01:59 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
TƏHLİL
Qısa URL
17 0 0

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsinin sözlərinə görə, Şimali Atlantika Alyansı müttəfiq və tərəfdaşlarına dəstək vermək üçün Qara dənizdə qalacaq.

BAKI, 12 iyul — Sputnik. Dəniz sərhədlərinin pozulması, Rusiya əleyhinə yönəlmiş təlimlər və müttəfiqlərin silahlı dəstəyi — Britaniyanın "Defender" qırıcı gəmisi ilə bağlı insidentdən sonra üzrxahlıq əvəzinə yeni təhdidlər səslənir. NATO aydın şəkildə bildirir: alyans Qara dənizdən getməyəcək. Bu azmış kimi, burada qalmaq imkanlarını gücləndirəcək və Rusiyanın ərazi suları yaxınlığında təxribatlarını davam etdirəcək.

Tribunalardan səslənən vədlər

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsinin sözlərinə görə, Şimali Atlantika Alyansı müttəfiq və tərəfdaşlarına dəstək vermək üçün Qara dənizdə qalacaq.

"Söhbət gəmilərin naviqasiya azadlığından və Krımın Rusiya deyil, Ukrayna olmasından gedirsə, NATO-nun mövqeyi dəqiqdir. İnsident zamanı ("Defender" qırıcı gəmisi ilə bağlı – red. qeydi) NATO müttəfiqləri bu prinsiplərin müdafiəsində qətiyyət nümayiş etdirdilər", — deyə Appaturay bildirib.

Öz növbəsində Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib ki, ingilis gəmiləri "Ukraynanın ərazi sularına daxil olmaqda davam edəcəklər". O, sərhəd pozan gəminin üzdüyü marşrutu Odessadan Gürcüstanın Batumi limanına gedən ən qısa beynəlxalq yol adlandırıb.

"Beynəlxalq normalara uyğun olaraq bizim Ukraynanın ərazi sularından maneəsiz olaraq keçmək hüququmuz var. Biz belə də davam edəcəyik", — deyə yüksək rütbəli məmur bildirib.

Aydın görünür ki, Rusiya NATO ölkələri hərbi dəniz qüvvələrinin bundan sonra da təxribatlarını gözləməlidir. Amma Kremlin Raabın sözlərinə reaksiyasını o qədər də gözləmək lazım gəlmədi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dənizdə dövlət sərhədi razılaşdırılmamış şəkildə keçildiyi təqdirdə, Moskva bütün zəruri tədbirləri görəcək və onu da əlavə edib ki, bu cür insidentlərdən yayınmağın ən effektiv yolu sadəcə olaraq heç nəyi pozmamaqdır.

Yeri gəlmişkən, "Defender"-in keçidindən bir gün sonra onun "şücaətini" hollandiyalılar da təkrar etməyə çalışıblar. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Niderland HDQ-nin neytral sularda olan Evertsen gəmisi hərəkət istiqamətini dəyişərək Kerç boğazına doğru hərəkət edib. Dövlət sərhədinin pozulmasının qarşısını almaq məqsədi ilə hərbi-kosmik qüvvələrin təyyarələri gəmi ətrafında xəbərdaredici uçuşlar ediblər.

Hollandiyalılar qırıcı təyyarələrin bir neçə saat ərzində "hücum imitasiyası" etdiklərini və təhlükəli şəkildə alçaqdan və yaxından uçduqlarından şikayət ediblər. Onlar həmçinin bildirirlər ki, təyyarələrdə "hava-səth" tipli bomba və raketlər də görüblər.

Hərbi elmlər akademiyasının müxbir-üzvü Sergey Sudakov hesab edir ki, Britaniya və NATO-nun digər ölkələri üçün hazırda Rusiya ilə münaqişə vəziyyətini davam etdirmək sərfəlidir. Buna görə də, onlar Qara dənizdə təxribatları davam etdirirlər və Rusiyanın ərazi sularına qanunsuz daxilolmalar mütəmadi xarakter alacaq. Özü də sərhədi pozanlar təkcə ayrı-ayrı gəmilər deyil, bir neçə gəmidən ibarət karvanlar da ola bilər.

