BAKI, 12 iyul — Sputnik. "Moody"s Analytics" ekspertləri belə hesab edirlər ki, ABŞ həmişəlik böhrana qədərki səviyyədə qala bilər. Normal indeksə qayıdış pandemiyadan sonra iqtisadiyyatın nə qədər dəyişdiyini göstərir – münasib göstəricidən yeddi faiz aşağı. Analitiklər əmindirlər: ölkə geri dönülməyəcək nöqtəyə gəlib çatıb. Doğrudanmı belədir? RİA Novosti məsələni araşdırıb.
Dönüşü olmayan nöqtəyə doğru
İndeks 37 iqtisadi göstəricini nəzərə alır. Bura kreditləşmə həcmi, işsizlik üzrə müavinət almaq üçün müraciətlərin sayı, boş iş yerlərinin sayı, ölkədaxili aviauçuşlar barədə məlumatlar və hətta hotellərin tutulması ilə bağlı göstəricilər də daxildir.
"Moody"s Analytics" bu nəticəyə gəlib ki, turizmlə bağlı problemlər ucbatından Amerika iqtisadiyyatının əvvəlki gücünü bərpa etmək mümkün olmayacaq. Pittsburq Universitetindən politoloq Ömər Zarplinin qiymətləndirməsinə görə, pandemiya nəticəsində ABŞ-da bu sektor 69 faiz geriləyib. Avropa İttifaqı üzrə bu göstərici 90, Böyük Britaniyada isə 73 faizə bərabər olub. Bununla yanaşı, işin formatı da dəyişib. Amerikalıların çoxu əvvəlki kimi evdən işləməyə üstünlük verirlər və işsizliyə görə müavinət üçün müraciətlərin sayı iki dəfə çoxalıb.
Daha bir problem, bir qayda olaraq, amerikalıların və ya xarici investorların sərbəst pullarının artması sayəsində iqtisadiyyata fond bazarı vasitəsilə yatırımların çoxalmasıdır. Həmin vəsaitin ixrac üçün nəzərdə tutulan texnologiyalara sərf olunacağı gözlənilir. Amerikanın nəhəng konsernlərinin başqa ölkələrdə zavodları var. İnvestisiyalar orada yeni iş yerləri yaradır, buna müvafiq olaraq vergilər də artır və iqtisadiyyat inkişaf edir. Odur ki ABŞ-da bazarın hətta bir neçə faiz məhdudlaşması belə idxalçı ölkələri ciddi problemlər qarşısında qoya bilər.
"Meksika, Kanada, Yaponiya – potensial risk zonasında olan ölkələrdir. İnflyasiya Avropada da analoji prosesləri təhrik edə bilər", - deyə G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Statistika kafedrasının dosenti Olqa Lebedinskya bildirir.
"Moody"s Analytics"-in iqtisadçısı Mark Zandi artıq S&P500 indeksinin tarixi maksimumla alınıb-satıldığını bildirir. Bazar bir az da qızışa bilər. Əgər Federal Rezerv Sistemi (FRS) təməl faiz dərəcəsini qaldırsa, Amerika şirkətlərinin səhmləri 10-20 faiz dəyərdən düşəcək.
Keçən il tənzimləyici qurum iqtisadiyyatı canlandırmaq və istehlak tələbatını artırmaq üçün göstəricini təxminən sıfıra qədər azaltdı. Amma indi inflyasiya proqnozları qabaqlayır və FRS faiz dərəcəsini qaldırmalı olacaq.
Əvvəllər maliyyə siyasəti riskli aktivlərə olan tələbə müsbət təsir göstərirdi, amma vəziyyət tezliklə dəyişəcək. Mark Zandi əmindir ki, azalma 30 faizi keçməyəcək. Səhmlər daha çox dəyərdən düşərsə, tənəzzül qaçılmazdır. Lakin iqtisadçı hadisələrin belə inkişafını mümkünsüz hesab edir.
Amerika iqtisadiyyatının iflası: mif, yoxsa reallıq?
Təməl faiz dərəcəsinin artırılması kreditlərin dəyər qazanmasına və dövlət borcuna xidmət xərclərinin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olacaq. Buna görə də, demək olar ki, hər həftə ABŞ iqtisadiyyatının və dolların çökəcəyi proqnozlaşdırılır. "Moody's Analytics" tərəfindən aparılan araşdırmalar da bu baxımdan istisna təşkil etmir.
Ancaq normal göstəriciyə qayıtmaq üçün yalnız ümumi iqtisadi göstəricilər deyil, həm də sənaye, xüsusən də pandemiyanın daha çox təsir göstərdiyi sahələrin vəziyyəti də nəzərə alınmalıdır. Bura hotel biznesi, aviauçuşlar, eləcə də kiçik və orta biznes daxildir. Buna görə "Moody's Analytics"-in nəticələrində bəzi qərəzli məqamlar var.
Ümumilikdə ABŞ sürətlə bərpa olunur. Hər şeydən əvvəl enerji resurslarının qiymətinin qalxması sayəsində. Bundan başqa, IT-texnologiyalar, xüsusən də proqram təminatının ixracatı yüzdə 20-25 faiz artıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ən son proqnozuna görə, Amerikanın Ümumi Daxili Məhsulu (ÜDM) artıq bu ilin ikinci rübündən etibarən pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq.
Bundan başqa, işsizliyin artması iqtisadiyyata trilyon dollarlıq koronavirus yardımı səbəbindən, əsasən, süni xarakter daşıyır. Ödənişlər sentyabr ayında dayandırılacaq. Payıza kimi peyvənd fonunda aviauçuşlar və hotellərdəki yerlər bərpa olunsa, turizm də inkişaf etməyə başlayacaq.
