20:38 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
TƏHLİL
Qısa URL
516910

Rusiyanın hərbi icmalçısı İqor Korotçenko Yeravanda səsləndirilən bəyanatları şərh edərək hansı səbəbdən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı problem yarana biləcəyinə də aydınlıq gətirib.

BAKI, 15 iyul — Sputnik. Yerevan Bakının sülh çağırışlarını eşitmir və Azərbaycan üçün köhnə, destruktiv və düşmən planı ilə işləməyə davam edir ki, bu da həm bölgədəki vəziyyəti, həm də danışıqlar prosesini çətinləşdirir. Bu fikri Sputnik Azərbaycan-a müsahibəsində Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko səsləndirib.

Bakının Ermənistana siqnalı

Ermənistan Baş nazirinin müavininin səlahiyyətlərini icra edən Tiqran Avinyan iyulun 14-də bəyan etdi ki, "Dağlıq Qarabağın statusu müəyyənləşdirilmədən Bakı ilə sülh razılaşmasından danışmaq mümkün deyil.

Onun bu bəyanatı Ermənistanın sülh müqaviləsi imzalamağa hazır olmamasını böyük səhv adlandıran Azərbaycan Prezidenti İham Əliyevin sözlərinə cavab olaraq səsləndirildi.

Azərbaycan tərəfi belə hesab edir ki, münaqişə başa çatıb və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın dövlət başçısı vurğulayıb ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədləri qəbul etməli, delimitasiya işlərinə başlamalıdırlar.

"İndi beynəlxalq təşkilatlar da delimitasiya ilə bağlı müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər", - deyə Azərbaycan lideri xəbərdarlıq edib.

Yerevan sülh müqaviləsi imzalamağa hazır deyil

Sputnik Azərbaycan Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkodan hazırkı şəraitdə regiondakı vəziyyət və kommunikasiyaların bərpasının gələcək perspektivi ilə bağlı fikirlərini də soruşub.

Ekspert əmindir ki, hazırda Ermənistanın yürütdüyü siyasət nəticəsində hər hansı bir razılaşmadan söhbət gedə bilməz.

Azərbaycanın Ermənistana əlini uzatdığını, uzunmüddətli münaqişəyə son qoymaq, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə sülh müqaviləsi imzalamaq istədiyini və bununla da, mübahisə mövzusunu aradan qaldırdığını vurğulayan Korotçenko bunu Prezident İlham Əliyevin ağlabatan, məsuliyyətli siyasəti adlandırıb. O belə hesab edir ki, sülh müqaviləsi – bütün Cənubi Qafqazın inkişafını və çiçəklənməsini təmin edən fundamental sənəddir.

"Ancaq Ermənistan sülh müqaviləsini imzalamağa və onunla bağlı danışıqlara hazır deyil. Bu məsələdə illüziyalara qapılmaq olmaz. Bu, baş verməyəcək. Hər bir halda hazırkı zaman kəsiyində belə bir şey olmayacaq", – deyə ekspert vurğulayıb.

Ərazi iddiaları davam edir

Azərbaycanın Qarabağ bölgəsinə dair ərazi iddiaları Ermənistanın xarici siyasətinin əsas prinsipi olaraq qalır. Korotçenko deyir ki, müharibənin bitməsinə, Ermənistan ordusunun məğlub olmasına və Ermənistanın lideri Nikol Paşinyanın faktiki olaraq kapitulyasiya aktına imza atmasına baxmayaraq, erməni elitasının oyunu yeni başlayır.

Ekspertin sözlərinə görə, ermənilər 4,5 ildən (Rusiya sülhməramlılarının bölgədən çıxarılmasından - red.) sonra müxtəlif manipulyasiya yolları ilə, eləcə də, erməni lobbisinin aktiv fəaliyyəti nəticəsində Azərbaycanın Qarabağ regionunun, daha dəqiq desək, rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazilərin müəyyən bir status almasına çalışacaqlar.

Hər bir halda, erməni hakim elitası tərəfindən Azərbaycana ərazi iddiaları davam edir. Analitik belə hesab edir ki, delimitasiya və demarkasiya məsələsində də vəziyyət eynidir.

"Formal olaraq Yerevan bununla bağlı hansısa bəyanatlar verir, ancaq biz yaxşı başa düşürük ki, Ermənistan praktiki olaraq bu məsələlərə baxmaq istəmir. Bu ölkə son 30 il ərzində faktiki olaraq mövcud olmayan sərhədlərə çox sərbəst yanaşmağa öyrəşib", – deyə analitik vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sərhədyanı ərazilərinə öz mülkiyyəti kimi baxıb, onların təbii sərvətlərini istədiyi kimi istismar edib.

"Sərhədlərin demarkasiyası Paşinyana çox böyük siyasi problemlər yarada bilər. Bu səbəbdən də o, əvvəlki kimi demaqogiya ilə məşğul olacaq, sözdə bir şey deyib, əməldə başqa cür hərəkət edəcək", – deyə Korotçenko vurğulayıb.

Moskva regionda kommunikasiyaların bərpasının tərəfdarıdır

Regionda kommunikasiyaların bərpasına gəlincə, ekspertin sözlərinə görə, Rusiyanın bu məsələdə tutduğu mövqe dəqiqdir. Rusiya kommunikasiyaların bərpasının, xüsusən də, Zəngəzur nəqliyyat dəhlizinin açılmasının tərəfdarıdır. Paşinyanın bu məsələyə necə yanaşması isə ayrı məsələdir. Bəli, o müəyyən vədlər verir, ancaq bu vədlərə nə dərəcədə əməl edəcək, bunu demək çətindir. Xüsusən də, Yerevanda revanşistlərin bütöv bir dəstəsinin həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi əməkdaşlığa qarşı çıxdıqları bir vaxtda.

"Heç nə başa çatmayıb. Müharibəyə son qoyulsa da, Qarabağ üzrə üçtərəfli bəyanatın mənası, interpretasiyası uğrunda mübarizə davam edir. Ermənistan Azərbaycan üçün köhnə, destruktiv və düşmən planı ilə işləməyə davam edir", – deyə Korotçenko fikrini yekunlaşdırıb.

Həmçinin oxuyun: 

* Revanş olmayacaq: ermənilər Azərbaycanla sülh yolunu seçdilər

* Korotçenko Qarabağla bağlı əsas suallara cavab verib - Eksklüziv müsahibə

* Korotçenko: "Moskva və Ankara bundan sonra da Qarabağda əməkdaşlığı davam etdirməlidir"

* Korotçenko: "Ermənilər Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar"

* İqor Korotçenko: “Qeyri-qanuni silahlı qüvvələr Ermənistana göndərilməlidir”

Əsas mövzular