"Onlar dövlətin zəif olduğu adlandırılan dövrlərdə xüsusilə fəal olacaqlar – bu, ölkədə baş verəcək əhəmiyyətli hadisələrdən əvvəlki təqribən 90 gündür. Bizim timsalımızda – Dövlət Dumasına sentyabrda keçiriləcək seçkilərə qədər. Hazırda tammiqyaslı mental və hibrid informasiya müharibəsi gedir", — deyə Sudakov bildirib.

Sadiq dostlar

Qeyd etmək lazımdır ki, son illər NATO Qara dənizdə varlığını gücləndirib. Alyansın gəmiləri qibtə edəcək qədər dövrülüklə burada müxtəlif formatlarda təlimlər keçirirlər. Həm də rəqib qismində təlimlərdə, bir qayda olaraq Rusiya götürülür. Faktiki olaraq tammiqyaslı hərbi donanması olmayan Gürcüstan və Ukrayna NATO-nun yaxın müttəfiqlərinə çevriliblər.

Məlum olduğu kimi, 2008-ci il münaqişəsindən sonra Gürcüstanın HDQ artıq yoxdur. Yalnız donanmanın şəxsi heyətinin daxil edildiyi sahil mühafizəsi gəmiləri və bir neçə kater qismən döyüş qabiliyyətlidir. Şahidlərin sözlərinə görə, Gürcüstanın sülhə məcbur edilməsi üzrə əməliyyatlar zamanı Rusiya müdafiə nazirliyinin xüsusi qüvvələri Poti limanındakı bütün hərbi işarəsi olan kater və gəmiləri partladıblar.

Bundan əlavə, Rusiya dənizçiləri Abxaziya sahilləri yaxınlığında, təhlükəsizlik zonası elan olunmuş ərazidə də bir neçə gəmini məhv edib. Akvatoriyada Qara dəniz donanmasının iki böyük desant gəmisi və bir neçə kiçik raket gəmiləri patrul fəaliyyətini həyata keçirib. Onlar dövlət sərhədini pozmuş və yaxınlaşmağa davam edən bir neçə Gürcüstan katerini aşkar ediblər. Nəticədə Gürcüstanın iki kiçik raketli kateri batırılıb, qalanları isə ərazidən uzaqlaşıb.

Hazırda NATO və konkret olaraq ABŞ Gürcüstan donanmasını yenidən həyata qaytarmağa çalışır. Belə ki, Türkiyə Gürcüstana sürətli patrul kateri verib, amerikalılar isə daha iki kateri bərpa və modernləşdirməkdə kömək edib, habelə Sahil mühafizəsində xidmətdən çıxarılmış iki gəmini də Gürcüstana hədiyyə ediblər.

Bundan əlavə, Vaşinqton Gürcüstanın digər "üzmə vasitələrinin" təmirinə bir neçə milyon dollar vəsait ayırıb.

NATO dənizçiləri tez-tez Gürcüstan limanlarında tərəfdaşlığın möhkəmləndirilməsi və təhlükəsizliyə dəstək aksiyası adı altında qonaq olurlar. Onlar mütəmadi olaraq birgə təlimlər keçirirlər. May ayında "Hamilton" keşikçi gəmisi və Gürcüstanın Sahil mühafizəsi gəmiləri dənizdə bir neçə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ukrayna donanması da ağlamalı vəziyyətdədir. 2014-cü ildə onsuz da azsaylı olan HDQ demək olar ki, döyüş qabiliyyəti olan gəmilərinin hamısını itirib. Bəzi qiymətləndirmələrə görə, donanma potensialının 80%-ni itirib.

Hazırda Ukrayna HDQ-nin təribən 30 gəmisi var ki, onlardan da tək-tək gəmilər hərəkət edə bilir. Gəmilərin əksəriyyətinin mühərrikləri, radio-lokasiya stansiyaları və silah sistemləri işləmir.