Əlbəttə ki, bunun ardınca gələn inflyasiyanı da yaddan çıxartmaq olmaz. Mart ayında ABŞ-da istehlak qiymətləri illik ifadədə 5 faiz artıb ki, bu da 2008-ci ilin avqustundan bu yana rekord göstərici sayıla bilər. Hər şey bahalaşıb: geyim, məişət texnikası, avtomobil. Ancaq FRS-in rəhbəri Cerom Pauell əmindir ki, bu, müvəqqəti xarakter daşıyır.
Tənzimləyici qurumun analitiklərinin proqnozlarına görə, ilin yekunlarına əsasən, inflyasiya 3,4 faiz təşkil edəcək. 2022-ci ildə isə – 2,1 faiz inflyasiya proqnozlaşdırılır.
Cerom Pauell əmək bazarının perspektivlərini də müsbət qiymətləndirir. Yaxın aylarda yeni iş yerlərinin sayının artacağı gözlənilir. May ayında boş iş yerlərin sayına görə rekord qeydə alınıb – 9 milyondan artıq. Əsas odur ki, əvvəlki məşğulluq səviyyəsinə qayıtmaq üçün sürət aşağı düşməsin. Buna vaksinasiya prosesi və ümumilikdə pandemiya amillərinin zəifləməsi öz təsirini göstərib.
Tənzimləyici qurumun rəhbərinin qiymətləndirməsinə görə, 2021-ci ildə işsizlik göstəricisi 4,5 faizə düşəcək.
"Tez-tez koronavirus böhranı ilə müqayisə olunan böyük böhran bir daha təkrarlanmayacaq. İnflyasiya tədricən stabilləşəcək. Sadəcə olaraq, şişirdilmiş fond bazarından FRS-in pul vəsaitlərinin çıxarılmasına başlanılacaq", – deyə Maliyyə Vasitələrinin İdarə Olunması üzrə Məktəbin şöbə müdiri Mixail Korqan vəziyyəti izah edir.
Amerikaya çatmaq və onu ötmək
Bir qayda olaraq, enişi yüksəliş əvəz edir və indi bu proses müşahidə olunur. Beynəlxalq Valyuta Fondu bildirib ki, qlobal iqtisadiyyat gözləniləndən daha sürətlə bərpa olunur. Çin artıq bütün əsas oyunçuları qabaqlayaraq böhrandan əvvəlki böyümə nisbətinə qayıdıb. Amerikalılar da bu fürsəti əldən verməyəcəklər. ABŞ-ın yeni iqtisadi dövrdə irəliləməsi üçün öz resursları var.
Rusiya da pandemiyanın nəticələri ilə mübarizə aparır. Əhalinin və biznesin dəstəklənməsinə 2,5 trilyon rubl vəsait ayrılıb ki, bu da federal büdcənin 10 faizinə bərabərdir.
Ancaq hələlik kiçik biznes və xidmət sahəsində çətinliklər aradan qalxmayıb. Yanvar-aprel ayları ərzində ölkədaxili aviauçuşlar 2019-cu ilin göstəricilərini üstələyib.
"Təxminən iki il də dözmək lazım gələcək. Müəssisələrin çoxu zərər gördü, əksəriyyət iş yerindən məhrum oldu. İlin birinci yarısında fəaliyyətini dayandıran hüquqi şəxslərin sayı yeni qeydiyyata alınanları üstələdi", – deyə Mixail Koqan bildirir.
Rusiyada inflyasiya problemi isə ABŞ-dan heç də geri qalmır. Rusiya Dövlət Statistika Komitəsinin məlumatına görə, iyun ayında istehlak mallarının qiyməti illik ifadədə 6,5 faiz artıb. Bu 2016-cı ildən bəri ən yüksək göstəricidir. Ən çox tərəvəz məhsulları və tikinti malları bahalaşıb.
Ancaq mayda vəziyyət daha acınacaqlı olub. Bununla belə, Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikovun sözlərinə görə, "inflyasiya artımının "nəfəsi kəsilmək üzrədir". Qurum belə hesab edir ki, iyulda son mənfi göstəricilər qeydə alınacaq, avqustdan etibarən isə artıq qiymətlərin aşağı düşməsi müşahidə olunacaq.
Ancaq analitiklər bu qədər nikbin ola bilmirlər: ilin sonlarına doğru dinamika pisləşə bilər. İnflyasiya təzyiqi həm daxili, həm də xarici kanallar vasitəsilə artır. Odur ki Rusiya Mərkəzi Bankının iyul ayında əsas faiz dərəcəsini bir daha artıracağı istisna olunmur.
Qeyd edək ki, iyunun 11-də tənzimləyici qurum bu göstəricini 5 faizdən 5,5 faizə qaldırmışdı, 2022-ci ilin əvvəllərində isə 7 faizə çata bilər.
İqtisadçıların fikrincə, bu şərtlər daxilində hökumət vergi manevrlərini yaxşıca götür-qoy etməli və yeni məhdudlaşdırıcı tədbirlər barədə düşünməlidir. Real gəlirlərin artımı ölkənin az-çox özünə gəldiyindən xəbər verir. Ancaq hələlik pul kisələri sürətlə boşalır. İlin birinci rübündə göstəricilər 2014-ci ilin böhran dövrü ilə müqayisədə 9,5 faiz aşağı olub.