğundan yaranmış bu vəziyyət imkan verir ki, işsizliyin qarşısı alınsın. Baxın, pandemiya dövründə minlərlə insan işsiz qalmışdı. Taksi xidmətinin əlçatan olması şərait yaratdı ki, həmin vətəndaşlar taksi sürücüsü olaraq pul qazana, sosial rifahlarını normal səviyyədə saxlaya bilsinlər. Ən azından bu sahədə dayanıqlılıq var. Ümid edirəm ki, bu sistem yaxın illərdə də belə qalacaq və taksi sürücülərinə, şirkətlərinə qarşı yeni tələblər olmayacaq".

Ekspertin sözlərinə görə, hazırda ölkədə təxminən taksi xidməti ilə məşğul olan 30-40 min vətəndaş var.

"Azərbaycanda beynəlxalq taksi şirkətlərinin operatorlarının da fəaliyyət göstərməsi rəqabətliliyi artırır, qiymətlərin süni olaraq qalxmasının qarşısını alır. Mobil tətbiq vasitəsi ilə fəaliyyət göstərən taksilər olmasa, düşünürəm ki, bu sahədə qiymətlər kəllə-çarxa çıxar. 10-15 il öncə olduğu kimi, taksi ilə 200 kilometrlik yolu 5-6 manata getmiş olarıq. Yaranmış bu vəziyyət qiymətlərin süni artmasının və monopoliyanın olmasının qarşısını alır. Belə bir kütləvi hal müşahidə etməmişəm ki, vətəndaşlar qiymətlərdən narazı qalsın".

Ekspert onu da bildirir ki, bəzən hava şəraitinə uyğun olaraq, məsələn qarlı havada qiymətlərin bir qədər artmasının şahidi olsaq da, bu da başadüşülən haldır:

"Pik saatlarda da qiymətlər qalxır. Tıxac olmayanda qiymətlər yüksəlmir. Məsələn, səhər pik vaxtlarda təklif olunan qiymətlər axşam pik saatlarda təklif olunan qiymətlərdən fərqli, 20-30 faiz daha az olur. Qiymətlərin yüksəlməsi haqda düşünsək, hər hansı tələblər qoysaq, düşünürəm ki, bu zaman işsizlik arta bilər. Belə olan halda 30 min vətəndaşdan təxminən 6-7 mini bu fəaliyyətlə məşğul ola biləcək. Bəs qalanı? Digərləri işsiz qalacaq, qiymətlər yüksələcək. Bunun əksinə olaraq bu işə yeni taksi şirkətlərini cəlb etmək, onların sayının artırılması haqda düşünülməlidir".

Taksi sürücülərinin rifahı üçün ekspert fərqli bir təkliflə də çıxış edib:

"Parklama, dayanma-durmaya görə çox cərimələr yazılır. Bu cərimələrin bir qismi əsassız və qanunsuzdur. Taksi sürücüləri müştərinin sifarişi əsasında hərəkət edir. Müştəri xəstəxanaya getmək üçün taksi sifariş edirsə və xəstəxananın parklaması yoxdursa, taksi sürücüsü təbii ki, xəstə olan müştərinin dediyi yerdə saxlamalıdır. Bəs, belə olan halda nə baş verir? Bu zaman o avtomobili yol kənarında saxlayıb sərnişini düşürürsə, dərhal dayanma-durma qaydalarını pozduğuna görə cərimələnir. Təklif edirəm ki, bu cərimələrin bir qismi taksi süürücüləri üçün ləğv edilsin. Sürücülərdən alınan müəyyən rüsum və vergilər də azaldılsın ki, onların da maddi rifahı yüksəldilsin".

Ekspertin qənaətinə görə, keyfiyyətlə xidmət göstərən taksi şirkətləri və onların sürücüləri ay ərzində normal qazanc əldə edə bilərlər.

"Təcrübə, bacarıq, insanlarla üsniyyət bu sahədə də digər sahələrdə olduğu kimi çox önəmlidir. Təsəvvür edin ki, iki həkim var, birinin xəstələri yoxdur, digərinin isə qapısının ağzı xəstə ilə doludur", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, BNA-dan bildirilib ki, bu konsepsiya ilə bağlı vəziyyətin nə yerdə olması haqda növbəti həftə açıqlama veriləcək.

Həmçinin oxuyun:

Teqlər:
taksi, taksi xidməti

Əsas mövzular