Amma NATO Ukrayna HDQ-yə Gürcüstana etdiyi yardımdam daha çox kömək edir. Amerikalılar müttəfiqlərin donanmasını 16 ədəd VI Mark tipli patrul gəmiləri və istifadə olunmuş “Island” tipli iki gəmi ilə gücləndirməyə söz veriblər.

İngilislər Ukrayna HDQ hərbi qulluqçularının məşq etməsi üçün bütöv bir proqram hazırlayıblar: onlara naviqasiya, əməliyyat planlaşdırması, dəniz kəşfiyyatı, atəş hazırlığı və gəmilərin suyun üzündə qalması uğrunda mübarizə vərdişləri öyrədiləcək.

Bu yaxınlarda isə Kiyev və London hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə dair memorandum imzalayıblar. Həmin sənəd çərçivəsində britaniyalılar Qara dəniz və Azov dənizi sahillərində iki baza tikməyi planlaşdırırlar. Gözlənilir ki, NATO burada Montre Konvensiyasına zidd olaraq hərbi gəmilər yerləşdirə biləcək. Bundan əlavə, ukraynalılara yeni gəmilərin inşası və mövcud gəmilərin təmirində də yardım olunacaq.

Adekvat cavab

Hər necə olsa da, hələ ki, regionda əsas güc Rusiyanın Qara dəniz donanmasıdır. Son illər ərzində bu birləşmə köklü şəkildə dəyişib və hazırda ölkənin HDQ arasında ən müasir və döyüş qabiliyyətli bölmələrindən hesab olunur.

Bura təqribən 260 gəmi, kater, sualtı qayıq və təminat gəmisi daxildir. Suüstü gəmilər qrupuna 70-ə qədər gəmi, o cümlədən təyyarədaşıyan gəmi qruplarının məhv edilməsi üçün nəzərdə tutulmuş "Moskva" kreyseri də daxildir. Bu gəmi demək olar ki, istənilən dəniz hədəfinin öhdəsindən gəlməyə qadirdir. Gəmi 1980-ci illərdən istifadədədir, lakin lap bu yaxınlarda dərindən modernləşdirilib ki, bu da onu hələ bir neçə on il də istifadə etməyə şərait yaradır.

Qara dəniz donanması HDQ daxilində dünyada ən səssiz gəmi olan 636.3 "Varşavyanka" tipli dizel sualtı qayıqlarını mənimsəmiş ilk donanmadır. Beləliklə, altı ədəd submarina mütəmadi olaraq NATO HDQ-nin Qara dənizdə fəaliyyətinə nəzarət edir, habelə Aralıq dənizinə də xidmətə çıxırlar.

Donanmanın keçmiş komandanı, admiral Vladimir Komadeyevin sözlərinə görə, hələ 20 il əvvəl hər şey başqa cür idi: birləşmə döyüş qabiliyyətinə görə, məsələn Türkiyə HDQ-dən demək olar ki, beş dəfə geri qalırdı və əgər Aralıq dənizindən regiona NATO qruplaşmaları daxil olurdusa, onların üstünlüyü 10 və hətta 20 dəfəyə çatırdı.

"Mən təyin olunanda donanmada bir yarım sualtı qayıq var idi – bir "Varşavyanka" və bir ədəd təmirdə olan 641 gəmisi. Hazırda qayıqların sayı kifayət qədərdir və onlar tamamilə başqa cür silahlanıblar ki, təkcə taktiki tapşırıqları deyil, həmçinin əməliyyat-strateji məsələləri də həll edə bilsinlər", — deyə Admiral bildirib.

2016-cı ildə Qara dəniz donanması patrul, kiçik raket gəmiləri və 11356 layihəsi əsasında hazırlanmış, uzaq dəniz zonasına aid çoxməqsədli müasir freqatlar alıb ki, bu gəmilər də "Kalibr" qanadlı raketləri ilə silahlanıb. Bir sözlə, Qara dəniz donanması alyansın təxribatlarına cavab vermək üçün bir vasitə tapacaq.

Əsas mövzular