Dünyada gedən qlobal proseslər Xəzərdə regional əməkdaşlığın artırılması, bölgə dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsini şərtləndirir – bu fikri iyulun 9-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən onlayn Dəyirmi Masada iqtisadçı, UNEC-in professoru Elşad Məmmədov səsləndirib.
Qarşılıqlı investisiyaların cəlb olunması
Məmmədov belə hesab edir ki, bölgənin geniş tranzit imkanlarına baxmayaraq, Xəzəryanı dövlətlər, ilk növbədə, yeni investisiyaların cəlb olunması barədə düşünməlidir.
"Region ölkələri də böyük investisiya potensialına sahibdir, ancaq bu gün Xəzərə qarşılıqlı yatırımların həcmi bu potensialdan çox aşağıdır", – deyə ekspert vurğulayıb.
Elşad Məmmədov belə hesab edir ki, bölgənin inkişafı üçün regional korporasiyaların cəlb olunması vacibdir.
O qeyd edib ki, iqtisadiyyatın tək yönlü inkişafına səbəb olan xammal satışına əsaslanmaqdansa, daha çox müasir texnologiyalara vəsait yatırmaq lazımdır.
Ənənəvi sənaye sahələrində, məsələn, neft-qaz sektorunda neft və qaz emalı məhsullarının, yüksək əlavə dəyərə malik məhsulların istehsalını inkişaf etdirmək lazımdır və bütün məsələlərdə bölgə ilə qarşılıqlı əlaqələrə diqqət yetirmək vacibdir.
Məhz regional iqtisadi əməkdaşlıq ölkə iqtisadiyyatının inkişafına təkan verə bilər. Əgər texnologiyalar və neft məhsulları sənayesi inkişaf etdirilərsə, bazar da genişlənər ki, bu halda da Xəzəryanı bölgə bizim üçün prioritet əhəmiyyət kəsb edir.
O eləcə də maliyyə sahəsində proqnozlaşdırıla bilən və sabit makroiqtisadi vəziyyətin yaradılmasının vacib olduğunu da vurğulayıb və bu məqsədlə qarşılıqlı hesablaşmalarda milli valyutalara keçidi düzgün addım hesab edir.
"Vəziyyət göstərdi ki, qarşılıqlı hesablaşmalarda dollara güvənmək risklidir və bu istiqamətdə kritik qərarlar qəbul etməyə dəyər. Milli valyutalara keçid haqqında düşünməliyik, bu makroiqtisadiyyatın proqnozlaşdırılmasına imkan verəcək", – deyə professor qeyd edib.
Nəqliyyat marşrutları və ticarət dövriyyəsi
Yeri gəlmşikən, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev tərəfindən Xəzəryanı ölkələrdə müvafiq layihələrə dəstək verəcək regional infrastruktur bankı və korporasiya yaratmaq fikri irəli sürülmüşdü.
Bölgənin nəqliyyat və logistika sahəsində böyük potensiala malik olduğunu Nursultan Nazarbayev Fondu yanında Dünya İqtisadiyyatı və Siyasət İnstitutunun mütəxəssisi Lidiya Parxomçik də qeyd etmişdi. Onun verdiyi məlumata görə, 2020-ci ildə Xəzər regionu ölkələri arasındakı ticarətin ümumi həcmi 20 milyard dolları keçib və bunun üçdə ikisi Rusiya ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsinin payına düşür. Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin bölgənin ümumi ticarət dövriyyəsində payı 10%, Rusiya və İranın payı isə 8% təşkil edir.
Bununla belə, mütəxəssisin fikrincə, hazırda bölgənin əhəmiyyətli tranzit potensialı nəzərə alınmaqla, Xəzər dənizinin limanları kifayət qədər yüklənmir. Bunun səbəbləri sırasında isə o, neft nəqlinin gəmilərlə deyil, xüsusilə də Qazaxıstanda boru kəmərləri vasitəsilə həyata keçirilməsini və bunun nəticəsində konteyner daşınmasına yönəlməni qeyd edib.
"Beləliklə, keçən ilin nəticələrinə görə, Transxəzər nəqliyyat marşrutu üzrə 21 min konteyner (layihədə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edir) daşınıb, halbuki Qazaxıstan və Rusiya ərazisindən keçərək şimal marşrutu ilə nəql edilən konteynerlərin sayı 550 minə çatıb", – deyə Lidiya Parxomçik rəqəmləri müqayisə edib.
Sərbəst iqtisadi zonalar və "yaşıl enerji"
Aleksandr Karavayev, eyni zamanda ölkələrin bir-birlərinin istehsalına və məhsullarına diqqət yetirmələrinin, mövcud iqtisadi aktivliyin koordinasiyası yolu ilə irəliləmələrinin vacibliyinə də diqqət çəkib.
"Dəniz limanlararası kommunikasiyası bir-birinin məhsuluna əsaslanan sənaye zonalarının yaradılmasını diktə edir. Bu baxımdan sərbəst iqtisadi zonalar daha çox əhəmiyyət kəsb edir", – deyə ekpert vurğulayıb.
O, ölkələrin hər birinin ayrı-ayrılıqda bu istiqamətdə artıq iş apardıqlarını da diqqətə çatdırıb - Rusiya, Qazaxıstan, Azərbaycan və İranda Sərbəst İqtisadi Zonalar yaradılıb və ya yaradılmaqdadır. Karavayevin sözlərinə görə, bu zonalarda mənzil tikintisi, polimerlərin istehsalı ilə bağlı layihələr həyata keçirmək də məqsədəuyğundur.
Rusiyalı alimin mülahizəsinə görə, ölkələrin həll etməli olduğu daha bir məsələ alternativ enerji mənbələrinin istehsalı, "yaşıl enerji" sahəsini inkişaf etdirməkdir.
"Avropa İttifaqının alüminium məhsulları ixracatçılarına karbon qazı tullantıları səbəbindən vergi tətbiq etməsi nəticəsində Rusiya və Qazaxıstan birbaşa "yaşıl enerji" problemi ilə qarşı-qarşıya qala bilərlər", – deyə o bildirib və sözügedən tendensiya yaxın gələcəkdə Azərbaycana da təsir göstərə bilər.
Karavayevin sözlərinə görə, müstəqil şəkildə alternativ enerji layihələri gerçəkləşdirən region ölkələrinin birləşmiş "yaşıl enerji generasiyası" haqqında düşünmələrinin vaxtı gəlib çatıb.
"Bu sahədə həyata keçirilən və planlaşdırılan layihələrə əsaslanan hesablamalar göstərir ki, 3-5 il ərzində Aİ-nin tətbiq edəcəyi ixrac vergisini kompensasiya edəcək səviyyəyə gəlib çatmaq mümkündür. Xəzər bölgəsinin buna potensialı var", – deyə o bildirib.
Bundan başqa, "yaşıl enerjinin" inkişafı yerli kadrların yetişdirilməsinə imkan verəcək, ölkələr özü onları işlə təmin edəcək və beləliklə, bütövlükdə bölgəni təmin etmək mümkün olacaq.